Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu səfər Azərbaycanın Qarabağda yaratdığı sülhə, təhlükəsizliyə, ən əsası ölkəmizin ərazi bütövlüyünə olan dəstəkdir

Bu səfər Azərbaycanın Qarabağda yaratdığı sülhə, təhlükəsizliyə, ən əsası ölkəmizin ərazi bütövlüyünə olan dəstəkdir


“Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı münasibətlər qarşılıqlı hörmət, əməkdaşlıq və dostluq prinsiplərinə əsaslanır. Bu münasibətlər diplomatik, iqtisadi, mədəni və digər sahələri əhatə edir. 1992-ci ildən qurulan Azərbaycan BƏƏ diplomatik münasibətləri hər ötən gün keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyur. Baş tutan yüksək səviyyəli qarşılıqlı səfərlər bu münasibətləri daha da inkişaf etdirir. Hesab edirəm ki, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nahyanın ölkəmizə səfəri və səfər çərçivəsində Şuşada olması Bakı-Əbu-Dabi münasibətlərinin inkişafı baxımından əhəmiyyətli olacaq”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. O deyib ki, iki ölkə arasında yüksək səviyyəli rəsmi səfərlər və görüşlər vaxtaşırı keçirilir, bu da münasibətlərin inkişafına təkan verir:

“BƏƏ şirkətləri Azərbaycanda müxtəlif layihələrdə – xüsusilə tikinti, energetika və turizm sahələrində iştirak edirlər. BƏƏ-nin "Masdar" şirkəti Azərbaycanda bərpa olunan enerji layihələrinə xüsusilə günəş və külək enerjisi layihələrinə sərmayə qoyur. Bu əməkdaşlıq Azərbaycanın enerji təhlükəsizliyinə və yaşıl enerji strategiyasına uyğundur. Azərbaycanın BƏƏ-yə ixrac etdiyi əsas məhsullar arasında kənd təsərrüfatı məhsulları, neft-kimya məhsulları yer alır. BƏƏ-dən isə Azərbaycana texnologiya, elektronika və sənaye məhsulları idxal olunur. Viza rejiminin sadələşdirilməsi sayəsində BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı son illərdə əhəmiyyətli dərəcədə artıb. Bakı və Əbu-Dabi, Dubay şəhərləri arasında birbaşa uçuşlar mövcuddur. Mədəniyyət sahəsində əməkdaşlıq, sərgilər, konsertlər və digər tədbirlər vasitəsilə inkişaf etdirilir. Bütün bunlar iki ölkə arasında münasibətləri gün-gündən inkişaf etdirən, əməkdaşlıq üçün yeni imkanlar açan məqamlardır”.

İlham Məmmədov deyib ki, Bakı və Əbu-Dabi beynəlxalq platformalarda, təşkilatlarda da yaxından əməkdaşlıq edir:

“Azərbaycan və BƏƏ BMT, İƏT (İslam Əməkdaşlıq Təşkilatı) və digər beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək göstərirlər. Hər iki ölkə dayanıqlı inkişaf, iqlim dəyişikliyi və enerji təhlükəsizliyi kimi qlobal məsələlərdə əməkdaşlığa önəm verir”.

Millət vəkili deyib ki, BƏƏ Prezidentinin Azərbaycana səfəri çərçivəsində Şuşada olması mühüm əhəmiyyət kəsb edir:

“İlk növbədə ona görə əhəmiyyətlidir ki, BƏƏ Prezidenti Şuşaya səfər edən ilk ərəb lideridir. Bu səfər həm də müsəlman dünyasının Qarabağ məsələsində Azərbaycanın mövqeyinə dəstəyinin gücləndiyini göstərir. Eyni zamanda bu səfər Azərbaycanın Qarabağda yaratdığı sülhə, təhlükəsizliyə, ən əsası ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə olan dəstəkdir. Azərbaycan liderinin nüfuzu, regionda söz sahibi olması, eləcə də uğurlu diplomatik gedişləri ölkəmizi regionda sözün əsl mənasında lider dövlətə çevirib. Bu baxımdan dünya dövlətləri Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verirlər”.

İlham Məımmədov qeyd edib ki, səfər zamanı imzalanan sənədlər ikitərəfli əlaqələrin inkişafına yeni mərhələ açacaq:

“Azərbaycan-BƏƏ əlaqələri strateji müttəfiqlik səviyyəsinə keçidi. Səfər zamanı imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsi, iki ölkənin münasibətlərinin yeni strateji ittifaq səviyyəsinə keçdiyini göstərir. Bu, enerji, investisiya, turizm, kənd təsərrüfatı, yaşıl enerji və texnologiya sahələrində böyük layihələrin başlanmasına imkan yaradır”.

Deputat hesab edir ki, bu səfər həm də Türkiyə–Azərbaycan–BƏƏ üçbucağının formalaşması istiqamətində mühüm addımdır:

“Türkiyə ilə sıx müttəfiq olan Azərbaycanın, ərəb dünyasının aparıcı dövləti ilə də strateji tərəfdaş olması Türkiyə–Azərbaycan–BƏƏ üçbucağının formalaşmasına zəmin yaradır. Bu üçlük enerji layihələri, regional sabitlik və nəqliyyat dəhlizləri, məsələn, Zəngəzur dəhlizi kimi mövzularda yeni sinerji yarada bilər”.

Süleyman
Xəbəri paylaş