Bir çox hallarda yetkinlik yaşına çatmayan uşaqların ölkə hüdudlarından kənara çıxmasında problemlər meydana gəlir. Hüquqi maarifləndirmənin zəif olması, yaxud valideynlərin övladlarının ölkədən kənara çıxması üçün razılıq ərizəsi verməməsi son nəticədə sərhəd buraxılış məntəqələrində xırda problemlərə yol açır. Bəs görəsən, yetkinlik yaşına çatmayan şəxsin ölkədən kənara getməsi üçün hansı hüquqi prosedurlar həyata keçirilməlidir?
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova Newscenter.az-a bildirib ki, Miqrasiya Məcəlləsinin 11.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər:
“Əgər yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə gedirsə, digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur”.
Vəkil bildirib ki, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə isə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur:
“Həmin şəxslərdən birinin razılığının olmadığı halda isə yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi yalnız məhkəmənin qərarı əsasında mümkün hesab edilir”.
İnqilab