Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: “Qlobal Bakı Forumu nüfuzlu beynəlxalq platformaya çevrilib”

Jalə Əhmədova: “Qlobal Bakı Forumu nüfuzlu beynəlxalq platformaya çevrilib”


Prezident İlham Əliyev bir neçə gün əvvəl martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumundakı çıxışında gündəmin bir sıra aktual məsələlərinə toxundu.

Bu gün Qlobal Bakı Forumu bir sıra mühüm məsələlərin müzakirə olunduğu aparıcı beynəlxalq forumlardan birinə çevrilib. Forumun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı da aparıcı beynəlxalq konfranslara uyğundur. Tədbirdə 60 ölkədən 350 nəfər iştirak edirdi. Onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident və baş nazir vardı.

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Forumdakı çıxışında bildirdi ki, Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir. Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olunub. Cənab Prezident bu faktları sadalamaqla bir daha Nizami Gəncəvinin Azərbaycan mədəniyyətinin ayrılmaz parçası olduğunu diqqətə çatdırdı.

Forumda Azərbaycanın Qoşulmama Hərəkatında 2019-cu ildən bəri üzərinə götürdüyü sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər, Qoşulmama Hərəkatının canlandırılması üçün gördüyü işlər, təşkilatın institusional inkişafını təmin etmək üçün ölkəmizin təşəbbüsü ilə Parlament Şəbəkəsinin yaradılması yüksək qiymətləndirildi.
Cənab Prezident Forumdakı çıxışında bir daha Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin imzalanması perspektivindən danışaraq, bildirdi ki, hazırda sülh üçün vaxt yetişib. Çoxkonfessiyalı və çoxmillətli ölkə olan Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq.

Prezident İlham Əliyev Forumdakı çıxışında onu da diqqətə çatdırdı ki, ötən ilin iyunundan etibarən enerji təhlükəsizliyi məsələlərində xeyli hadisələr baş verib. Əvvəlcə, Azərbaycan və Avropa Komissiyası Enerji Sahəsində Anlaşma Memorandumunu imzalayıblar. Azərbaycan Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırıb. Cənub Qaz Dəhlizi istismara verilib.

Bu gün Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra biz qaz təchizatı və ya onun artırılması ilə bağlı 10-dan artıq Avropa ölkəsindən müraciət almışıq və onun üzərində işləyirik.

Ötən ilin dekabrında isə Buxarestdə əlamətdar hadisə baş verdi - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Avropa Komissiyası Sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə dair Saziş imzaladılar. Onun əsasında Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xətti çəkiləcək və həmin ötürmə xəttinin bir hissəsi Qara dənizin dibi ilə gedəcək. Avropanın enerji xəritəsində mühüm dəyişiklik olacaq. Biz Avropanın enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə artıq dəyişmişik, indi isə növbə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir.

Bundan başqa, Azərbaycan yaşıl hidrogeni də ixrac etməyi planlaşdırır. Xəzər dənizində bizim külək enerjisi potensialımız 157 qiqavatdır. Buraya quruda olan daha 40 qiqavat potensialı da əlavə etmək olar.

Ötən il Azərbaycan ərazisindən keçən tranzitin həcmi də 75 faizdən çox artıb. Hazırda bir çox ölkə daşımaların təhlükəsizliyini təmin edəcək yeni marşrutlar axtarışındadır və həmin yeni marşrutlardan biri Azərbaycandan keçir.
Bütün bunlar ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu günbəgün daha da artırmaqdadır.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş