Azərbaycanda nadir insanlar var ki, həyatı boyunca bir neçə sahəni, istiqaməti özündə cəmləşdirə, hətta məşğul olduğu hər bir sahə üzrə də uğur, nailiyyət əldə edə bilir. Etiraf etmək lazımdır ki, istər-istəməz bu insanda fiziki güc, səbr, təmkin tələb edir. Bütün bunların fövqündə isə məşğul olduğun sahəyə olan sevgi dayanır. Necə ki, bütün bu məziyyətlər bu günlərdə 70 yaşını qeyd edən sabiq millət vəkili, hüquq üzrə fəlsəfə doktoru, tarixi romanlar müəllifi Cahangir Hüseynovda cəmləşib.
Cahangir Hüzeynov təvazökarlıqdan uzaq olub özü etiraf etməsə də, ancaq onun ictimai-siyasi, eyni zamanda elmi fəaliyyətini izləyən hər kəs səmimi şəkildə ifadə edir ki, bu qədər fəaliyyəti özündə cəmləşdirmək heç də asan bir iş deyil. Xüsusilə, hər bir işi qüsursuz həyata keçirmək. Elə Cahangir Hüseynovu fərqləndirən əsas məqam da məhz bundan ibarətdir.
70 ilin 7 anı
Cahangir Hüseynovun 70 illik həyat yoluna dönüb baxanda bu ömür yolunu bir neçə hissəyə bölmək mümkündür. Əslində Onun həyat yolu, ictimai-siyasi, eyni zamanda elmi fəaliyyəti o qədər zəngindir ki, bu fəaliyyəti bir neçə hissəyə sığışdırmaq mümkün deyil. Ancaq biz bacardıqca Cahangir Hüseynovun 70 illik ömür yolunun 7 anına diqqət çəkmək istədik.
Cahangir Hüseynovun həyatının birinci mərhələsi onun gənclik, tələbəlik illəri olub deyə bilərik. Hansı ki, həmin illər Onun sonradan ölkənin hüquq-mühafizə sistemində tanınması, rəsmi yüksək rütbəli polis məmuruna çevrilməsinə yol açdı.
Qeyd: Hüseynov Cahangir Hüseyn oğlu 1953-cü il aprel ayının 10 da Bakı şəhərində hüquqşünas ailəsində anadan olub. 1971-ci ildə orta məktəbi tərifnamə ilə bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Notariat və VVAQ idarəsində kargüzarlıqdan başlamış, sonra isə Bakı şəhər 8-ci Notariat kontorunda hüquq məsləhətçisi işləmişdir. Bakı Dövlət Unversitetinin hüquq fakultəsinə daxil olmuş, buranı 1978 ci ildə əla qiymətlərlə bitirib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə işləməyə göndərilmişdir.
1978–1983 cu illərdə Bakı şəhər 26 Bakı komissarı adına rayon (indiki Səbail) Daxili İşlər şöbəsinə müstəntiq, 1983–1985 ci illərdə Bakı şəhər Əzizbəyov (indiki Xəzər) rayonunda istintaq şöbəsinin rəisi vəzifəsində işləmişdir. İşdə göstərdiyi nailiyyətlərə görə mükafatlandırılmış və Moskva şəhərində SSRİ Daxili İşlər Nazirliyinin Ali Akademiyasının 1 ci fakültəsinə göndərilmişdir. 1987 ci ildə Hüquq Mühafizə orqanlarında rəhbər kadrların hazırlanması fakültəsini fəqrlənmə diplomu ilə bitirmişdir. O, respublikada bu ixtisasda olan yeganə mütəxəsisdir. İşlədiyi dövrdə Sankt-Peterburqda SSRİ Baş Prakrorluğunun Prakrorluq və istintaq işçilərinin təkmilləşdirmə instutunu SSRİ Daxili İşlər Nazirliyinin Moskva şəhərində iki akademik ali kurslarını bitirmişdir. O, SSRİ Daxili İçlər Nazirliyinin fəxri fərmanı vı akademiyanın fəxri medalı ilə təltif olunmuşdur.
Cahangir Hüseynov 1985 ci ildə qiyabi olaraq Bakı Dövlət Unversitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər sahəsində aspiranturasına daxil olmuşdur. Moskva Polis Akademiyasında oxuduğu müddətdə Patris Lumumba adına Beynəlxalq Əlaqələr Unversitetində aspiranturanı davam etdirmişdir. "Azərbaycan Respublikası beynəlxalq hüququn subyektidir" mövzusunda dissertasiya müdadfiə edib, alimlik dərəcəsi almışdır. Həmçinin Moskvada Kino, Təsviri incəsənət, Musiqi sahəsində Mədəniyyət Unversitetini bitirmişdir.
Moskvada oxuyarkən Beynəlxalq Hüquqşunaslar Asssosiasiyasının üzvü seçilmişdir. Akademiyanı bitirdikdən sonra 1987 1992 ci illərdə Ağdaş rayonunda Daxili İşlər şöbəsinin rəisi işləmişdir.
Burada bir maraqlı məqama diqqət çəkmək lazımdır ki, Cahangir Hüseynovun hüquqa marağı, hüquq fakultəsini seçməsi də təsadüfi deyil. Burada “Ot kökü üstə bitər” el məsələni xatırlamaq yerinə düşər. Yəni, Cahangir Hüseynovun hüquq elminə olan marağı ailədən qaynaqlanırdı. Belə ki, Onun atası Hüseyn Hüseynov zamanında respublikanın tanınmış hüquqşünas olub. Hüseyn Hüseynov uzun illər respublikanın müxtəlif rayonlarında xalq hakimi işləyib. Hüquqşünas ailəsində böyüyən Cahangir Hüseynovun hüquqa marağı da məhz buradan qaynaqlanıb desək yanılmarıq.
70 ilin ən şərəfli dövrü
Cahangir Hüseynovun həyatının ikinci anına 70 illik ömrünün ən şərəfli mərhələsi də demək olar. Əslində sabiq millət vəkilinin anadan olduğu gündən indiyə qədər olan bütün dövrü şərəfli bir tarixdir. Bu istisnasız belədir. Ancaq söhbət ərazi bütövlüyü uğrunda mübarizə, Birinci Qarabağ müharibəsində iştirakdan gedirsə, təbii ki, bu dövrü xüsusi qeyd etmək lazımdır. Qeyd edək ki, Cahangir Hüseynov 1988-ci ildən Dağlıq Qarabağda erməni separatçıları tərəfindən aparılan müharibənin ilk günündən 1994-cü ildə atəşkəs elan olunana qədər bütün cəbhə bölgələrində, Xanlar (indiki Göygöl) rayonunun Çaykənd, Gədəbəy rayonunun ərazisində yerləşən Başkənd, habelə Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Ağdərə rayonlarında gedən döyüş əməliyyatlarında fəal iştirak edib. Sabiq millət vəkili "Qarabağ muharibə veteranı" fəxri adına da layiq görülüb.
İstefa mədəniyyətinin əsasını qoyan məmur
Cahangir Hüseynov keçmiş sovetlərin dağılıb müstəqil respublikalar yaranan vaxt AXC-Müsavat cütlüyünün idarəetməsinə qarşı barışmaz mövqeyi ilə seçilən şəxslərdən olub. Əslində, Onun bütün tənqidləri və iradları əsaslı idi. Çünki AXC-Müsavat cütlüyü respublikaya rəhbərliyi ələ alan gündən bütün sahələrdə bacarığı olub-olmamasına məhəl qoymayaraq öz adamlarını yerləşdirirdi ki, bu da istər-istəməz respublikanın hər bir sahəsində problemlərin yaranmasına gətirib çıxarırdı. Buna etiraz edənlər isə demək olar ki, yox idi. Əslində bu da başadüşülən idi. Çünki həmin vaxt AXC-Müsavat hakimiyyətinin qılıncının dalının və qabağının kəsdiyi vaxtlar idi. Ona görə də heç kim irad bildirməyə, etiraz etməyə xürət etmirdi. Yalnız Cahangir Hüseynovdan başqa. Belə ki, Daxili İşlər Nazirliyinin 12 noyabr 1992 ci il kolleqiyasının iclasında Cahangir Hüseynov AXC hakimiyyətini Respublikanı idarə edə bilməməsində kəskin şəkildə çıxış edərək idarəetməni ciddi şəkildə tənqid etmiş və rəis postundan raport yazaraq istefa vermişdi. Bu həmin dövr üçün xarakterik olmayan bur məmurun istefa mədəniyyəti nümayiş etdirməsi ilə yanaşı, həm də Cahangir Hüseynovun həyatının üçüncü ən mühüm mərhələsi sayıla bilərdi.
Cahangir Hüseynov nəinki AXC-Müsavat hakimiyyətinin idarəçiliyinə qarşı çıxır, eyni zamanda bu hakimiyyətin bir nömrəli düşmən kimi gördüyü Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı üçüm ortaya ciddi siyasi fəaliyyət qoyurdu. Əslində Cahangir Hüseynov 1990-ci illərdən bu istiqamətdə çalışırdı. Hələ 1990-cı ildə Heydər Əliyev Moskvadan Bakıya gələndə Onu qarşılayanlardan biri də məhz Cahangir Hüseynov olub. Həmin vaxt Heydər Əliyevə sui-qəsd olur və Cahangir Hüseynov polis rəisi olaraq onu müdafiə edir. Cahangir Hüseynov Ali Sovetin 3 mart 1992 ci il tarixli fövqəladə sessiyada Heydər Əliyevin hakimiyyətə gətirilməsini təkidlə tələb edir, 1993 cü il 14 may tarixli fövqəladə sessiyada isə Heydər Əliyevin namizədliyini Ali Sovetin sədri vəzifəsinə təklif edir. Təsadüfi deyil ki, Cahangir Hüseynov özü bu illəri həyatının ən yadda qalan və şərfəli dövrlərindən biri kimi xarakterizə edir. Həmin illəri 70 illik yubilyarın həyatının dördüncü ən mühüm anı kimi qeyd edə bilərik.
70 ilin ən ağır illəri
Cahangir Hüseynovun bu cür açıq mövqeyi və fəaliyyəti təbii ki, hələ Mütəllibov hakimiyyəti və AXC-Müsavat cütlüyünün ürəyincə deyildi və maraqlarına ziddiyyət təşkil edirdi. Çünki Cahangir Hüseynovun şərəfli missiyası artıq uğurla nəticələnmiş və ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtmışdı. Ancaq bədxah qüvvələr hələ də bunu Cahangir Hüseynova bağışlaya bilmirdilər. Ona görə də həmin qüvvələr ən iyrənc metoda, sui-qəsdə əl atdılar. Düzdür, o zamankı hakimiyyət bunu Cahangir Hüseynovun sırf peşə fəaliyyəti ilə əlaqələndirməyə çalışsa da, lakin bu sui-qəsd cəhdində siyasi motivlər də yox deyildi. Beləliklə, 17 iyul 1994 cü ildə Cahangir Hüseynovun həyatına sui-qəsd təşkil olunur və həmin vaxt Onun az yaşlı oğlu və yaxın qohumları qətlə yetirilir. 10 ay xarici ölkələrdə müalicə aldıqdan sonra Cahangir Hüseynov, yenidən işinə başladıqdan sonra şəxsən cinayətkarların izinə düşüb bağlı olan cinayətlərin açılmasına və bu cinayətin iştirakçılarının tutulmasına nail olur. Həmin şəxslərdən 4 nəfəri Ali Məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum edilir. Cinayəti törədən şəxslər həmin dövrdə qanuni hakimiyyəti devirmək istəyən "Qardaşlıq" cəmiyyətinin üzvləri olur.
Bu illəri Cahangir Hüseynovun həyatının ən ağrılı-acılı illəri də hesab etmək olar. Çünki bir ata üçün azyaşlı övlad itirmək, siyasi fəaliyyəti səbəbindən ailəsi, yaxın qohumlarının zərər görməsi, özünün uzun illər həkim nəzarətində qalması və hazırda da sağlamlığında həmin hadisədən qalan yara heç də unudulacaq, həzm ediləcək bir olay deyil.
Siyasi fəaliyyətin qanunvericilik dövrü
Cahangir Hüseynovun siyasi fəaliyyətinin böyük bir hissəsini onun qanunverici orqanda fəaliyyət göstərdiyi illəri əhatə edir. Hələ 1991 ci ilin mart ayında Cahangir Hüseynov 139 saylı seçki dairəsindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib. 2000-ci ildə isə 83 saylı Saatlı Sabirabad seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin üzvü seçilir. Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədr müavini və Hesablama komissiyasının üzvü olur. Parlamentdə bir sıra qanunların hazırlanması və qəbul edilməsində Cahangir Hüseynov aktiv deputatlardan biri kimi parlament tarixində yadda qalır. Bu illəri yubilyarın 70 illik dövrünün altıncı mühüm mərhələsi saymaq olar.
Siyasi fəaliyyətdən elmi fəaliyyətə
Hazırda 70 yaşlı yubilyar günümüzdə bütün əməyini elmi fəaliyyətə yönəldib. Bu mərhələni bəlkə də Cahangir Hüseynovun 70 ilinin yeddinci dövrü kimi də xarakterizə edə bilərik. Bu illər ərzində Azərbaycan elminə, xüsusilə tariximizə böyük faydalar verən Cahangir Hüseynov "Yeni Qarabağnamə-Qarabağ Azərbaycandır", "Mənim fikir və düşüncələrim"., "Azərbaycan Nadir Əfşar dövləti” və digər tarixi, elmi əsərlərin müəllifidir. Yubilyarın müəllifi olduğu kitablar təkcə ölkə dəaxilində deyil, eləcə də qardaş Türkiyədə böyük maraq qazanıb və Onun bir neçə kitabı Türkiyə türkcəsinə uyğunlaşdırılıb.
Biz də Cahangir Hüseynovu 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı, uzun ömür və elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Mehman
NEWSCENTER.AZ