"İnformasiya ictimai rəyi qidalandıran məhsuldur. Cəmiyyətin sağlam, dövlətin güclü, dövlətçiliyin isə möhkəm olması üçün ictimai-siyasi və ideoloji qida növü kimi yeni, keyfiyyətli və zərərsiz olmalıdır. Təkcə standartlara yox, ən əsası, milli maraqlara cavab verməlidir".
Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli təəssüf hissi ilə qeyd edib ki, informasiya istehsalı ilə məşğul olduğu söylənilən bəzi resurslarda ciddi səhvlərə yol verilir, xüsusilə də qeyri-adekvat ifadələrdən istifadə edilir. Bu isə təkcə ictimai rəyin qüsurlu yanaşma ilə zəhərlənməsi deyil, həm də milli-ideoloji işə zərər - ziyan verilməsi, milli maraqlara zidd hal kimi dövlətçiliyin zədələnməsidir:
"Çox uzağa getməyək: bu gün müəyyən oxucu kütləsi olan saytlardan biri Prezident İlham Əliyevin "Euronews" telekanalına müsahibəsi barədə ilkin informasiya yayıb və xəbərin mətnində belə bir cümləyə yer verib: "Dövlət başçısı müsahibə zamanı Azərbaycan-Ermənistan, Qarabağ məsələsinin həllinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı sualları cavablandırıb".
"Azərbaycan-Ermənistan, Qarabağ məsələsi" nə deməkdir? Müsahibənin mətninə nəzər saldıqda nə müxbirin suallarında, nə də Prezident İlham Əliyevin cavablarında "Qarabağ məsələsi" söz birləşməsi var. Yəni belə bir ifadədən istifadə olunmayıb".
Nurlan Qələndərli bildirib ki, cənab Prezident bu məsələyə son nöqtəni qoyub:
"Dövlət başçısı dəfələrlə "Qarabağ bizim daxili işimizdir, daxili işimizi heç kimlə müzakirə etmirik" ,- deyərək yeni geostrateji reallığı, Azərbaycanın mövqeyini ifadə edib - dünyaya qəbul etdirib. Artıq beynəlxalq ictimaiyyət nə "Dağlıq Qarabağ" deyir, nə də "Azərbaycan-Ermənistan, Qarabağ məsələsi" deyə ifadə edir. Bir sözlə, "Dağlıq Qarabağ" anlayışı, bu adda inzibati-coğrafi vahid yoxdur. Qarabağ var və bizim daxili işimizdir. Azərbaycanla Ermənistan arasında danışıqlar mövzusu "Qarabağ məsələsi" deyil, sülh müqaviləsinin imzalanması, ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, kommunikasiyaların bərpası və s. məsələlərdir.
Belə olan halda, "Azərbaycan-Ermənistan, Qarabağ məsələsi" qondarma məfhumunu niyə leksikona daxil edirlər? Bəlkə, savadsızlıqdır, bəlkə, məsuliyyətsizlik, bəlkə də... Amma bütün hallarda sıradan yanlışlıq və ya hansısa terminoloji, filoloji xəta deyil, ciddi siyasi səhvdir və aradan qaldırılmalı - altından qırmızı, üzərindən qalın xətt çəkilməlidir!".
Anar Əliyev