Bəzən bir insanın törətdiyi hal və hərəkət kifayət qədər səsli-küylü olsa da, lakin həmn hərəkət heç də cinayət əmıli sayılmır. Yaxud hansısa baş verən xırda insdent cinayət əməli hesab olunur. Bəs, ümumiyyətlə cinayət əməli nədir?
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova Newscenter.az-a bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Onun sözlərinə görə, cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir:
"Xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 2 ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur".
Vəfa Qədirova bildirib ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 7 ildən artıq olmayan əməllər AZ AĞIR cinayətlər hesab olunur:
"Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 12 ildən artıq olmayan əməllər AĞIR cinayətlər hesab olunur. Qəsdən törədilməsinə görə 12 ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər XÜSUSİLƏ AĞIR cinayətlər hesab olunur".
İnqilab Süleymanov