Yaşıl enerji ilə bağlı konsepsiyalar da artıq Bakıda müzakirə olunur. Ötən həftə Məşvərət Şurası çərçivəsində Nazirlərin 1-ci iclasının Bakıda keçirilməsi ilk növbədə Azərbaycanın dünyada artan nüfuzunu nümayiş etdirdi.
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurasının ilk toplantısının 9 il əvvəl Bakıda keçirildiyini bildirən deputat mötəbər tədbirə qatılan iştirakçıların sayının ilbəil artdığını diqqətə çatdırıb. Azərbaycanın uğurlu təşəbbüskarlığının yüksək qiymətləndirilməsinin təsadüfi olmadığını vurğulayan K.Nurullayeva deyib: “Reallıq bundan ibarətdir ki, Azərbaycan bu gün ciddi enerji böhranı ilə üzləşmiş Avropa üçün xilaskara çevrilib. Prezident İlham Əliyevin də söylədiyi kimi, CQD Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çox şey dəyişib. Enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması olduqca vacibdir. Bu vaxta qədər əldə olunan uğurlardan biri də hər şeyin vaxtında edilməsi oldu. Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar olsa da, işlər davam etdirilir. Hasilatı artırmaqla yanaşı, ixrac da artır və həmçinin onun coğrafiyası da genişlənir”.
Deputat qeyd edib ki, bu gün uğurlu enerji siyasəti reallaşdıran Azərbaycan Avropanın enerji bazarında mühüm faktora çevrilib. Bu vaxta qədər əldə olunan uğurlu təcrübə, yaşıl enerji potensialının düzgün istiqamətləndirilməsi ölkəmizin cəlbediciliyini daha da artırır. Çünki Azərbaycan, həmçinin çox böyük yaşıl enerji potensialına malikdir. Ölkəmizin dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı isə 27 qiqavatdır. Həmçinin Vətən müharibəsi zamanı işğaldan azad etdiyimiz torpaqlarda enerji potensialı 10 qiqavata yaxındır. Bu potensial yaşıl enerji sahəsində də uğurlu əməkdaşlığın davam etdirilməsini şərtləndirir.
Təbii qaz və bərpaolunan enerji istiqamətində Bakı platformasının əhəmiyyətini vurğulayan deputat deyib: “Əsas hədəf təbii qaz və bərpaolunan enerji imkanları arasında səmərəliliyin artırılmasına əsaslanan qarşılıqlı əlaqə yaratmaqdır. Bakı platforması bu istiqamətdə səmərəli nəticə əldə etmək üçün olduqca əlverişlidir. Prezident İlham Əliyevin də söylədiyi kimi, bizim güclü siyasi iradəmiz var. Məhz bu iradə potensialı real imkanlara çevirməyə zəmin yaradır.
Beləliklə, Məşvərət Şurası toplantılarının keçirilməsi bir daha Azərbaycanın Avropa üçün əhəmiyyətli ölkə olduğunu təsdiqlədi”.(azərtac)