Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilər XX əsrin sonlarında da azərbaycanlıların misli görünməmiş soyqırımını həyata keçiriblər

Ermənilər XX əsrin sonlarında da azərbaycanlıların misli görünməmiş soyqırımını həyata keçiriblər


Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı imzalamasından 25 il keçir. Həmin fərmana əsasən 31 mart - Azərbaycanlıların soyqırımı günü elan olundu. Qeyd edək ki, bu sənədin ermənilər və onların tarixi havadarlarının yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında rolu böyük və əhəmiyyətlidir. Fərmanda deyilir: “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamaış soyqırımıda tarixin belə açılmamış səhifələrindən biridir”.

Xalqımıza qarşı 1918-ci ildə törədilmiş mart soyqırımı kimi faciəli bir tariximizin Sovet tarixşünaslığında ört-basdır edilməsi və saxtalaşdırılması, təkcə tarixi bir anın unudulması demək deyildir. Bu xalqımıza qarşı düşmən münasibət bəsləyən erməni xislətinin gizlədilməsi oldu.Bu isə özlüyündə 20 əsrin sonlarında da yeni –yeni qanlı səhifələrin açılmasına gətirib çıxardı.

Yəni, soyqırımın birinci növbədə milli düşmənçilik zəminində türklərə, daha sonra Türk dünyasının tərkib hissəsi olan azərbaycanlılara qarşı yönəldilməsi mərhələ-mərhələ araşdırılmalı, türk-Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq ideyalarının ermənilərin beyninə yeridilməsinin səbəbi və şəraiti, öz xeyirlərinə tarixi saxtalaşdırmaları xalqımıza, dünya ictimaiyyətinə çatdırılmalı, onların bu iyrənc arzu və istəkləri açıqlanmalıdır.
Yaranmış tarixi şəraitdən istifadə edən ermənilər XIX əsrin 60-90-cı illərində Türkiyədə və Zaqafqaziyada gizli erməni cəmiyyətləri yaratmağa başlayıblar. 1885-ci ildə “Armenikan inqilabçı partiyası” və “Armeniya” qəzeti təsis edilib. 1887-ci ildə “Hnçaq”, 1890-cı ildə “Daşnaksütyun” partiyaları yaradılıb. Belə ki, ermənilərin ən qanlı təşkilatı sayılan “Daşnaksütyun” və “Erməni inqilabı cəmiyyətləri federasiyası” 1890-cı ildə Tiflisdə təsis olunub. Liderləri erməni şovinistləri Mikelyan, Zavaryan, Rostom (S.Zorin) və başqaları idi.

Ermənilər XIX əsrin 90-cı illərində qiyamlar törətməklə qırğınlar həyata keçiriblər. Həmin dövrdə İstanbulda Fransa səfiri olmuş Kaban 1894-cü ildə erməni məsələsini təsvir edərək yazırdı ki, müstəqil Ermənistan yaratmaq haqqında heç düşünməyə dəyməz, çünki ermənilərin digər xalqlardan az-çox üstün olduğu ərazi tapmaq mümkün deyil, ermənilər Türkiyənin dörd tərəfinə səpələnibdir. 1894-cü ildə Sasunda ermənilər qiyam qaldıraraq türklərin kütləvi qırğınını apardılar və car çəkdilər ki, guya bu zaman türk hökuməti tərəfindən 10 min erməni öldürülüb.

Ən dəhşətli olaylar isə 1918-ci ilin mart ayının 30-31-i və aprel ayının ilk günlərində Bakıda baş verdi. Bakıda soyqırımı planı hələ 1917-ci ildə “Daşnaksütyun” partiyası və Erməni Milli Komitəsi tərəfindən hazırlanırdı. Onlar dəfələrlə müsəlmanları bolşeviklərə qarşı silahlı çıxışa təhrik etməyə cəhd göstərirdilər. Fitnəkarlıq yalnız 1917-ci ilin dekabrında Rusiya Xalq Komissarları Sovetinin sədri V.İ.Leninin S.Şaumyanı Qafqazın fövqəladə komissarı təyin etdikdən sonra baş tutdu. Ermənilərin məqsədi bolşeviklərin əli ilə müsəlman əhalisini cismən məhv etmək idi. Adamların qətlə yetirilməsi və müsəlman məhəllələrinin darmadağın edilməsi mütəşəkkil erməni hərbi hissələri tərəfindən planlı surətdə həyata keçirilirdi. Bakı Sovetinin qüvvələrinə rəhbərlik edən S.Şaumyanın erməni hərbi hissələrindən istifadə etməsi bu qırğını daha da dərinləşdirmişdi. Daşnaklar müsəlman fəhlələrin orduya qəbul edilməsinə hər vasitə ilə əngəl törədirdilər. Ona görə də, Bakı Soveti, onun yaratdığı ordu əsas etibarilə ermənilərdən ibarət idi.

