"Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərindən sonra Şimali Kipr Türk Respublikasının ardınca Azərbaycana dövlət səfəri iki dövlət arasında olan qardaşlığın ən bariz nümunəsi, eyni zamanda Türkiyə dövlətinin öz ənənələrinə sadiqliyinin göstəricisidir".
Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, səfərin özü belə həm region ölkələri, həm də denya üçün bir mesajdır:
"Azərbaycan və Türkiyə prezidentləri həm təkbətək, həm də geniş tərkibdə görüşlərində gələcək hədəflərə yönəlik bəyanatlarla çıxış etdilər. Türkiyə və Azərbaycanın xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcəkləri bağlı açıqlamalar verildi. Şübhəsiz ki, xarici siyasətlə əlaqədar aparılan birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. Bölgənin inkişafı, sabitliyi və güvənliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi olduqca böyük önəm kəsb edir".
Yusif Bağırzadə qeyd edib ki, Cənab Ərdoğanın da dediyi kimi bu gün Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir:
"Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldilən əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Cənab Ərdoğan həm də Şuşadakı baş konsulluğun açılacağı ilə bağlı fikirlər səsləndirdi ki, bu da Ermənistan başda olmaqla bütün dünyaya verilmiş aydın bir mesaj kimi qəbul oluna bilər.
Prezidentlərin bəyanatlarında səsləndirdikləri məqamlara baxdıqda görürük ki, tərəflər Şuşa Bəyannaməsi və digər imzalanan müqavilələr əsasında münasibətlərin daha da inkişaf etdirilməsində prinsipial mövqeyə malikdirlər. Xüsusilə cənab Ərdoğanın formalaşdırdığı yeni kabinetin üzvlərinin Azərbaycana gəlməsi bu mənada çox böyük əhəmiyyət daşıyır. Bunu Türkiyənin yeni hökuməti ilə Azərbaycan arasındakı əlaqələrdə yeni mərhələnin başlanğıcı kimi də xarakterizə etmək olar. Heç şübhəsiz ki, Türkiyə dövlət başçısınn ölkəmizə səfəri, kordinasiyalı fəaliyyətlə bağlı əldə olunan razılaşmalar ayrı-ayrı maraqlı dövlətlərin rəsmi Bakıya qarşı mənfi siyasətinin neytrallaşdırılmasında mühüm rol oynayacaq".
Anar Əliyev