Az qala həyatımızın ayrılmaz bir hissəsinə çevrilən sosial şəbəkələrdən heç də bütün istifadəçilər səmərəli yararlana bilmir. Getdikcə sosial şəbəkə istifadəçilərinin daha çox burada neqativ, mənfi hərəkətlərlə yadda qaldığı artıq günümüzün reallığına çevrilib. Bir sıra hallarda isə hətta sosial şəbəkə istifadəçisi ekranın o biri üzündə olan şəxslə təhqirlə danışır, hədə-qorxu gəlir, yaxud şantaj edir. Bəs, görəsən bu kimi neqativ hallara qarşı hansı cəza tədbirləri nəzərdə tutulur?
Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasınınn üzvü, vəkil Vəfa Qədirova məsələ ilə bağlı danışarkən bildirib ki, Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma-1000 manatdan 1500 manatadək miqdarda cərimə ilə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Vəkilin sözlərinə görə, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma-2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:
"Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma-1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə - 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Vəkil onu da diqqətət çatdırıb ki, “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.
İnqilab Süleymanov