Mövzunun mahiyyəti və məzmununa münasibət bildirmək həm bacarıq, həm də ədəb-ərkan tələb edən məsələdir...
Bu və ya digər müddəaya (həm də iddiaya) elmi və əsaslı münasibət bildirməkdə aciz qalan qardaşlarımız ya iddia sahibinin şəxsini ittiham edir, ya da daşlaşmış ifadələrə çevrilən cümlələri təkrarlayırlar.
"Bilmirsən; bilmədiyini danışma; elm əhli deyilsən; ilahiyyat təhsili almamışsan; filan alimin dizinin dibində oturmamışsan" kimi giley-güzarları adətən iki halda edirik: a) qarşı tərəfi tanımırıq, onun elmi yaradıcılığı, ideyalarından bixəbərik; b) mövzunu bilmirik, ya da biliklərimiz natamamdır, odur ki qulağımızın eşitmədiyi informasiya qarşımıza çıxanda elə bilirik ki, qarşı tərəf yanlış fikirləşir.
Əzizlərim, söhbət mübahisəli mövzulardan gedirsə, lütfən, təktərəfli düşünməyək, bir cəbhənin alimlərinin dediklərini kanonik müddəa hesab etməyək; nəzərə alaq ki, bu kimi mövzularda fikirlər haçalanır, alimlər cəbhələrə bölünür; biz bir nöqteyi-nəzəri əsas götürürüksə, qarşı tərəf digərini əsas götürür.
Ümumiyyətlə, bizə qəribə gələn fikrə münasibətimizin obyektiv olması üçün elmi müzakirə aparmalı, əks arqumentlərlə müqayisəli təhlil əsasında onu puça çıxarmalıyıq.
Müşahidə etmişəm ki, dünyəvi ölkələrdə müasir təhsil formatına cavab verən universitetlərdə təhsili alan ilahiyyatçılar elmi müzakirə və polemikaya açıqdırlar, fərqli fikirlərin qarşısında emosional partlama yaşamırlar.
Hər kəsə şamil etmirəm, amma ənənəvi mədrəsələrdə oxuyan, evlərdə dini təhsil verən üləmanın yanında fərdi dərslər alanlar isə daha qapalıdırlar, problemlərə geniş prizmadan nəzər sala bilmirlər. Səmimidirlər, amma emosionaldırlar, yaradıcı və situativ ictihad sahibi sayılan alimlərə və ideyalarına məsafəli davranırlar.
Təqlid və kor təqlid, məzhəb və məzhəbçilik (məzhəb təəssübkeşliyi) barədə qeydlərimizə, mülahizələrimizə (bu mülahizələr qətiyyən bizim beynimizin məhsulu deyildir; müsəlmanların parçalanmışlığını özünə dərd edən, məzhəbləri inkar etməsə də, ümmətçi düşünən bütün alimlər bu problemləri dilə gətirmişlər) adekvat cavablar vermək əvəzinə, şəxsimizi hədəfə almaq bir daha göstərir ki, sağlam müzakirə üçün biliyimiz və ədəb-ərkanımız çatmır.
P.S. Mövzu və reallığımızla əlaqəli olduğu üçün iraqlı alim, üsulşünas Taha Cabir əl-Ülvaninin fikirlərini aşağıda dərc edirik:
"Biz ağıl və könüllərə tarixi yerləri və legitimlikləri həkk olunan şəxsiyyətlərin qoyub getdiyi rəy və məzhəblərin istənilən təftişinə son dərəcə həssaslıqla yanaşan ənənəyə sahib ümmətik. Bu ona görədir ki, rəylə rəy sahibini fərqləndirə bilməmişik. Bu səbəbdən bəziləri bu və ya digər rəyi (görüşü) onun sahibi ilə eyniləşdirmişlər; odur ki istənilən fikrə, rəyə yönəlmiş tənqid onu söyləyən şəxsi tənqid kimi qəbul edilmişdir. Əgər tənqid bizdə söyüş və həcv hesab edilirdisə və fikirlər tarixi və müasir amillər səbəbi ilə şəxsləşmişdirsə, onda bunlar bizə başa salır ki, nə üçün bəzi rəy sahibləri fikirlərini açıq şəkildə izah etməyiblər və tənqidlərə nə üçün bu qədər sərt reaksiya verilmişdir. Həmçinin yaşda və vəzifədə böyüyə ehtiram ənənəsi bizdə köklü ənənədir. Bu ənənə ehtiram anlayışı ilə əlaqəli bəzi təhriflərə səbəb olmuşdur. Məsələn, yaşca böyüyün fikrini ciddi müzakirəyə təhkim etmədən, dar çərçivədə qarşı çıxmaqla qəbul etmək belə təhriflərdəndir. Halbuki ənənəmizdə Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) üslubu möhkəmlənməli idi. Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) müsəlmanları fikir bildirmək, mühakimə aparmaq, qardaşlığı, sevgi və ehtiramı yaralamadan düşüncəni ifadə etmək ruhunda tərbiyə edirdi. Bu yerdə, Peyğəmbərin ictihada çağırması, müctəhidə haqlı çıxdıqda iki, səhv etdikdə bir savabın yazılmasını, yaxşılığa çağırıb pislikdən çəkindirmə işinin, rəhbərlərə və xalqa nəsihət etməyin zəruriliyini bildirməsi haqqında düşünməyimiz kifayətdir" (Taha Cabir əl-Ülvani. Tövhid, tərbiyə və mədəniyyət. Bakı, 2018, səh. 106-107)
Elvusal Məmmədov-AMEA əməkdaşı