Sovetlərin dağılması ilə müstəqillik əldə edən Azərbaycanın ayaqda durması, günümüzdə qüdrətli, güclü dövlətə çevrilməsi heç də asan olmamışdı. Suveren, azad bir dövlətin yeni siyasi formasiyaya uyğun olaraq formalaşması, inkişaf etməsi o dövr üçün o qədər də mümkün görünmürdü. Hər şeydən əvvəl həmin inkişafı şərtləndirən amillər, siyasi sabitlik, iqtisadi inkişafın əsas zəmini olan normal iqtisadi mühit və onun beynəlxalq aləmə tanıdılması o illərdə atılması vacib olan addımlardan idi. Lakin müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik edən siyasi hakimiyyətlərin səriştəsiz, bacarıqsız idarəçiliyi qeyd edilən müsbət tendensiyaların müşahidə edilməsinə mane olurdu.
Azərbaycanın çətin siyasi-iqtisadi dövrü
Müstəqil Azərbaycanın çətin siyasi-iqtisadi dövrü ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışına qədər davam etdi. 1993-cü ilin iyununda ölkədə baş qaldıran vətəndaş müharibəsi təhlükəsi, hakimiyyət əleyhinə artan etirazlar fonunda o vaxtkı iqtidar məcburiyyət qarşısında qalaraq Ulu Öndəri Naxçıvandan Bakıya, siyasi hakimiyyətə dəvət etdi. Heydər Əliyevin Bakıya qayıdışı ilə demək olar ki, bütün proseslərin axarı dəyişdi. Məhz ümummilli liderin zəngin siyasi təcrübəsi, idarəçilik bacarığı ilə.
Tezliklə ölkəni vətəndaş müharibəsi, parçalanma təhlükəsindən xilas edən Heydər Əliyevin sonrakı mərhələlərdə qarşısında duran mühüm vəzifə siyasi sabitlik fonunda iqtisadi inkişafa zəmin yaratmaq, bu inkişafı beynəlxalq aləmə tanıtmaq və xarici sərmayələri Azərbaycana cəlb etmək idi.
Beləliklə, Ulu Öndərin zəngin siyasi və idarəçilik təcrübəsi əsasında qısa müddət ərzində Azərbaycan dünyanın bir çox ölkə və təşkilatları ilə qarşılıqlı faydalı əlaqələr quraraq çoxsaylı saziş və müqavilələr imzaladı. Eyni zamanda həmin müqavilələrin həyata keçirilməsində əzmkarlıq göstərərək suveren dövlət kimi beynəlxalq aləmdə özünün nüfuzunu artırmağa başladı. Ümummilli liderin bu istiqamətdə ən böyük xidmətlərindən biri qədim "İpək yolu"nun bərpası təşəbbüsü ilə çıxış etməsi oldu. O illərdə dünyaya səs salan bu cəsarətli addım təkcə Qafqazda deyil, Çindən başlayaraq ABŞ-a qədər, eləcə də bütün dünyada əks -səda doğurdu.
"İpək yolu" Şərqlə Qərb arasındakı başqa yollara nisbətən daha qısa olduğundan təkcə regional deyil, eləcə də qlobal səviyyədə Azərbaycanın bu təşəbbüsü dəstək qazanırdı. Artıq fəaliyyət göstərən bu yolun işləməsi real şəkildə belə bir faktı təsdiqləyir ki, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizindən istifadə olunarkən yüklərin daşınması daha sürətlə, vaxt baxımından qısa zamanda təyinatı üzrə göndərildiyi yerə çatdırılır və daha ucuz başa gəlir. Qədim "İpək yolu"nun bərpasını Azərbaycan və bütövlükdə region ölkələri üçün tərəqqi yolu hesab edən Türkiyənin o zamankı dövlət başçısı S.Dəmrəl məsələnin mahiyyətinə dərindən nüfuz edərək deyirdi: "Bakı belə görüşlər üçün çox münasibdir, çünki dünyanın bu bölgəsi və Bakı həmişə Qərb ilə Şərq arasında birləşdirici məntəqə olmuşdur. Tarix də sübut edir ki, Azərbaycan Qərb ilə Şərq arasında, Avropa, Asiya və Çin, Rusiya, Aralıq dənizi arasında, Mərkəzi və Şərqi Avropa arasında iqtisadi əlaqələrlə bahəm, mədəni əlaqələrin də yaradılmasında çox böyük rol oynamışdır".
Azərbaycan beynəlxalq layihənin iştirakçısı kimi
Heydər Əliyev uzaqgörənliyi sayəsində Azərbaycan bir sıra beynəlxalq layihələrin iştirakçısına da çevriıdi. Onlardan biri Avropa İttifaqının TRASEKA proqramı çərçivəsində həyata keçirilən layihədir ki, Azərbaycan onun fəal üzvüdür. Belə ki, 1993-cü ildə baş tutan Brüssel konfransında Azərbaycan da Avropa Birliyinin Avropa - Qafqaz - Asiya nəqliyyat dəhlizinin inkişafına texniki yardım üzrə TRASEKA proqramının işgüzar iştirakçısına çevrildi. Yeni yaradılan kommunikasiya xətləri, Avropa - Qafqaz - Asiya nəqliyyat dəhlizi magistralın bərpası və yenidən tikilməsi, həyata keçirilən digər tədbirlər reallaşdıqca istər iqtisadi, istərsə də dünya ölkələri ilə Azərbaycanın beynəlxalq münasibətlərinin inkişafı daha qabarıq şəkildə nəzərə çarpırdı.
Bütün bunlar Azərbaycanın Avropa Birliyi ilə qurduğu işgüzar münasibətlərin başlanğıcı idi. Dövlətlərarası beynəlxalq münasibətləin fayda və əhəmiyyətini yüksək qiymətləndirən Azərbaycan nəinki Avropa Birliyindəki dövlətlərlə, digər dövlətlərlə də müasir tələblərə uyğun iqtisadi, mədəni, elmi əməkdaşlığa xüsusi diqqət yetirirdi. Hələ Lüksemburda Avropa Birliyi ilə Azərbaycan arasında 1996-cı ilin aprelində tərəfdaşlıq haqqında imzalanmış saziş bu ölkələrilə daha sıx əlaqələrin yaranmasına kömək göstərdi və ötən illər ərzində həmin beynəlxalq təşkilatlardan maliyyə yardımları da alındı. Bunun məntiqi davamı kimi, 7-8 sentyabr 1998-ci il, Bakı şəhərində Azərbaycan Prezidentinin təşəbbüsü və səyi nəticəsində "Böyük İpək yolu"nun bərpasına və dirçəldilməsinə həsr olunmuş konfrans keçirildi. Həmin konfransda TRASEKA layihəsinin həyata keçirilməsində maraqlı olan dövlətlərlə yanaşı, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar da iştirak edirdi.
Tarixi “İpək yolu”nun bərpasından narahat olanlar
Həmin görüşdə TRASEKA -ya üzv dövlətlər müvafiq komissiyaların, daimi katibliyin yaradılması və onun Bakıda yerləşdirilməsi məsələsini də müzakirə etdilər. Etiraf etmək lazımdır ki, bu məsələyə bəzi dövlətlər qısqanclıqla yanaşsalar da, Heydər Əliyevin səyləri nəticəsində TRASEKA Katibliyinin Bakıda yerləşdirilməsi qərarlaşdırıldı. Belə bir qərarın qəbul olunması Azərbaycan üçün müstəsna dərəcədə əhəmiyyətli idi. Çünki Avropa - Qafqaz - Asiya dəhlizində tranzit ölkə kimi mərkəz seçilən Bakı, həm də yüksək qəbuletmə və yükötürmə imkanlarına malik məkan kimi ölkəyə külli miqdarda iqtisadi mənfəət gətirə bilərdi ki, biz indi bunun real nəticələrini görürük.
Azərbaycanın TRASEKA layihəsində fəallığına olan qısqanclıq kimi, "İpək yolu"nun bərpasında və dirçəldilməsində ölkəmizin əlverişli mövqeyi və beynəlxalq nüfuzunun artması bəzi dövlətləri narahat etməyə bilməzdi. Belə ölkələrdən biri də Azərbaycanın yaxın qonşusu Rusiya idi. Dünyanın nəhəng aparıcı dövlətlərdən olan Rusiya bu işin səmərəsini yaxşı bildiyindən və həmin yolun Rusiya ilə birbaşa bağlı olması qətiyyətində olduğundan keçirilən bütün tədbirlərə öz soyuq münasibətini gizlədə bilmirdi. Rusiyada düşünürdülər ki, layihənin gerçəkliyə çevriləcəyi təqdirdə Avropa bazarlarını Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlayacaq bu dəhliz Rusiya kommunikasiyaları ilə rəqabətə girəcək. "İpək yolu"nun bərpasının Azərbaycanın Xəzəryanı geosiyasi məkanda aparıcı dövlətə çeriləcəyi fikri qısqanclıqla vurğulanırdı. Çünki bununla 200 milyard bareldən artıq neft ehtiyatları olan və qlobal TRASEKA layihəsi çərçivəsində Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanı birləşdirəcək kommunikasiya sistemlərində əsas mövqeyə malik olan Azərbaycanın Xəzəryanı geosiyasi məkanda aparıcı dövlətə çeriləcəyi qaçılmaz olurdu.
Avropa İttifaqında da müəyyən dairələrin layihənin həyata keçirilməsinə münasibətdə soyuqluq yaratmağa çalışdığı danılmaz idi və həmin qüvvələrin mövcudluğunu qabaqcadan hiss edən Heydər Əliyev bunu Bakıda TRASEKA -nın daimi katibliyi ofisinin açılışı mərasimində Avropa İttifaqının rəsmi nümayəndələrinin nəzərinə çatdıraraq demişdir: "Mən sizə müraciət edərək demək istəyirəm ki, siz TRASEKA proqramına vəsait ayrılmasına xəsislik etməyin. Çünki bu, nə sizə, nə də bizə xeyir verəcəkdir. İndi artıq sizdə də , bizdə də - hamıda qəti bir fikir var ki, TRASEKA proqramı, "Böyük İpək yolu "nun bərpa edilməsi bu gün üçün və XXI əsr üçün ən böyük proqramlardan biridir. Bu proqramın hərtərəfli inkişafını nə qədər təmin edə bilsək, Cənubi Qafqaz, Orta Asiya, Mərkəzi Asiya ölkələrinin Avropa ilə inteqrasiyası o qədər də sürətli olacaq".
Ümummilli lider Heydər Əliyevin zərgər dəqiqliyi ilə həyata keçirdiyi layihələr günümüzdə Ulu Öndərin siyasi davamçısı Cənab prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu baxımdan ölkəmiz üçün mühüm strateji əhəmiyyət daşıyan qlobal layihələrdən sayılan Bakı - Tiblisi - Axalkalaki - Qars dəmir yol xətti (BTAQ) layihəsini qeyd etmək yerinə düşər. Bu layihənin geopolitik önəmi həm də ondan ibarətdir ki, dəmir yolu xətti təcavüzkar Ermənistandan yan etməklə həyata keçirilən daha bir böyük layihədir. Məhz bu səbəbdən erməni lobbisi ABŞ konqresinin layihənin maliyyələşdirilməsinə vəsait ayırmamaq barədə qərar çıxarmasına nail oldu. Lakin cənab İlham Əliyevin qətiyyətli mövqeyi və artıq regionunun liderinə çevrilən Azərbaycan dövlətinin layihənin
maliyyələşdirilməsinə lazımi vəsaiti öz hesabına ayıracağını bəyan etməsi növbəti dəfə Ermənistana ağır zərbə oldu. Dəmir yol xəttinin ümumi uzunluğu 104 km-dir. Onun da 75 km-i Türkiyə. 29 km-i isə Gürcüstan ərazisindən keçir. Layihənin ümumi dəyəri 450 milyon ABŞ dollarına yaxındır ki, onun da təxminən yarısını Azərbaycan tərəfi öz üzərinə götürüb.
Təkcə region deyil, bütün qitəyə təsir göstərən layihələr
Bakı - Tibilisi - Qars dəmiryolu layihəsi üzrə çərçivə sazişinin imzalanması Azərbaycan, Türkiyə və Gürcüstan arasında uğurlu əməkdaşlığın məntiqi nəticəsi olmaqla yanaşı, ölkəmizin mühüm regional layihələrin mərkəzi olduğunu bir daha təsdiq etdi. Bakı - Tibilisi - Qars hər üç ölkənin uzunmüddətli inkişaf strategiyasını təmin etməklə bərabər həm də bu ölkələrin xalqlarının da müstəqilliyinin əbədi təminatçısı rolundadır. Dəmir yolunun Gürcüstan ərazisindən keçən hissəsinin tikintisinə böyük məbləğdə, həm də uzunmüddətli kredit ayırmaqla Azərbaycan regionda liderə məxsus nüfuzunu bir qədər də möhkəmlətmiş oldu. Digər tərəfdən o, indi təkcə böyük investisiyaların qoyulduğu ölkə kimi tanınmır, həm də digər dövlətlərə kapital ixrac etmək imkanına malik ölkə imicini qazanıb.
Burada əsas diqqəti çəkən məqamlardan biri də budur ki, BTC və BTƏ kəmərlərindən fərqli olaraq Bakı - Tibilisi - Qars dəmir yolu Xəzərin enerji ehtiyatlarının Qərbə daşınmasını deyil, həm də beynəlxalq ticarət və turizm əlaqələrinin intensivləşməsini təmin edəcək.
Göründüyü kimi ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düşünülmüş, məqsədyönlü siyasət nəticəsində Azərbaycan sadəcə iqtisadi-siyasi və hərbi cəhətdən bölgənin liderinə çevrilməyib, həm də ən iri regional layihələrin mərkəzi və aparıcı qüvvəsi kimi beynəlxalq mövqelərini xeyli möhkəmləndirib.
Bir sözlə Azərbaycanın coğrafi - iqtisadi imkanları və resurs potensialı onun ixrac edən ölkəyə çevrilməsi üçün əsaslı zəmin yaradıb. Dövlət başçısı İlham Əliyevin dediyi kimi "Bu gün bu bölgədə Cənubi Qafqazda başlamış və artıq bütün regiona yayılan layihələr geniş mənada bütün qitəyə öz təsirini göstərib".
Ruhiyyə Mehdiyeva
Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur