İranın casus şəbəkəsinə qarşı ölkədə həyata keçirilən tədbirlər bir daha onu sübut etdi ki, gənclərimizin bir qismi hələ də xarici dini təsirlər altındadır və həmin dairələr gənclərimizi tora salıb onlardan asanlıqla istifadə edə bilirlər. Bəs görəsən, bu kimi mənfi tendensiyaya qarşı necə mübarizə aparmaq lazımdır? Ümumiyyətlə, gənclərimizi xarici dini təsirlərdən necə qorumaq olar?
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədovun qənaətincə, proseslərin təhlili göstərir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çoxlu sayda gənc müxtəlif zərərli dini təsirlərin qurbanına çevrilib. Millət vəkili hesab edir ki, həmin kontingentin mütləq əksəriyyətini təhsili o qədər yüksək olmayan, dünyagörüşü zəif və məhdud, işsiz gənclər təşkil edir:
"Burada söhbət yalnız bir dindən və ya məzhəbdən getmir. Hətta son illər ölkəmizdə xristianlığı qəbul edən gənclərin də sayı artır. Beləliklə son illər Azərbaycanda yeni ailə modelləri yaranıb. Ailənin hər bir üzvü ayrı din və ya məzhəbin təəssübkeşinə çevrilib. Belə halda isə ailənin monolitliyindən və möhkəmliyindən söhbət gedə bilməz. Bu rəngarəngliyin də gələcəkdə dövlətimiz üçün müəyyən təhdidlər yaradacağı istisna olunmur. Necə ki, bunun bu gün konkret bir istiqamət üzrə ciddi fəsadlarını yaşayırıq".
Deputat qeyd edib ki, hər zaman qeyd etdiyimiz kimi, din həm də təhlükəsizlik məsələsidir. Çox həssas və incə siyasət tələb edir:
"Proseslər proqnozlaşdırılmalı, öncədən privintiv tədbirlər həyata keçirilməlidir. Qərarlar zamanında qəbul edilmədikdə, öncədən qabaqlayıcı tədbirlər görülmədikdə sonradan prosesləri idarə etmək çox çətin olur.
Gəncləri necə zərərli dini təsirlərdən qoruya bilərik sualına gəldikdə isə təəssüflə qeyd etmək lazımdır ki, bu gün gənclərin böyük əksəriyyəti ciddi ideoloji boşluq yaşayırlar. Bu istiqamətdə ciddi və sistemli işlərin həyata keçirilməsinə ehtiyac var. Bunun üçün paytaxtda və bölgələrdə təhsilin səviyyəsi, məktəblərdə və ali təhsil müəssisələrində ideoloji iş gücləndirilməlidir. Bu sahədə əksər məktəblərimizdə və ali təhsil müəssisələrimizdə ciddi boşluqlar var. Ailələrimiz bir sıra hallarda bu boşluqları doldura bilmədiklərinə görə bu məsələdə məsuliyyət daha çox təhsil müəssisələrimizin üzərinə düşür. Heç şübhəsiz ki, təhsil müəssisəsinin işi yalnız təhsil haqqı alıb diplom vermək deyil".
Ceyhun Məmmədov hesab edir ki, mütləq gənclərin şəxsiyyət kimi formalaşmasına, ideoloji hazırlığına xüsusi diqqət yetirilməlidir:
"Sonda qeyd etmək lazımdır ki, bütün müsəlman ölkələrində zaman-zaman dini fəaliyyət sahəsində müəyyən gərginliklər müşahidə olunur. Müxtəlif vaxtlarda basdırılmış minalar tarixin müəyyən dönəmində partlayaraq dövlətlər üçün ciddi təhlükələr yaradır. Bu minaların basdırılmasının qarşısının alınması, dövlət təhlükəsizliyinin qarşısının alınması üçün hər bir dövlət öncədən qabaqlayıcı tədbirlər görməlidir".
Anar