"Münhendə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birgə görüşünün səmərəli keçməsi bir neçə aspektdən əhəmiyyətlidir. Birincisi, hər iki liderin - istər İlham Əliyevin, istərsə də Nikol Paşinyanın ABŞ və Avropa İttifaqının (Aİ) timsalında Qərbin vasitəçiliyinə müsbət yanaşması xüsusilə qeyd olunmalıdır. İkincisi, Vaşinqton və Brüsselin öz vasitəçilik təşəbbüslərini davam etdirməsi Cənubi Qafqazda sülh proseslərinin nizama salınmasında Rusiyanın inhisarçılıq cəhdlərinin qarşısının alınması baxımından olduqca önəmlidir. Kremlin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələsini öz monopoliyasında saxlamaq və prosesi süni surətdə ləngitmək niyyətləri baş tutmayacaq".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. Partiya sədrinin sözlərinə görə, digər vacib məqam isə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif etməsi ilə bağlıdır:
"Belə ki, təklifə əsasən Ermənistan-Azərbaycan sərhədində (Laçın yolunda) ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Azərbaycan Prezidenti üçtərəfli görüşdən sonra Münhendə televiziya kanallarına müsahibəsində bu təklifi dəyərləndirərkən haqlı olaraq qeyd etdi ki, "bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır”.
MHP sədrinin sözlərinə görə, bu təklifin irəli sürülməsi bir daha onu göstərir ki, Laçın yolunun sonunda sərhəd və gömrük xidmətinin fəaliyyətə başlamasını təmin etmək Bakı üçün prioritet istiqamətlərdən biri sayılır və Nikol Paşinyanın bu təklifi qəbul etməyə meylli olub-olmamasından asılı olmayaraq Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin yaradılacağı labüddür:
"İrəvan bu təklifi geri çevirə bilməz. Əgər Ermənistan Zəngəzur dəhlizi istiqamətində sərhəd-gömrük postları təsis edibsə və Azərbaycan vətəndaşlarının həmin dəhlizdən istifadə edərkən sənədlərinin yoxlanılacağı bəyan edilibsə, deməli, biz də buna adekvat olaraq Laçın yolu vasitəsilə Azərbaycan ərazisinə və ya Ermənistana keçmək istəyənlərin sənədlərinin yoxlanılacağını bildirməliyik. Dövlət başçımızın Münhen görüşündə belə bir təklifi səsləndirməsi də Bakının bu məsələdə qərarlılığını göstərir. Bu belə də olmalıdır və biz bu mövqeyi dəstəkləyirik. 2020-ci il 10 noyabr bəyanatının şərtlərinə əsasən Azərbaycan ilə Ermənistan arasında nəqliyyat-kommunikasiya xəttlərinin açılması eyni prinsiplər üzərində həyata keçirilməlidir. Burada ermənilərə hər hansı bir güzəştdən söhbət belə gedə bilməz. Ermənistan bizim prinsipial mövqeyimizlə razılaşmalıdır".
Mehman