Rusiya yenə regionda pozuculuqla məşğuldur. Şimal qonşumuz bir tərəfdən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, iki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində çalışdığı görüntüsü yaradır, digər tərəfdən özü öz fəaliyyəti ilə sülhə, təhlükəsizliyə, regionda sabitliyin yaranmasına əngəl olur. Hər şeydən əvvəl Moskvanın Qarabağ separatçılarına dəstəyi, onların silah-sursatla təmin olunmasına Qarabağda yerləşdirdiyi sülhməramlılar vasitəsilə nail olması belə deməyə əsas verir.
Burada maraqlı məqam ondan ibarətdir ki, Rusiya bir qayda olaraq Ermənistan kimi sülhə yaxın olan ərəfədə, Birləşmiş Ştatlar, yaxud Brüsseldə konstruktiv danışıqlar baş tutan zaman pozuculuq əməllərini daha aydın şəkildə ortaya qoyur. Hər halda bu günlərdə Rusiyanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanat belə deməyə əsas verir. Elə AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu da belə düşünür.
Newscenter.az-a verdiyi açıqlamada Əli Oruclu deyib ki, Rusiya Xarici İşlər Nazirliyinin 15 iyulda Azərbaycan Ermənistan münasibətləri ilə bağlı verdiyi məlum bəyanat gözlənilən idi:
“Baxmayaraq ki 2022-ci il, 22 fevral tarixli Rusiya ilə Azərbaycan arasında Moskvada imzalanmış müttəfiqlik bəyannaməsi var və həmin bəyannamənin bütün bəndləri kobud şəkildə pozulur. Rusiya heç vaxt imzasına sadiq bir ölkə olmayıb. Bu bəyanat və Rusiya Sülhməramlı Qüvvələrinin müvəqqəti yerləşdiyi məsuliyyət zonasında göstərdiyi fəaliyyət Azərbaycanın təhlükəsizliyi və suverenliyi üçün böyük risqlər yaradır. Son dövrlər Qarabağda yaşayan etnik ermənilərin qızışdırılıb meydana buraxılması və Moskvanın təxribatçı addımları Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurasının prezidenti Ş. Mişelin təşəbbüsü ilə baş tutan görüşü pozmaq, əhəmiyyətsiz etməkdir”.
Əli Oruclunun sözlərinə görə, təhlükəli məqamlardan biri də Dağlıq Qarabağı Moskvanın üzdə deməsinə baxmayaraq, hələ də ayrıca bir bölgə kimi tanımasıdır:
“Halbuki de yerə belə inzibatı ərazi bölgüsü yoxdur”.
AMİP rəsmisi qeyd edib ki, Moskvanın məqsədi münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanmasına əngəl olmaqdır:
“Həmçinin regionda mövcudluğunu bundan sonra da saxlamaqdır. Əgər Ermənistanla Azərbaycan Bakı ilə Xankəndi ortaq dil tapıb razılaşa bilərsə, Rusiya o zaman oyundan kənarda qala bilər”.
Əli Oruclunun sözlərinə görə, bizim əsas vəzifələrimizən biri də odur ki, Moskvanın bütün mümkün təxribatlarına hazır olaq:
“Xankəndini Bakıya qarşı qaldırmaqla əslində Moskvanın özü bu qarşıdurmada əsas baş rol iştirakçısıdır. Beynəlxalq aləmdə güvənini və etibarını itirmiş Rusiya kimi bir ölkə ilə dost və müttəfiq olmaq mümkün deyil”.
Anar Əliyev