Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ədliyyə işçisi necə olmalıdır?

Ədliyyə işçisi necə olmalıdır?


Peşəkar bacarığa, geniş hüquqi biliklərə, yüksək zehnə malik olan əməkdaşlar müvəffəqiyyətə nail ola bilərlər. Apardığım müşahidələrdən belə qənaətə gəlmişəm ki, peşəkar Ədliyyə işçisi zəruridir ki, bu xüsusiyyətlərə malik olsun. Öz peşəsinə davamlı əsaslandırılmış marağı olmalı, daima öz biliyini artırmalı, məlumatı dərk edib üzərində işləməyi bacarmalı, peşə sahəsində müvəffəqiyyət qazanmaq üçün səy göstərməlidir. Eyni zamanda öz şəxsiyyətinin adekvat qiymətləndirilməsi, yəni öz imkan və bacarıqlarını bilməsi uğurlu əməkdaş üçün çox vacibdir. İnsanın öz haqqında təsəvvürü psixologiyada «Mən - konsepsiyası» anlayışı ilə işarə olunur və «mənliyin» tam simasını, yəni öz-özünə qiymət verilməsini təşkil edir. Bəziləri öz-özünə həddən artıq, digərləri isə əksinə aşağı qiymət verirlər, başqa sözlə desək «tam dəyərə malik olmama» kompleksindən əziyyət çəkirlər.

Ədliyyə işcisi «Mən necə olmalıyam» mövqeyinə nəzər yetirək, daima öz biliyini artırmalı, məlumatı dərk edib üzərində işləməyi bacarmalı, geniş dünya görüş dairəsinə, biliyə malik olmalı, özü və xidmət etdiyi sahədə üzləşən real və əsassız təhlükələrə qarşı müqavimət göstərməyə hazır olmalıdır. Bunula bərabər, təmkinli, son dərəcədə dəqiq, mütəşəkkil və səliqəli olmaq lazımdır. Ədliyyə işçisi hər zaman inandırmağı, öz mövqeyini müdafiə etməyi, emosiya və əhvalını idarə etməyi, birlikdə xidmət etdiyi əməkdaşların nöqteyi-nəzərini qəbul etməyi, danışıqlar aparmağı bacarmalıdır. Peşəkar Ədliyyə işçisi öz nailliyyətlərini, nöqsanlarını və səhvlərini təhlil edə bilməlidir. Bir tərəfdən, o, qərarından dönməz olmalı, sözünün üstündə durmalı və mövqeyinin doğruluğunu sübut etməli, digər tərəfdən isə, işin faydası üçün onda çeviklik, elastiklik, öz haqsızlığını etiraf etmə və qanuna uyğun kompromis qərar axtarıb tapmaq bacarığı kimi keyfiyyətlər olmalıdır. Məlumdur ki, Ədliyyə işçisi hüquqşunas kimi əsas vəzifələrinə xidmət etdikləri sahədə istənilən praktiki fəaliyyətinə hüquqi qiymətin verilməsi, digər insanları hüquqi səhvlərdən və onların nəticələrindən qorumaq aiddir.

Yaxşı və peşəkar rəhbərlərimdən öyrəndiyim təcrübəm budur ki, qəzəb, hirs, inciklik, məyusluq, kədər, qəm, ümidsizlik, qorxu işçini tam iflic edir və əməyin nəticələrinə mənfi təsir göstərir. Əksinə, maraqlılıq, əminlik, əmin-amanlıq, gümrahlıq nəticənin əldə olunmasına müsbət təsir göstərir. Rəhbərin xüsusiyyətlərini öyrənərkən əməkdaş onun əsasən də stress vəziyyətlərdəki davranışına diqqət yetirməlidir. Bu davranışı proqnozlaşdıra bilən əməkdaş işgüzar və şəxsi münasibətlərdə birgə problemlərin uğurlu həllinə nail ola bilər.

Ünsiyyətin bütün növlərinin daxili və xarici strukturu mövcuddur. Xarici strutkura bunları aid etmək olar: nitq, jestlər, mimika, yeriş, geyim və davranış qaydası, yəni vizual deyilən mədəniyyət. Peşəkar davranışa ailədə və məktəbdə tərbiyə edilmə, təhsil, insanın yaşadığı psixoloji dairə, mühit təsir göstərir. Eyni zamanda, özünü «təqdim edə» bilməməsi, geyim üslubunu (işgüzar, ev, idman geyimlərinin) qarışıq salması, özünü aparmaq tərzi, üz ifadəsi işçinin peşəkar davranışına mənfi təsir göstərə bilər. Sağlamlıq, işgüzar aktivlik də əhəmiyyətlidir. Məlumdur ki, əl barmaqları gərgin vəziyyətdə olan və oynayan, dodaqlarını bükən insanlar həddən artıq həyəcanlı, vasvası və fəal olurlar. Peşəkar davranış Ədliyyə işçisinin imicinin vacib tərkib hissəsidir. Bu imicin formalaşması isə illərlə vaxt aparır. Davranış, işə münasibət, qeyri-peşəkar fəaliyyət və insanlarla təmasa girmək bacarıqsızlığı bu imicə tez bir zamanda mənfi təsir göstərə bilər. Sokrat demişkən: «İnsan, yaxşısı necə olduğunu bilə-bilə pis hərəkət edir».

Heç bir başqa peşədə olmadığı kimi bu peşədə hər şey insanın özündən asılıdır. Yeri gəlmişkən, burada «Lifespring» («Həyatın baharı») amerika təlim sisteminin fundamental fikrini tətbiq etmək olar: «Mən həyatımda baş vermiş, baş verən və baş verəcək hər bir şeyə görə məsuliyyət daşıyıram. Həyatımda ÖZÜM, etdiyim həm bərbadlığa həm də müvəffəqiyyətlər və yaratdıqlarıma cavabdeh oluram. Mən heç kimə paxıllıq və heç kimlə özümü müqayisə etmirəm. Mən bu dünyaya öz vizit kartımla gəldim və alnıma yazılmış təyinatı yerinə yetirirəm».

Öz şəxsi «imicini» yarada bilməyən, rəhbəri, tabeliyində olan işçiləri ilə psixoloji əlaqə və komfort qura bilməyən Ədliyyə işçisi çox vaxt özünü «uğursuz adam» hesab edir. O, başqa iş axtarmağa başlayır amma başqa iş yerində də onu həmin «tamaşa» gözləyə bilər. Onda əməkdaş düşünməlidir ki: «Hər bir vəziyyətdə eyni göstərici mövcuddur - MƏN özüm. Mənim bəlalarımın mənbəyi nədir? Mən, rəhbərim, peşəkar biliklərim, psixloji aspektləri bilməməzliyim və ya başqa bir şey?». Bu halda əməkdaş: «Haqqında o, özü özünü düzəltdi deyilə biləcək bir insan ol» ingilis məsəlinə üz tutmalıdır.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş