Kaspersky Azərbaycanda fəaliyyət göstərən şirkətlərin əməkdaşları arasında kiberrisklərlə bağlı sorğu keçirib. Məlum olub ki, respondentlərin yalnız dörddə biri (25%) rəqəmsal təhlükəsizlik bacarıqları üzrə təlimlər, seminarlar və ya brifinqlərdə mütəmadi olaraq iştirak edir. Eyni zamanda təxminən hər üçüncü işçiyə (30%) rəqəmsal gigiyena qaydaları ümumiyyətlə öyrədilmir. Əlavə olaraq, işçilərin yalnız 8%-i bu cür təlimləri formallıq hesab edir, respondentlərin 65%-dən çoxu isə əldə edilmiş bilikləri həyatda tətbiq etməyə çalışır.
Newscenter.az xəbər verir ki, tədqiqat nəticəsində həmçinin şirkətlərdə İT mütəxəssislərinə yüksək etimad səviyyəsinin olduğu müəyyən edilib. Belə ki, işçilərin 75%-i iş cihazının yoluxduğunu və ya korporativ məlumatların oğurlana biləcəyini anladıqda dərhal informasiya təhlükəsizliyi üzrə mütəxəssisə müraciət edəcəyini bilir. Bununla belə, demək olar ki, hər beş nəfərdən biri problemi təkbaşına həll etməyə çalışır.
“Sorğumuz göstərdi ki, ümumiyyətlə Azərbaycanda işçilər yeni biliklər əldə etməyə həvəslidirlər, onlar nümayiş üçün təlim keçmirlər, həqiqətən də yeni məlumatlardan istifadə etməyə və kibergigiyena bacarıqlarını təkmilləşdirməyə çalışırlar”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.
Onun sözlərinə görə Azərbaycanda həmçinin işçilərin kifayət qədər böyük hissəsi hələ də müntəzəm olaraq kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunmur: “Dövrümüzdə işəgötürənlər tərəfindən bu cür təlimlərin təşkil edilməməsini səhlənkarlıq adlandıra bilərik, çünki insan hələ də kiberrisk zəncirinin ən zəif halqasıdır: hətta bir səhvə görə şirkətin biznesi və reputasiyası təhlükə altına düşə bilər”.
“Bu arada kibersavadlılıq üzrə korporativ təlimdən imtina etmək üçün heç bir səbəb yoxdur - fırıldaqçılıq sxemləri hər il daha hiyləgər olur, çox vaxt sosial mühəndisliyə əsaslanır. Beləliklə, bu ilin ilk beş ayından az bir müddətdə həllərimiz Azərbaycanda fişinq linklərinə təxminən 220000 keçid cəhdi qeydə alıb. Bu onu göstərir ki, bir çox insanlar hələ də saxta mesajları qanuni mesajlardan necə ayırd etməyi bilmirlər”, - Müşviq Məmmədov əlavə edir.
Korporativ poçtun təhlükəsizliyini təmin etmək və təhlükəsiz onlayn davranış bacarıqlarını inkişaf etdirmək üçün Kaspersky şirkətlərə tövsiyə edir:
• ixtisaslaşmış təhlükəsizlik həllindən istifadə edilmirsə, poçt xidmətində "Antispam" funksiyasını aktivləşdirin;
• işçilərin onlayn təhlükələr barədə məlumatlılığını artırın, onların təhlükəsiz onlayn davranış bacarıqlarını inkiaf etdirin və müvafiq vərdişlər formalaşdırın, bunun üçün informasiya təhlükəsizliyi təlimləri xidmətlərindən də istifadə edin. Məsələn, insan yaddaşının xüsusiyyətləri nəzərə alınmaqla işçilər arasında təhlükəsiz rəqəmsal davranış bacarıqlarının inkişafı və gücləndirilməsi üçün nəzərdə tutulan onlayn alət - Kaspersky ASAP platforması bu işdə köməkçiniz ola bilər;
• Anti-fişinq, anti-spam və zərərli proqram aşkarlama xüsusiyyətlərinə malik poçt serverləri üçün Kaspersky Security kimi xüsusi poçt serveri müdafiəsini quraşdırın. Microsoft 365 kimi bulud xidmətləri üçün də ayrıca həll var - Microsoft Office 365 üçün Kaspersky Security.
Sona