Ölkəmizin Avropada ən yaxın dostlarından biri olan Macarıstanla əlaqələri tarixən yaxın və mehriban tellərlə sıx bağlıdır. Hələ XV-XVII əsrlərdə Ağqoyunlu və Səfəvi dövlətləri ilə Macar krallıqları arasında diplomatik əlaqələr və ticarət münasibətləri mövcud olmuşdur. Macarlar özlərini Hun hökmdarı Atillanın nəslindən hesab edirlər və macar xalqı hun-türk köklərinə bağlıdır. Bunun nəticəsidir ki, tarixin bütün dövrlərində Macarıstan Türk dövlətləri ilə siyasi, elmi-mədəni proseslərdə ortaq mövqe sərgiləmiş, etibarlı dost kimi tanınmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti ilə Macarıstan arasında da yaxın siyasi diplomatik münasibətlərin qurulması da bu tarixi dostluğun qürurverici səhifəsini təşkil edir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu öndər Heydər Əliyev Şərqi Avropada ən yaxın dost ölkə kimi Macarıstanla münasibətlərə xüsusi önəm verib. Cənab Prezident İlham Əliyevin də xarici siyasət kursunda Macarıstan ilk yerlərdən birini tutmuş, yaradılmış güclü siyasi dialoq və strateji əməkdaşlıq sayəsində əlaqələr ən yüksək zirvəyə yüksəlib.
Macarıstanın Baş nazuiri Viktor Orban Azərbaycan və Türk xalqının həqiqi əvəzolunmaz dostuna çevrilib. Təsadüfi deyil ki, V.Orban Azərbaycanı öz doğma Vətəni adlandırır. Eləcə də Cənab İlham Əliyev Macarıstanı öz doğma evimiz hesab etdiyini bildirir.
Azərbaycan və Macarıstan arasında mədəni və humanitar əlaqələrin inkişafında Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti də mühüm yer tutur. Onun rəhbərli olduğu Heydər Əliyev Fondu Macarıstan mədəni-tarixi irsininin bərpasında və mədəniyyətlərarası dialoqun inkişafında çoxsaylı layihələrə imza atıb. 2016-cı ilin martın 6-da Azərbaycana səfər edən Viktor Orbanın Mehriban Əliyevanı “Macarıstanın Xidmətlərə görə Komandan Xaçı” ordeni ilə təltif etməsi bu ali diqqətin təzahürüdür.
Macarıstan sadiq və strateji tərəfdaş kimi həmişə beynəlxalq təşkilatların Azərbaycanla bağlı müzakirələrində birmənalı olaraq ölkəmizi dəstəkləmiş, Ermənistanın təcavüzkar siyasətini pisləmiş, təsadüfi deyil ki, Azərbaycan dövlətini təhqir etmiş təxribatçı erməni zabitini öldürən Ramil Səfərovun beynəlxalq təzyiqlərə rəğmən, Azərbaycana ekstradisiyasını tıəmin edən rəsmi Budapeşt bu qətiyyəti ilə əsil dostluq nümunəsini nümayiş etdirmişdir.
44 günlük Vətən müharibəsində Azərbaycanın yanında yer almışdır.
Bu gün yenidən qurulan Qarabağ və Şərqi-Zəngəzurda Azərbaycanla birgə çalışmaq, bu quruculuğa töhfə vermək istəyən ölkələr sırasında yenə də Macarıstanın fəal yer almaq istəyini görməkdəyik. Avropanın Birliyinin ilk ölkəsi olaraq Şuşa şəhəri ilə qardaşlaşması Macarıstanın bir daha Türk genetikasına, ortaq tarixi köklərə bağlılığından xəbər verir.
Macarıstan davamlı olaraq Türk Dünyasının birgə layihələrində yaxından təmsil olunmaqla faktiki olaraq Türk dövlətlərinin ortaq maraqlarını ifadə edir, Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi üzv olmasına baxmayaraq, birgə layihələrdə təmsil olunub, özünü Türkdilli ölkə hesab edərək Türk Ailəsinin ayrılmaz üzvünə çevrilib. Budapeştdə TDT-nin Nümayəndəlik Ofisinin və Avropa Nümayəndəliyinin açılması bunun ən bariz nümunəsidir. Həmçinin, Ankara şəhərindəki prospektlərdən biri “Macarıstan” adını daşıyır.
Rəsmi Budapeşt əsil etibarlı müttəfiq olmasını bəzi dövlətlərin Azərbaycan və Türkiyəyə qarşı ədalətsiz davranışlarına qarşı prinsipial mövqe ilə nümayiş etdirməklə də təsdiqləyib. Hətta Avropa Birliyi və Avropa Şurası buna görə, dəfələrlə Macarıstanın özünə qarşı ədalətsizlik edib. Ancaq Macar hökuməti bu cür təpkilərə baxmayaraq Türk dövlətlərinə sadiqliyindən bir addım geri çəkilməyib.
Bu günlərdə Azərbaycanın İrandakı səfirliyinə amansız terror aktını qətiyyətlə pisləyərək bu qanlı hadisəyə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsini tələb edən ölkələrdən biri də məhz Macarıstan oldu.
Hesab edirəm ki, bu gün regionda baş verən geosiyasi proseslər və yaranmış yeni reallqlar Azərbaycan və Macarıstan arasında strateji müttəfiqliyin də dərinləşməsini labüd edir. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin yanvarın 29-u və 30-da Macarıstana səfəri iki ölkə arasında əlaqələrin perspektivləri üçün yeni səhifə açacaq.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki