Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan mədəniyyətinin ən böyük himayədarı

Azərbaycan mədəniyyətinin ən böyük himayədarı


Heydər Əliyev uzaqgörənliyi, qətiyyəti və cəsarəti, geniş dünyagörüşü ilə bir dövlət başçısı, bacarıqlı siyasətçi və diplomat kimi bütün dünyada özünü tanıtmış, dünya miqyaslı siyasətçilər siyahısında ön cərgələrdə yer tutmuşdur. Dahi rəhbərimiz və ulu öndərimiz Heydər Əliyevin adı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmışdır.
Dünyada tanınmış bir çox ekspertlərin fikrincə, Heydər Əliyev məharətli və uzaqgörən siyasətçi olmaqla yanaşı, dövlətçilik təcrübəsində də dövlət idarəçiliyinin fenomeni kimi daim yaşayır. Azərbaycanın son illər ərzindəki nailiyyətləri və davamlı yüksək templi inkişafı buna açıq-aydın sübutdur. Azərbaycanın bir dövlət kimi müstəqilliyinin əldə olunması, qorunması və inkişaf etmiş ölkələr sırasında tanınmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. O, söylədiyi çıxışlarında xalqına, vətəninə olan sevgisini həmişə fəxr hissi ilə vurğulayırdı. Ulu öndərimiz Azərbaycanın bütün sahələri üzrə dinamik inkişafa qədəm qoymaqla yanaşı, milli mədəniyyətimizin daha yüksək zirvələr fəth etməsi üçün də möhkəm zəmin yaratmışdır. Heydər Əliyev Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin kamil bilicisi və vurğunu idi. Ulu öndər respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycan incəsənətinin tərəqqisi və inkişafı üçün əlindən gələni əsirgəməmişdir. Çünki o, çox gözəl bilirdi ki, bir dövləti, xalqı digər dövlətlərdən fərqləndirən əsas cəhətlərdən biri də məhz həmin dövlətin, xalqın özünəməxsus incəsənət sahələrinin olmasıdır. Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti, sözün həqiqi mənasında, yüksəliş dövrü keçdi.

Dahi şəxsiyyət əsas da musiqi sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşırdı. Çünki xalq musiqimiz Azərbaycan mədəniyyətinin, tarixinin, əsasını təşkil edir. Hər bir xalqın musiqi irsində olduğu kimi, Azərbaycan xalq musiqisini həm dövlətimizdə, həm də digər xarici ölkələrdə tanıdan, yaşadan musiqiçilərimiz vardır. Ulu öndərin təbirincə desək ―XX əsrdə Azərbaycan musiqi mədəniyyətində böyük nailiyyətlər əldə edilmişdir. Milli musiqi incəsənətini inkişaf etdirən görkəmli musiqi xadimləri və onların qiymətli əsərləri xalqımızın çox böyük milli sərvətidir. Xalqımız Azərbaycana dünya şöhrəti qazandıran istedatlı musiqiçiləri ilə haqlı olaraq fəxr etmiş, edir və edəcəkdir. Məhz buna görədə Ulu Öndər həmişə bəstəkarlara, ifaçılara, musiqişünaslara qayğı və hörmətlə yanaşmış, onlar ilə tez-tez görüşlər təşkil etmiş və əməklərini daima yüksək qiymətləndirmişdir. Ümummilli lider Azərbaycan musiqisinin dünya arenasına çıxması üçün böyük işlər görürdü. Onun sərəncamı ilə Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərə Prezident təqaüdü verilmiş, onların bir çoxu isə dövlətin ən yüksək orden və mükafatları ilə təltif olunmuşdular. O, Azərbaycan musiqi mədəniyyətinin böyük yaradıcıları olan dünya şöhrətli bəstəkarlar Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, məşhur müğənnilər Rəşid Behbudov, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Zeynəb Xanlarova və başqalarının sənətinə yüksək qiymət verərək, onların fəaliyyətinin beynəlxalq arenaya çatdırılması üçün geniş çalışmışdır. Bundan başqa yaradıcılıq evlərinin tikilməsi, dünyasını dəyişən görkəmli bəstəkarların xatirəsini əbədiləşdirmək üçün ev muzeylərinin yaradılması, yubiley gecələrinin təşkili, tanınmış bəstəkar və ifaçıların xatirələrinə həsr olunmuş müsabiqələr, musiqiçilərin fəxri adlar, orden və mükafatlarla təltif olunmaları da məhz Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Söz yox ki, bu təltiflər bəstəkarlarımızın yaradıcılığı üçün ilham mənbəyi olaraq onları yeni-yeni yaradıcılıq uğurlarına sövq etmişdir.
Musiqiçilər də təbiidir ki, onlara göstərilən bu diqqət və qayğıya biganə qalmırdılar. Dahi şəxsiyyətə həsr olunan neçə-neçə əsərlər ifaçılar tərəfindən hələ də sevilərək ifa olunur.

Heydər Əliyev bildiyimiz kimi, təhsil sahəsinə xüsusilə önəm verirdi. Musiqi sahəsində də təhsilin önəmini bilən Ulu öndər Azərbaycanın müxtəlif bölgələrində musiqi məktəbləri, muğam və aşıq sənəti ilə bağlı yaradıcılıq mərkəzlərinin yaradılması üçün xüsusi göstərişlər vermişdir. Ulu öndər Heydər Əliyev həm də Üzeyir Hacıbəyov musiqisinin böyük vurğunu idi. Bildiyimiz kimi, Heydər Əliyevin təklifi ilə Üzeyir Hacıbəyovun doğum günü yəni, sentyabr ayının 18-i Azərbaycanda musiqi günü kimi qeyd olunur. Hal-hazırki dövrdə də məhz bu gün respublikamızın hər bir yerində təntənəli şəkildə böyük əhvali-ruhiyyə ilə qeyd olunur. Musiqi bayramının qeyd olunmasının əbədiyaşar liderin, ömrünü musiqiyə həsr etmiş insanlara bəxş etdiyi qiymətli bir hədiyyə kimi də qeyd edə bilərik.

Ulu öndər Heydər Əliyevin apardığı uğurlu siyasəti hal-hazırda onun davamçısı hörmətli prezidentimiz İlham Əliyev cənabları müvəffəqiyyətlə dəvam etdirir. Prezident İlham Əliyev və xanımı birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri sayəsində Azərbaycan musiqisi müasir dövrdə daha da inkşaf etmiş, digər ölkələr tərəfindən musiqimizə maraq xüsusilə artmışdır. Müasir dövrdə də Azərbaycanın ecazkar milli musiqisinin inkişafı, dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılır. Hal-hazırda Azərbaycan dövləti siyasi arenada olduğu kimi, mədəni arenada da prezident İlham Əliyevin göstərdiyi əvəzsiz xidmətlər sayəsində inkşafının yeni mərhələlərinə qədəm qoyub.

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Xəbəri paylaş