Əslində 21 mart Qara Novruz Bayramı!

Qeyd edək ki, həmin vaxt Bakıda hakimiyyəti ələ keçirmiş bolşeviklərin bu qırğına rəvac verməsinin əsas səbəbi, o zaman Bakıda əhali arasında güclü nüfuza malik və müsəlman neft milyonçularının maliyyələşdirdiyi " Müsəlman ictimai şuraları" və həmçinin onların çoxunun birləşdiyi " Musavat" partiyası ilə RSDFP (Bolşevik) və eyni zamanda onun faktiki müttəfiqi Daşnakstyun partiyası arasında gedən siyasi mübarizədə birincilərin Bakı Sovetinə seçkiləri udması olmuşdu. Seçkidə deputat yerlərinin çoxunun müsəlman namizədlərinin qazanmasına baxmayaraq, bolşeviklər tərəfindən onun nəticələrinin ləğv edilərək və müsəlmanlara qarşı ədalətsizlik göstərilərək oraya yalnız bolşevik və menşeviklərdən ibarət deputatlar təyin edilmişdi. Buna haqlı olaraq etiraz edən müsəlman əhalinin protestosunu yatırmaq və hakimiyətlərini möhkəmlətmək üçün Bakı Sovetinin bolşevik çoxluğu daşnaklardan kömək aldı. Bolşeviklərin Zorakılığa əl atması qəzəbə səbəb olmuşdu. Bu zaman isə ermənilər tərəfindən ilk atəş açılması qarşıdurmanın silahlı toqquşmaya qədər böyüməsinə gətirib çıxardı! İndiki Nizami metrosu yerləşən ərazidə azərbaycanlılar qətlə yetirildilər.

Milli qırğının törədilməsi ərəfəsində, 1- ci Dünya Müharibəsindən qayıdan 18 mindən artıq silahlı əsgər və zabit Bakıya toplanmışdı. Onların böyük əksəriyyəti səfərbərliyə alınmış ermənilərdən təşkil edilmişdi. Bu ordunun da bolşevik və menşeviklərin təsirində olmağından istifadə edən S. Şaumyanın başçılığı etdiyi Bakı Soveti, Daşnakstyunun da dəstəyi ilə onları öz silahlı qüvvələri kimi qəbul edib təşkilatlandırmışdı. Yalnız müsəlmanlardan ibarət seçmə " Dikaya Diviziya" adlan hərbi hissəni isə bu zaman kənarlaşdıraraq Lənkərana köçürmüş və onları tərkisilah etməyədə cəhd etmişdilər. Bakı da müsəlman əhali tamamilə müdafiəsiz silahsız qalmışdılar.. Yalnız məhəllə də qoçuluq edən nağan tipli tapançalarla silahlanmış az saylı Bakı Qoçuları vardı ki, onların da bir çoxu elə martın 20-dən 21 nə keçən gecə bir neçə güllə atdıqdan sonra artan təzyiq qarşısında nüfuzlu müsəlman ziyalıların xahişi ilə qırğın törənməsin deyə martın 21- i nağanlarını təhvil verərək təslim olmuşdular. Lakin, Qoçuların daha nüfuzluları, dəstələri ilə müsəlman əhalinin daha sıx məskunlaşdığı və alınmaz qala olan "İçəri şəhəri" müdafiə etmək üçün orada müdafiə mövqeyi tutmuşdular. Əks halda buraya soxulmaq istəyən daşnak silahlıları daha böyük soyqırım edəcəkdilər! Həmin tarixdə yulian təqvimi qüvvədə olduğundan 31 mart bu günkü 21 mart Novruz bayramına düşürdü. Ermənilər həmin tarixi qəsdən seçərək müsəlmanların bayramını qara bayrama çevirmək məqsədi güdərək planlamışdılar! Bu zaman Bakıda, Bakı Sovetin, əslində isə Daşnakstyuna tabe erməni əsgərləri, silahsız və müdafiəsiz qalmış müsəlman məhəllərinə hücum edərək əhalini müsəlman olduqları üçün qoca, uşaq, qadın demədən qırmağa başladılar. Onlar qadınları, uşaqları divara mıxlayaraq öldürürdülər! Dərilərini soyurdular!

80 il sonra XOCALIDA təkrar etdikləri kimi... Erməni mənbələri və xarici mənbələr daha əvvəl Bakı Qoçularının bir neçə ermənini öldürməsinin buna səbəb olduğunu iddia edirlər və bu barədə həmin vaxt Bakıda rus fotoqrafı tərəfindən çəkilmiş şəkilləridə fakt kimi göstərirlər! Eyni ilə 80 il sonra düzənlədikləri Sumqayıt hadisələri kimi! Və bir neçə saat sonra Paris tv-lərində erməni qırğını kimi təqdim etdikləri reportaj kimi! Lakin erməni əsgərlərinin vəhşiliyi, Müsəlmanların Milli Soyqırımı şəklini aldı. Şəhərin nüfuzlu müsəlman ziyalıları S. Şaumyana Milli Qırğını dayandırmaq üçün etdikləri müraciətlər isə tamamilə nəticəsiz qalmışdı və onların öz həyatlarıda təhlükə altına düşmüşdü. 21 mart 1918- ci il Müsəlman Soyqırımı, 22 martda da davam etmiş yalnız 23 martda Bakı Sovetinin nəhayyət müdaxiləsindən sonra durdurulmuşdu.. Bu hadisə özünü sadə xalqın müdafiəçisi elan etmiş bolşeviklərin nüfuzuna zərbə vurmuş əhalinin yoxsul təbəqələrinin də onlardan üz döndərməsinə səbəb olmuşdu. Milli Soyqırımı zamanı 12 mindən artıq müsəlman əhali qətl edilmişdi..

Azğınlaşmış erməni quldurlar dinc azərbaycanlı əhalini qırıb-çatmaq üçün ən amansız üsullara əl atırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Y.Kluqe bu komissiyanın sədrinə ünvanladığı məruzədə yazırdı: “Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər. Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını qırırdılar”.

Təhqiqat Komissiyasının sənədlərindən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox türk-müsəlman öldürülüb. Onların çoxunun meyitləri tapılmayıb. Ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə, quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Bakı əhalisindən 400 milyon manatlıq daş-qaş və əmlak qarət olunub. Bir çox ziyarətgahlar və tarixi abidələr yerlə-yeksan edilib. Memarlığın incilərindən sayılan İsmailliyənin binası yandırılıb. Mart talanlarında yaxşı təşkil olunmuş hərbi hissələrlə yanaşı, erməni ziyalıları, gəncləri də iştirak edirdilər.

Təhqiqat Komissiyasının materiallarında göstərilirdi ki, “erməni əhalisinin bütün siniflərini təmsil edən nümayəndələr bu “müharibədə” iştirak etməyi özlərinə borc bilirdilər. Burada neftxudalar, mühəndislər, həkimlər, kontor işçiləri var idi, bir sözlə, erməni əhalisinin bütün təbəqələri öz “borcunu” yerinə yetirirdi”.

Bakı Soveti onun başında duran S. Şaumyan bütün Bakı Quberniyası ərazisində hakimiyyətlərini qurmaqdan ötrü bu vəhşiləşmiş silahlı quldurlardan istifadə edərək Qubada, Şamaxıda yüzlərlə kəndləri yandırmış əhalisini güllələmişdilər. Bölgələrdə sentyabra kimi qətliamlar davam etdirilmişdi.

1918-ci ilin mart hadisələri zamanı qədim Şamaxı şəhəri də dəhşətli talanlara və vəhşiliklərə məruz qalıb. Ermənilərin bu şəhərdə və ümumən Şamaxı qəzasında törətdikləri vəhşiliklər haqqında 7 cilddən ibarət təhqiqat materialları toplanıb. 1919-cu il martın 30-da “Azərbaycan” qəzetində Fövqəladə Təhqiqat Komissiyasının “Çağırış”ı dərc olunub. Komissiyanın sədri Ə.Xasməmmədovun imzaladığı bu sənəddə deyilirdi: “Şamaxının yalnız xarabalıqları qalmışdır. Şəhərin müsəlman hissəsindəki bu xarabalıqlarda məscidlərin ən qədimi olan, 800 ildən çox tarixə malik Cümə məscidinin ancaq yanıb qaralmış minarələri görünür, şəhərin 15 minlik müsəlman əhalisindən sağ qalanlar isə bütün Zaqafqaziyaya dağılmış, əllərində qoltuq ağacı və bellərində torba qapı-qapı düşüb dilənirlər ki, acından ölməsinlər. Adlarını “bolşevik” qoyan qaçaq-quldur dəstələrinin əlindən qaçıb can qurtaran əhalinin qalan hissəsi türk qoşunları Azərbaycana gəldikdən sonra öz el-obalarına qayıtmışdır. Onlar, qayıdıb gəldikdə əsrlərdən bəri yaşadıqları ocaqlarını yandırılmış və yerlə-yeksan edilmiş halda görmüşlər”.

Təhqiqat Komissiyasının sənədlərindən aydın olur ki, Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan orta hesabla 1 milyon manatdan çox olub. Ermənilər Qubada, Lənkəranda və digər qəzalarda da qırğınlar törədiblər. Ermənilər Quba qəzasında da qırğınlara geniş hazırlıq işləri görmüşdülər. Çünki qırğına başlamaq üçün bəhanə milli münaqişə ola bilərdi. Erməni daşnak qüvvələri dünyanın hər yerinə ermənilərin guya müsəlmanlar tərəfindən sıxışdırıldığı barədə teleqramlar göndərirdilər. Qubada yaşayan M.Kasparov, H.Hayrapetov, A.Mukanyans və A.Boqdanov tərəfindən göndərilmiş teleqramda iddia olunurdu ki, Qubada müsəlmanlar milli ədavət, milli qırğın törədir, erməni və rus kəndlərini dağıdır, kilsələrə od vurub yandırırlar.

Fövqəladə Təhqiqat Komissiyasının materiallarından məlum olur ki, 1918-ci il mayın 1-də Qubaya girən daşnak-bolşevik birləşmələrinin sayı 5 mindən artıq olub. Ona görə də, onlar silahsız dinc əhaliyə azğınlıqla divan tuta biliblər. İki gün ərzində yalnız Quba şəhərində 4 minədək müsəlmanın öldürüldüyünü xatırlamaq kifayətdir.
A.Novatski qeyd edir ki, müsəlmanların dini heysiyyətinə toxunaraq, məscidlərə od vurub yandıran daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscidi yandırıblar. Hamazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilib. Ayrı-ayrı mənbələrə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü və tat əhalisi öldürülüb. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyil.

28 may Azərbaycan Xalq Cumhuriyyəti elan edildikdən sonar yaradılmış FTK-nın təhqiqat protokollarına görə 50 mindən artıq müsəlman azərbaycanlılar qətl edilmişdi!

Bakı Müsəlmanlarının Milli Soyqırımı zamanı bolşeviklərin hərbi təyyarələri müsəlman məhəllələrini bombalayırdı ( Bakı şəhərində yerləşən hərbi təyyarəçilik məktəbinin hərbi bölmələrinin bu əməlini, eyni ilə 20 yanvar 1990- cı ildə " Salyanski" kazarmalarında yerləşən Sovet ordusununa məxsus hərbi hissədə tarixi təkrar edərək həmən vəhşiliyi törətmişdilər). Bu dəhşətli qətliam və bombardmanlar İçərişəhər müdafiəçilərinin əzmini qıra bilmədi və onlar erməni daşnak silahlılarının, o cümlədən nizami bolşevik hərbi qüvvələrinin şəhərin bu hissəsinə girməsinə və daha böyük qətliam törətməsinə imkan vermədilər...

