Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngilanda Əliş dayı vardı

Zəngilanda Əliş dayı vardı


Zəngilanın zəngin təbiəti həm də gözəl xarakterlər formalaşdırıb. Elə xarakterlər ki, on illərdi, yüz illərdi həm tarixdə yaşadılır, həm də yaddaşlarda. Qaya, dağ sərtliyi deyirik, meh həzinliyi de­yirik, bulaq, çeşmə duruluğu deyirik, ... Zəngilanlıların xarakterində torpağa görə, dövlətə, döv­lət­­çiliyə görə qaya, dağ sərtliyi də var, meh həzinliyi də, çeşmə, bulaq duruluğu da. ... Neçə on il­­­lər tanıdığım zən­gilanlıların xarakterində gördüklərim, müşahidə etdiklərim Zəngilanı, Zən­­­gilanın təbiə­tini xatırladıb. Ehtiramla xatırlananlar tarixin yad­da­şında həmişə yaşayacaq. Bu an­larda həmişə düşüncələrimin mehrabı olan bir bəstə-mahnı düşür ya­dı­ma: “Kimlər gəldi, kimlər getdi, Bu dünyadan, bu dünyadan...”. Dünyadan gedənləri təəssüflə xa­tır­lasaq da, bu təəssüfdə bir ürək tutumunca qürur da var. O qürur geniş miqyaslı qürurdu; ta­nı­yan­­­ların hamısının qürurudu. Ömrümün Zəngilanlı illərində tanıdığım, sevdiyim insanları indi də həmin qürurla xatırlayıram. Özünə görə, Zəngilana, Zəngilanın timsalında Azərbaycana, Zəngi­lanlılara, Zəngilanlıların timsa­lın­da Azərbaycanlılara sevgisinə görə...

Əliş Qasım oğlu Əliyevi də belə tanımışam, belə sevmişəm.

Ailədə, qohumlarımgildə, məktəbdə onun haqqında həmişə xoş sözlər eşidirdim. Mənə elə gə­­lirdi ki, bu xasiyyətli adamları tanımamaq günahdı. Tanımasan son nəfəsinəcən təəssüflənə­cəksən. Necə deyərlər, yaxşını görməmək böyük günahdı.

Əliş dayının 1912-ci ildə Zəngilanın Ağkənd kəndində anadan olduğunu bilirdim. Xüstüb dağının ətəklərinə sığınmış bu kəndin ecazkarlığı təbiətin möcüzələrindəydi. Onu da bilirdim ki, Bakı Maliyyə-Kredit texnikumunu bitirib. Zəngilanda maliyyə şöbəsində müxtəlif vəzifələrdə iş­lə­yib. Sonra bu şöbənin müdiri olub. Əliş Qasım oğlu kimi insanlar üçün yüksək məsuliyyət hissi olub; belə bir vəzifədə bu təhsillə kifayətlənməyən Əliş Qasım oğlu Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Maliyyə-kredit fakültəsini də bitirib. Söz düşəndə ürək isindirdiyi adamlara deyərmiş: Yaxşı kadr üçün işlədiyi sahə üzrə müəmma, çə­tin­lik, nabələdlik olmamalıdır. Ali təhsil bu dediklərimi aradan qaldırır. Təcrübə ilə təhsil bir-birini tamamlayanda kollektivin işində ləngimələr, nöqsanlar olmur...

Eşitdiyim bir hadisə indiyəcən yaddaşımdadı. O illərdə rayon Partiya Komitəsinin birinci ka­­­­tibinin sözünün üstünə söz deməyin nə olduğunu xatırlatmağa ehtiyac duymuram. Təmiz işlə­məlisən, kimsənin yanında gözükölgəli olmamalısan, bunların davamı kimi cəsarətli olmalısan. Əliş Qasım oğlu belə kadr olub.

Büro iclaslarının birində rayonun maarif şöbəsinin işi ilə əlaqədar məsələ müzakirə edilirmiş. Birinci ka­tib rayon maliyyə şöbəsinin rəisi Əliş Əliyevdən niyə maarif şöbəsinə pul ayırılmamasını cid­di­lik­lə soruşur. Əliş Əliyev həmin ciddiliklə də cavab verir ki, ayırılan pul rayon Xalq Deputatları Sove­ti­nin sessiyasında təsdiq edilib, pulu onlar alıblar da, xərcləyiblər də. Hara, necə, bunu müəy­yən­ləşdirmək lazım idi. Pulun niyə çatmadığını bu fikir aydınlaşdırdı. Vəzifəndən istifadə edib məni sə­bəb­siz yerə gü­nah­­­lan­­­dırma. Mənimsənilmiş pullarla əlaqədar yoxlama aparmışıq, sənədlər pro­ku­rorluqdadır. Mən ora əlavə pul buraxmayacam.

Bu qətiyyət savadın qətiyyətiydi, düzgünlüyün, dürüst işin, vəzifə borclarına məsuliyyətin qə­tiy­yətiydi. Rayon ictimaiyyəti də bunu belə bildi, Maliyyə Nazirliyi də. O hadisənin şahidlərinin əksəriy­yə­ti indi həyatda yoxdu. O hadisənin mahiyyəti istər gənclərə, istərsə də bu və ya digər sa­hədə işlə­yən­lərə bir gerçəkliyin fəlsəfəsini aşılayır: Ömür budur!..

Hər yeni Maliyyə naziri Zəngilan rayon maliyyə şöbəsinin müdirini etibarlı qeyri-rəsmi zəma­nət­lər­lə tanıyır, az müddətdən sonra bu tanıma etibara, inama, ehtirama dönürdü. Maliyyə Na­zir­li­yində bilirdilər ki, Zəngilan rayon Maliyyə şöbəsinni əməkdaşları müdirə inanır, güvənir. Haqqın tərəfini saxladığına görə, haqqın cəfakeşi olduğuna görə, yaxşı işi dəyərləndirdiyinə görə, ...

Necə insan idi Əliş Qasım oğlu? – Əliş Qasım oğlu xırda yerişli adam olub. Buna astagəllik demək böyük günahdı. Əliş dayının sevdiyi bir kəlam da olub: vaxtın­da görülməyən iş dəyərini itirir. Əliş dayı heç bir işin dəyərini itirməsinə imkan verməzdi. Ça­ğır­dı­ğı adamın “Gəlirəm” kəlməsinə ciddiliklə “Gəl!” deyərdi, bu və ya digər iş görülməli idisə, “Gö­rə­cəm” de­yə­nə ciddiliklə “Gör!” deyərdi. Bu xarakterinə görə rayon Maliyyə şöbəsində heç bir iş xırda lən­gimə olmadan vaxtında yerinə yetirilərdi. Əliş Əliyev 1940-cı ildən 1980-ci ilə kimi, 40 il bu və­zifədə belə işlədi...

1941-ci ildə Böyük Vətən müharibəsi başladı. Azərbaycan da bu müharibənin qarşıdan gələn ağrı-acılarını yaşayacaqdı. Onda minlərlə azərbaycanlı gənc döyüşlərə aparıldı. Əli silah tutanlar höku­mə­tin nəzərində düşmənlə döyüşməli döyüşçü idi. Onda Əliş Əliyevi də döyüşlərə çağırdılar. Ra­yon Maliyyə şöbəsinin müdiri olsa da. Onda Maliyyə Nazirliyi bu çağırışı dayandırmağı zəruri bil­mişdi. Arxa cəbhədə istehsalın ləngiməməsinə görə, bir rayonun maliyyə sisteminin dolaşığa düşməməsinə görə, həm də o rayon İranla sərhəddə olduğuna görə; sovet ideologiyası bu və ya di­­gər rayonun təsərrüfat problemlərinin xarici dövlətlərdən birinin müşahidə etməsinə imkan ver­məzdi. Maliyyə Nazirliyi Nazirlər Soveti qarşısında vəsadət qaldırdı, Əliş Əliyevin Zəngilanda ma­­liy­yə sistemində yeganə bacarıqlı kadr olduğunu xatırlatdı, belə bir kadrın müharibəyə aparıl­ma­sı­nı məqsədəuyğun bilmədi, hökumətin həm ön cəbhədə, həm də arxa cəbhədə yüksək döyüş ru­hunun saxlanmasını tələb etdiyini də xatırlatdı. Əliş Əliyev xüsusi icazə (buna “bron” deyirdilər) ilə Biləcəri çağırış məntəqəsindən geri qaytarıldı...

Böyük Vətən müharibəsi illərində də dürüst işi ilə tanındı, sevildi. Rayon rəhbərliyi dəyişirdi, biri digərini əvəzləyirdi. Yeni gələn birinci katiblər, rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri camaatın təmizlik, paklıq simvolu kimi tanıdığı Əliş Əliyevi belə tanıyırdılar, ona inanırdılar. Bunun nəti­cə­siy­di ki, Əliş Qasım oğlu 40 il (! – B.M.) rayon Maliyyə şöbəsinin müdiri işlədi.

Əsgər ailələrinə xüsusi diqqət yetirirdi. Qanun həddində şöbənin vasitəsiylə, özünün təşəb­bü­sü və özünün vəsaiti ilə. “Bu müharibə hamımızın taleyindən keçir. Kimi döyüşlərdədi, kimi həm özünün, həm də döyüşlərdə olan əzizinin əvəzinə işləyir. Biz də ruhən döyüşlərdəyik. Döyüş­lər­də olanların hamısı bizim də əzizimizdi...”, - Əliş dayı belə deyərmiş. Rayona gələn hər qara ka­­ğıza görə qəlbi qan ağlayarmış. Müharibə başa çatanda ilk dəfə göz yaşı görünüb kirpiklərində. Ağrı-acıların sonlandığına sevinib, gedənlərin dönəcəyinə inanıb, sönən ocaqların yenidən alı­şa­ca­ğına ümidlənib...

Əliş Qasım oğlu səliqəli adam olub. Səliqəni sevib. Bu sevgini milli mentalitet səviyyəsində də­yərləndirərdi. “Üst-başı səliqəli olmyan adamın işi də səliqəli olmur. Səliqəsiz iş həmişə nöq­san­lı işdir...”, - sonralar bu kəlamın nə qədər dəyərli olduğunu rayon Komsomol Komitəsində, rayon Partiya Komitəsində. Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsində işləyəndə, ərazi özünümüdafiə taborunda, Müdafiə Nazirliyində xidmət edəndə daha əhatəli duymuşdum. Bu gün də həmin kəlam mənim iş üslubumun başlanğıcıdır...

Bir aqildən soruşurlar: Ən xoşbəxt insan kim olub? Aqil bir qədər düşünərək cavab verib: Rə­iy­­yə­tin sevdiyi padşah xoşbəxt padşah olub, döyüşçülərin sevdiyi sərkərdə xoşbəxt sərkərdə olub, camaatın sevdiyi usta xoşbəxt usta olub. İndi xalqın sevdiyi rəhbər xoşbəxt rəhbərdir, əmək­daş­­la­rın sevdiyi məmur xoşbəxt məmurdur. Zəngilan rayon Maliyyə şöbəsinin əməkdaşları Əliş Əliyevi sevirdi; Əliş Əliyev xoşbəxt insan idi. Hər səhər işçilərin sayı qədər təbəssümlə salamla­şır­dı. Şö­bə­nin geniş həyətini böyük dünyamızda ruhunun dünyası bilirdi. Bu dünyanın gözəlliyinin mü­ha­fizəkarı olmaqla özünü bəxtəvər sayırdı Əliş dayı. Belə adamlara el arasında “böyüklə böyük, ki­çiklə kiçik olan adam” deyirlər. Yəni sadə adam. Aqillər sadəliyi insanın daxili aləminin Günəşi adlandırır.

Əliş Əliyev rayon Maliyyə şöbəsinə gələnləri səbrlə dinləyərdi. “İdarənin qapısını haqq qapısı bilmə­yə­nin insafını yellər aparsın. Özünü onun yerinə qoy. Gör sənə belə münasibət olarsa, nə edərsən...”, - Əliş Qasım oğlu hərdən şöbənin işçiləriylə kəlmələşəndə belə deyərdi.

Hamıya kömək eləməyə çalışardı. Qanun həddində, qanunun tələblərini pozmadan. Xahişə gə­­lə­nin istəyi qanunu aşardısa, onu hərtərəfli başa salardı, mümkünsüzlüyünü izah edərdi. 40 ildə o qapıdan xahişi yerinə yetirilən də, yetirilməyən də narazı qayıtmayıb; Zəngilanlılar dürüst kişinin dürüst sözlərini etiraz, inkar bilməyib, mümkünsüzlük bilib...

Halallıq.

Halal çörək...

İstər milli-mənəvi dəyərlərimiz, istərsə də qanun bu kəlmələrin dönməzliyi əsasında forma­la­şıb. Əliş kişi belə bir ömür yaşadı. Halal ömrü onu son nəfəsindən sonra da ehtiramla yaşat­maq­da­dı. Yaxından tanıyanlar deyirdilər ki, (özüm də görürdüm ki!) Əliş Qasım oğlu rayona gələn qonaqları ancaq öz evinə aparır. “Qonaqdısa, evimə aparmalıyam. Dəxli yoxdu, qohum-əqrabadımı, yoxsa Na­­zirliyinmi nümayəndəsidi...”, - deyərdi.

Sadə insan idi Əliş Qasım oğlu. Belə adamlara xalqın adamı deyirlər...

Əliş dayı 47 illik maliyyəçilik fəaliyyəti dövründə səmərəli və qüsursuz işinə görə “Əlaçı maliyyə işçisi”döş nişanına, dəfələrlə qiymətli hədiyyələrə və təşəkkürə layiq görülüb, Azərbaycan SSR Maliyyə Nazirli­yi­nin və Dövlət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı ilə təltif edilib və pulla mükafatlandırılıb.

1985-ci ildə dünyadan köçən Əliş dayının oğlanları Fəxrəddin, Sədrəddin, Qasım, İmran, qızları Əminə, Safura ata adına böyük rəğbət gətirib. Bu gün nəvə-nəticələri də babalarının təqdirəlayiq həyat yolunu, nəslin nümunəvi örnək ənənələrini şərəflə davam etdirirlər.

Əliş Qasım oğlu vardı bu dünyada. Tanıyanlar onun ağsaqqallığına, sözübütövlüyünə, dürüst­lü­yünə sığınırdı. Məsləhətlərini dinləyə-dinləyə aylarını il, illərini ömür edirdi. İllər sonra unudul­mayan Əliş dayını xoş xatirlələrlə yada salır, “Kimlər gəldi, kimlər getdi Bu dünyadan, bu dün­ya­dan...” deyirik.

Zəngilanda Əliş Əliyev vardı, Əliş dayı kimi sevilirdi...

Bayram MƏMMƏDOV,

Əməkdar müəllim
Xəbəri paylaş