Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir -ÖZƏL

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir


“Almaniya bütün sahələrdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə tərəfdar olduğunu göstərmiş oldu”. Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri ilə əlaqədar danışarkən deyib. O bildirib ki, Azərbaycanın xarici siyasətində Avropa ölkələrinin xüsusi yeri vardır:

"Ölkəmiz tərəfindən Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir. Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədin mövcudluğu onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir. Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə isə Almaniyanın Azərbaycanda səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib".

Yusif Bağırzadə qeyd edib ki, Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir və eləcə də Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır:

"Bu baxımdan rəsmi Bakı Avroatlantik məkana inteqrasiya və Avropa Birliyi ilə sıx əməkdaşlıq prosesində Almaniyanın dəstəyinə xüsusi önəm verir. Almaniya Federativ Respublikası isə dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə olmaqla Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır.
Almaniya dünya siyasətində öz yeri və rolu olan ölkə olduğu üçün bu səfər xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin martın 13-də Almaniya Federativ Respublikasına işgüzar səfəri, səfər çərçivəsində keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər, səsləndirilən fikirlər də deyilənləri təsdiq edir. 30-a yaxın almaniyalı iş adamı ilə iki saata yaxın davam edən görüşdə ölkəmizdə mövcud biznes imkanlarından geniş bəhs olundu. Dövlət başçısı İlham Əliyev Almaniya iş adamlarını Azərbaycana dəvət etdi. Bildirdi ki, hazırda ölkəmiz yeni inkişaf dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Dövlət başçısı İlham Əliyev ilk gündən dost ölkələrin bu prosesdə iştirakına xüsusi önəm verildiyini də diqqətə çatdırdı. Artıq məlumdur ki, Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərir və bununla bağlı müraciətlər də var. İş adamları ilə görüşün vacib məqamlarından biri də bərpa olunan enerji mənbələri ilə bağlı oldu. Hazırkı dövrün əsas çağırışları sırasında bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması olduğundan dövlət başçısı İlham Əliyev almaniyalı iş adamları ilə görüşündə ölkəmizin bu sahədə mövcud imkanları barədə də ətraflı məlumat verdi. Bildirdi ki, təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir və artıq bir neçə kontrakt imzalanıb. Belə bir əminlik ifadə edildi ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcək. Bütövlükdə ölkəmizin Almaniya ilə iqtisadi əlaqələri yüksələn xətlə inkişaf edir. Enerji sektorunda əməkdaşlığın inkişaf səviyyəsi göz qabağındadır. Ötən ilin iyulunda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ümumilikdə üzv dövlətlərlə bu sahədə əlaqələrin inkişafına stimul verəcək".

Politoloq qeyd edib ki, dövlət başçısının keçirdiyi bütün görüşlərdə, mətbuata bəyanatında, media nümayəndələrinin suallarını cavablandırarkən əsas diqqət göstərdiyi məsələlərdən biri də təhlükəsizlik məsələsi oldu:

"30 illik işğal və postmünaqişə dövrünün reallıqları barədə geniş məlumat verən Prezident İlham Əliyev bu fikri xüsusi qeyd etdi ki, vaxtilə Qarabağı Ermənistan kimi tanıyan Ermənistan rəhbərliyi sülh şansını itirmişdir. 2019-cu ildə Ermənistanın bugünkü baş naziri demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə” və bu, faktiki olaraq sülh danışıqlarına vurulan ən böyük zərbə idi. 44 günlük Vətən müharibəsi zamanı biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Biz bu nida işarəsini 2020-ci il noyabrın 8-də Şuşada qoyduq. İndi isə sülhün zamanı çatıbdır. Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq, nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaq.
Almaniya səfərinin xüsusi əhəmiyyət daşıyan məqamlarından biri də Kansler Olaf Şoltsun Prezidenti İlham Əliyevlə keçirdiyi mətbuat konfransında “Beynəlxalq səviyyədə Almaniya öz fikrini bildirdi və Dağlıq Qarabağı respublika kimi tanımadı. Yəni, bununla da öz mövqeyini ortaya qoydu”- sözlərini deməsi oldu. Prinsip etibarilə bu, Paşinyanın Almaniyaya səfəri zamanı Azərbaycan əleyhinə açıqlamalar verməsinə bir cavabdır. Yəni Almaniya bununla Fransadan fərqli olaraq iki ölkə arasında sülhün əldə edilməsində tərəfsiz konstruktiv ölkə ola biləcəyi mesajını verir və Bakının daxili işlərinə qarışmaq niyyətində olmadığını göstərir".

Anar
Xəbəri paylaş