Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan türkcəsini ilk dəfə dövlət dili elan edən hökmdar

Azərbaycan türkcəsini ilk dəfə dövlət dili elan edən hökmdar


Bu gün Azərbaycanda Ana dili kimi qeyd edilir. Ana dilimizin tarixi çox qədimdir. Sadəcə Gəmiqaya, Qobustan, qədim İçərişəhər və digər tarixi abidələrin mövcud olduğu yerlərdə Ana dilimizlə bağlı yüzlərlə işarələr var. Hər bir işarə, damğa, rəsm və sairələr Ana dilmizin tarixini isbat edir. Bir çox qədim dastanlar Bilqamış, Dədə Qorqud, “Oğuz Kağan”, “Alp Ər Tonqa”, “Şu” və eləcədə sonradan yəhudilər tərəfindən məhv edilən Avestanın orjinalı indiki Azərbaycan dilinin ilkin formasında yazılmış idi. Bəs Azərbaycan türkcəsi dövlət dili kimi nə zaman elan edilib.

Çoxları bunu Şah İsmayılın adı ilə bağlasalar da ilk dəfə Azərbaycan dövlətçilik tarixində Azərbaycan Türkcəsinin dövlət dili kimi Qaramanoğulları Bəyliyinin qurucusu və hökmdarı Qaramanoğlu Məhəmməd Bəy tərəfindən 13 may 1277-ci ildə elan edilib. Onun verdiyi tarixi fərmanı ilə milli varlığımızın ən önəmli ünsürü olan türkcəni ilk dəfə olaraq dövlət dili elan etdi:

"Şimden gerü hiç kimesne kapuda ve divanda ve mecalis ve seyranda Türki dilinden gayrı dil söylemeyeler" - "Bundan sonra heç kimsə dərgahda, divanda, məclisdə və meydanda Türk dilindən başqa dildə danışması".
Bu fərmanla yeni həyat qazanan türk dili dövlət dilində üstünlük təşkil edən ərəb və fars dili qarşısında daha da möhkəmləndi. 1264-cü ildən etibarən Anadolunun türkmən bəyləri Qaramanoğlu Məhəmməd Bəyin ətrafında birləşmiş və o, tədricən Göksu, Gülək vadilərini, Aralıq dənizinin cənub və şimal sahillərindən Samsuna qədər olan böyük bir ərazini öz hakimiyyəti altında birləşdirməyə nail olmuşdu. Niğdə, Ağsaray, Kayseri, Sivas, Ankara, Konya, Ağşəhər, Afyon və Kütahya kimi ərazilər Qaramanoğlu Məhəmməd Bəyin nəzarəti altına keçmişdi. Eyni zamanda, Səlcuqlu dövlətinin ucqarlardakı ərazilərində nəzarəti ələ ala bilmişdilər. Qaramanoğlu Məhəmməd Bəy monqol istilası ilə əlaqədar olaraq böyük bir qarışıqlığın hökm sürdüyü Anadoluda Candar, Saruhan, Əşrəfoğlu və Hatıroğlu kimi bir çox türkmən bəyliyini ayağa qaldırmışdı. Bu dövlət həm ərazi baxımından çox böyük idi, həm də dövlətin ərazisində 2 milyon insan yaşayırdı.

Orta əsrlər dövründə bu qədər əhali heç də kiçik rəqəm deyildi. Bu dövlətin başında əfşar soyundan olan hökmdarlar dayanırdı. Osmanlı dövləti meydana çıxandan sonra burada dinə üstünlük verilirdisə, Qaramanoğluda türklüyə önəm verilirdi. Qaramanoğlu bəyliyi Əmir Teymurun yürüşləri zamanı Teymurla, Qaraqoyunlularla müttəfiq olmuşdu, Ağqoyunlu dövləti ilə möhkəm dostluq əlaqələri qurmuşdu. Qaramanoğulları oğuzların Əfşar boyuna mənsubdurlar. Qaramanoğulları Anadoluda ən güclü ailə və soy qəbul edilirdi.

İndi Türkiyə tarixçiləri onu özlərinə aid olmasın iddia etsədə, bu belə deyil. Əslən Azərbaycandan olan Nurə Soi məhz bu avşar türkmənlərindən çıxıb Qaraman bəyliyinin əsasını qoymuşdur. Nurə Soinin adı XIV əsrə aid bir kitabədə həkk olunmuşdur. Əfşarlar — 24 oğuz boyundan biridilər, əfşarlar qədim oğuzlar, müasir əfşarlar isə azərbaycanlıların subetnosu hesab edilir. Əfşar boyu Oğuz Xaqan dastanına görə oğuzların 24 boyundan biri və Qaşqarlı Mahmuda görə "Divanü Lüğat-it-Türk"dəki iyirmi iki oğuz bölümündən altıncısıdır. Bu boy Boz oğuzları qolundan (sağ qolundan), Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir. Əfşarlar Səfəvi dövlətini quran 7 türk qəbiləsindən biridir. Bəziləri iddia edirlər ki, Əfşarlar Orta Asiyada, Dədə Qorqud dastanlarında Oğuzeli deyilən Sırdərya bölgəsində yaşamışdılar Nadir şah öz soy kökünün Azərbaycan torpaqlarında olduğuna əmin idi. Bununla bağlı "Tadhkirat al-mulūk. A manual of Ṣafavid administration, circa 1137/1725. Persian text in facsimile-B.M. Or. 9496. Translated and explained by V. Minorsky", səh.164-də yazılır ki, "Əfşar tayfası bütöv İran üzrə səpələnib, lakin burada mətnimiz [Təzkirətülmülük], tayfanın Urmiya gölünün güney sahilində və Marağadan güneydə məskunlaşan hissəsini nəzərdə tutur - Nadir Şah 1730-cu ildə burada öz tayfasının "ana yurdunu" tapmağa şad olmuşdu." Türkiyəli tədqiqatçı A.Kaya “Əfşar türkmənləri” əsərində də bu fikri təsdiq edir. Əfşarların soy kökü Cənubi Azərbaycanın Urmiya bölgəsindən başlanır.

XVI yüzilliyin əvvəllərində Şah İsmayıl Xətainin qurduğu Səfəvilər dövlətində türk dili rəsmi dövlət sənədlərində istifadə olunurdu. N.M.Xudiyev "Azərbaycan ədəbi dilinin tarixi" kitabındayazır ki, Şah İsmayılın 23 iyun 1512-ci il tarixinə aid fərmanı Azərbaycan dilində verilmiş ilk dövlət fərmanıdır, "Fərman Musa Turqut oğlu adlı şəxsə yazılmışdır. Şah İsmayıl Azərbaycan dilində təkcə gözəl şeirlərin, “Bahariyyə”nin, mükəmməl ədəbi abidə “Dəhnamə”nin (“On məktub”) müəllifi deyildi. O, dövlət fərmanlarını da ana dilində verməklə Azərbaycan dilini dövlət müstəvisinə, siyasi müstəviyə keçirmişdi.

1918-ci ildə Azərbaycan Cümhuriyyəti yaranandan az sonra Azərbaycanda kargüzarlığın türk dilində aparılması ilə bağlı qərar qəbul edilir. 1921-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının ilk Konstitusiyası qəbul olunur və oraya dövlət dili haqqında maddə salınmır. 1924-cü ildə Mərkəzi İcraiyyə Komitəsinin Azərbaycanda dövlət dilinin türk dili olması ilə bağlı qərarı qəbul olunur.1936-cı ildə Azərbaycanın yeni Konstitusiya layihəsi hazırlanarkən orada Azərbaycanın dövlət dili türk dili kimi qeyd edilir. Ancaq 1937-ci ilin aprel ayında qəbul olunun əsas qanunda dövlət dili haqqında heç bir qayda öz əksini tapmır. Ancaq Konstitusiyada xüsusi maddə olmasa da, 1936-cı ildən sonra bütün normativ sənədlərdə dövlət dili Azərbaycan dili qeyd edilir. 1992-ci ilin 22 dekabrında verilən fərmanla Azərbaycan Respublikasının dövlət dili öz əski adında,türk dili adlandırıldı. 2001-ci il iyunun 18-də Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında fərman verildi.2003-cü ilin yanvarın 2-də Azərbaycan Respublikasının dövlət dili haqqında qanun qəbul edildi.


Zaur Əliyev, dosent
Xəbəri paylaş