Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında sülh və təhlükəsizlik, regional əməkdaşlıq, Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində davam etdirilən səylər və digər mövzularda qətiyyətli və əsil liderə xas məharəti diqqəti cəlb etdi.
Əvvəlcə Azərbaycan Prezidentinin konfransdan əvvəl dünya liderləri ilə görüşlərdə olduqca qətiyyətli və lakonik bəyanatları diqqəti çəkdi.
İlk olaraq, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə təkbətək görüşdə Azərbaycanın Brüssel danışıqlarına sadiqliyini ifadə edərək üçtərəfli formatın sülh gündəliyi üçün əsas həll yollarından biri olduğu xatırladıldı.
İlham Əliyev “Ermənistanın yanında dayanmağa davam edəcəyik” fikri açıq tərəf tutan Emmanuel Makronun sülh prosesinin “dörd tərəfli” formata daşımaq kimi məkirli planını darmadağın edərək Fransanın geosiyasi oyunçu olmadığını və masada yer almadığını əlinin tərsi ilə rədd etdi, öz müdrik davranışını nümayiş etdirdi. Fransasız yola davam etməyin mümkünlüyünü, sülh sazişinin imzalanmasında Azərbaycanın diqtə etdiyi şərtlərin geridönməz olduğunu bəyan etdi.
Cənab Prezident bununla da Paşinyan-Makron cütlüyünün qəbuledilməz təşəbbüslərinin Brüssel formatıına zərər vurduğunu və gərginliklərə yol aça biləcəyini bəyan etməklə bundan zərər çəkən ölkənin Ermənistan olacağını da xatırlatdı. Bu ritorika Münhendə hər bir tərəfə öz həddini bilməyə və dərs çıxarmağa kifayət edir.
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Nikol Paşinyanla birgə keçirilən görüşdə də Azərbaycan dövlətinin prinsipail və haqlı mövqeynini bir daha xatırlatdı. Sülh müqaviləsinin beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməli olduğunu diqqətə çatdırmaqla rəsmi Vaşinqtondan hansısa kömək istəyən Ermənistanın və onu müdafiə edən ölkələrin heç nəyə ümid bəsləməməsini açıq və konkret mövqe ilə möhürlədi.
Münhen Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclasda isə Azərbaycan Prezidenti 3 il əvvəl olduğu kimi Ermənistanın baş naziri Nikol Paşinyana əsil dərs keçdi.
Azərbaycan Prezidenti Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları dünyanın siyasi masasına gətirərək Ermənistanı və onun arxasında dayanan güclərə “Dağlıq Qarabağ” anlayışının leksikondan silildiyini, yeganə məfhum kimi Qarabağ ifadəsinə istinad edildiyini anlatdı. Ermənistanın Qarabağ bölgəsindən tamamilə kənar və lüzümsuz coğrafiya olduğunu xatırlatdı. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var və burada yaşayan Azərbaycan vətəndaşı olan ermənilər mövcuddur.
Azərbaycan Prezidenti Laçın dəhlizində son 2 ayda humanitar böhranın yaranması barədə Ermənistanın beynəlxalq səviyyədə uydurduğu süni ajiotajı da darmadağın edərək kontr-arqumentlər və faktoloji sübutlarla bu mövzuya da nöqtə qoydu.
Cənab İlham Əliyev Laçın dəhlizində Azərbaycanın nəzarət postları quraşdıracağını və bu kommunikasiyadan istifadə edən ermənilərin, digər ölkə vətəndaşlarının Azərbaycanın hərbi və mühafizə orqanları tərəfindən yoxlanılacağını, bununla da bölgəyə qanunsuz silah və digər malların daşınmasına yol verilməyəcəyini bəyan etdi. Bununla da həmin dəhlizlə bağlı hüquqi-siyasi tənzimləmənin və bölgəyə nəzarətin yalnız Azərbaycanın əlində olduğuna Nida işarəsi qoydu.
Azərbaycannın dövlət başçısı Zəngəzur dəhlizi ilə bağlı mövqeyini də açıq və qəti tərzdə konkretləşdirdi: “Zəngəzur dəhlizi açılmalıdır, bu dəhliz Laçın dəhlizi ilə eyni rejimlə işləməlidir”. Ermənistanın həmin dəhlizdən imtina etməsi əks halda Laçın dəhlizi ilə hərəkətə də birdəfəlik nöqtə qoya bilər.
Cənab Prezident ATƏT-in Baş katibi xanım Helqa Maria Şmid ilə görüşdə də Azərbaycanın regiondakı əməkdaşlıq və təhlükəsizlik, sülhün möhkəmlənməsi və digər mövzularda da prinsipal mövqeyini ortaya qoyaraq “Minsk qrupu” kimi xülyaların arxivə göndərildiyini, Azərbaycanın yeni reallıqlar yaratdığını, dünya birliyinin bununla barışmalı olduğunu bəyan etdi.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki