
14-16 yanvar 2026-cı il tarixlərində Azərbaycanda səfərdə olan Qırğızıstanlı mediatorlardan ibarət nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib.
Newscenter.az xəbər verir ki, nümayəndə heyətinə Qırğızıstan ədliyyə nazirinin müavini Orozbek Sıdıkov rəhbərlik edib.
Ziyarət zamanı nümayəndə heyəti əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın abidəsi önünə əklil və gül dəstələri qoyaraq xatirələrini dərin hörmət və ehtiramla yad edib.
Nümayəndə heyətinin tərkibində Türk Dünyası Arabulucular Birliği'nin İdarə Heyətinin sədri Yakup Erikel, Bakıda fəaliyyət göstərən Türk Ticarət Mərkəzinin rəhbəri Yılmaz Okuklu, Qırğızıstan Respublikasının Respublika Mediatorlar Birliyinin Müşahidə Şurasının sədri və Milli Mediasiya Mərkəzinin direktoru Gulsina Kojoyarova, Milli Mediasiya Mərkəzinin Oş vilayət filialının direktoru və Respublika Mediatorlar Birliyinin Müşahidə Şurasının üzvü Avazbek Şamşiyev, Milli Mediasiya Mərkəzinin Cəlal-Abad vilayət filialının direktoru və Respublika Mediatorlar Birliyinin Müşahidə Şurasının üzvü Zarina Koşaliyeva, Milli Mediasiya Mərkəzinin Batken vilayət filialının direktoru və Respublika Mediatorlar Birliyinin Müşahidə Şurasının üzvü Kumara İmamova, Milli Mediasiya Mərkəzinin Çüy vilayət filialının direktoru Baytemir Nayzabekov, “Mediasiya və Hüquq Mərkəzi” İctimai Birliyinin rəhbəri və vəkil Gulmira Seitkazieva, Qırğızıstan Milli Universiteti nəzdində Kadrların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutunun “Psixologiya” istiqamətinin rəhbəri və Milli Mediasiya Mərkəzinin mediatoru Nurayım İslamova, “Aksakallar məhkəmələri”nin sədri və mediator Şamil Usubaliyev, Bişkek Şəhər Məhkəməsinin mediasiya kabinetinin koordinatoru və mediator Anara Abdrazakova, Ailə Mediatorları Assosiasiyasının nümayəndəsi, Bişkek Şəhər Məhkəməsinin mediatoru və “Sezim” böhran mərkəzinin mediatoru Botagoz Xalelova, Narin vilayəti üzrə mediator-koordinator Gulnura Arakeeva, Milli Mediasiya Mərkəzinin PR meneceri və mediator Ainura Baratova iştirak edir.
Qeyd olunmalıdır ki, səfərin təşkili Qırğızıstan Respublikasının Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının mediasiya təcrübəsinin öyrənilməsi məqsədi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə ünvanladığı məktub əsasında həyata keçirilir. Eyni zamanda səfər çərçivəsində Azərbaycan Respublikasının dövlət qurumları, mediasiya təşkilatları və mediatorlarla görüşlərin keçirilməsi nəzərdə tutulur.
Səfərin təşkili ilə bağlı məsələlərdə Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları, Türk Dünyası Mediatorlar Birliyi, Mediasiya Şurası, həmçinin Qırğızıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Qırğızıstan Respublikasının ticarət təmsilçiliyinin də təmsil olunduğu Bakı Türk Ticarət Mərkəzi tərəfindən yaxından dəstək göstərilir.
Süleyman









