Xalqımıza qarşı 1918-ci ildə törədilən mart soyqırımı kimi faciəli bir tariximizin Sovet tarixşünaslığında saxtalaşdırılması və ört-basdır edilməsini təkcə tarixi bir anın unudulması kimi qəbul etmək olmaz. Mart hadisələrinin saxtalaşdırılması xalqımıza qarşı tarixən düşmən münasibət bəsləyən erməni xislətinin gizlədilməsi oldu. Bu isə özlüyündə XX əsr tariximizdə yeni-yeni qanlı səhifələrin açılmasına gətirib çıxarıb.

Tarixi keçmişimizə düzgün siyasi qiymət vermək istiqamətində də ilk addımı yenə məhz Ulu öndər Heydər Əliyev atdı. 1997-ci il 18 dekabr tarixində imzalanmış “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmanla tarixi həqiqətləri dünya ictimaiyyətinin nəzərinə çatdırılmış oldu.

Ermənilər XX əsrin sonlarında da azərbaycanlıların misli görünməmiş soyqırımını həyata keçiriblər. Təpədən-dırnağadək silahlanmış erməni daşnakları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə divan tutub, 613 nəfəri vəhşicəsinə qətlə yetirib. Həmin gün erməni daşnakları azərbaycanlıların növbəti soyqırımını xüsusi qəddarlıqla həyata keçiriblər.

Ermənilərin millətimizə, vətənimizə qarşı törətdikləri cinayətlər və vəhşiliklər bunlarla bitmir. Onların ciddi tədqiqatlara, araşdırmalara ehtiyacı var. Bu işdə hər kəs yaxından iştirak etməli, Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırılmış soyqırım faktları bütün dünya ictimaiyyətinə çatdırılmalıdır. Onu da qeyd etmək lazımdır ki, dövlətimiz tərəfindən bu istiqamətdə artıq ciddi uğurlara imza atılmaqdadır. Ölkə Prezidenti cənab İlham Əliyev ən yüksək tribunalardan dünya ictimaiyyətini erməni vəhşilikləri haqqında arqumentləşdirilmiş şəkildə məlumatlandırmaqdadır. Dövlətin yaxından təşkilatçılığı ilə bu gün demək olar ki, Azərbaycan ictimaiyyətinin böyük bir qismi bu istiqamətdə fəal mübarizəyə qoşulubdur. Artıq ciddi uğurlarımız göz qabağındadır. Məsələn, “Xocalıya ədalət” beynəlxalq informasiya kampaniyasına məhz 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə start verilib. Bu gün XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı ilə bağlı həqiqətlərin üzə çıxarılması və dünya ictimaiyyəti tərəfindən siyasi-hüquqi və mənəvi qiymətləndirməyə nail olunması istiqamətində bu möhtəşəm kampaniya dünyanın 30-dan çox ölkəsində yüzlərlə könüllü tərəfindən uğurla həyata keçirilir. Təəsüf ki, hələdə bir çox Qərb ölkələrində erməni lobbisi yüz ildən artıqdır davam edən yalanları ilə dünya ictimaiyyətini allatmaqla öz vəhşiliklərini bizim adımıza çıxmaqla fəaliyyətlərini davam etdirirlər. Azərbaycanın qalib əsgərləri Xocalıda və digər yerlərdə yaxın tarixdə ermənilərin törətdikləri soyqırım faktlarını bildikləri və əzablarını yaşadıqları halda azad etdikləri ərazilərimizdə sonradan oraya köçürülmüş erməni əhaliyə və əsir düşmüş düşmən əsgərlərinə qarşı hümanistlik göstərərək həmin vəhşiliklərin qisasını almamamışdır. Erməni silahlı birləşmələrinin Gəncə, Bərdə kimi şəhərlərimizin mülki əhali yaşayan hissələrinə raket və kasetli mərmilər atnmasına rəğmən Azərbaycan Silahlı Qüvvələrinin ali baş komandanlığı mülki erməni əhalinin təlafatına yol verməmək üçün Xankəndini döyüşlər zamanı atəşə tutmamışdır.

Rəfail Eminov-tarixçi
Xəbəri paylaş