"Yeni dünya nizamı özüylə bərabər yeni geosiyasi reallıqlar gətirir və biz bunu qlobal gücün qərbdən şərqə doğru yön alması ilə müşahidə edirik. Bu gün Afrika qitəsində baş verən proseslər, Qərb dünyasının aparıcı oyunçularından biri Fransaya qarşı Nigeriya, Mali, Burkina Faso, Seneqalda artan etiraz səsləri dediklərimizin təsdiqidi ilə yanaşı yeni münaqişə ocaqlarının yaranması risqini artırır".
Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Fransa qaranlıq tarixi keçmişi ilə fərqlənən, müstəmləkəçi siyasətini bu gündə davam etdirən dövlətdir və onların əsas iqtisadi maraqları məhz Afrikanın yeraltı-yerüstü sərvətləri üzərində cəmləşib:
"Beynəlxalq müstəvidə iqtisadi və hərbi cəhətdən ilk onluqda qərarlaşan Fransa, inkişafını böyük ölçüdə Afrikada həyata keçirdiyi soyğun siyasəti hesabına əldə edib və bu reallıq bütün dünyanın bildiyi lakin səssiz qaldığı bir faktdır. Ancaq son yaşanan hadisələr onu deməyə əsas verir ki, Paris qitədə ciddi güc itirir, əvəzində yeni güclərin ( Çin, Rusiya, Türkiyə) təsiri artır. Bu üç dövlət isə fərqli xəttlə Afrikada varlıq nümayiş etdirir.
Çin özünün ənənəvi siyasi ritorikasını davam etdirərək münaqişələrdən kənar şəkildə iqtisadi maraqlarının təmininə çalışır.
Rusiya daha çox hərbi cəhətdən siyasi rejimlərə dəstək verməklə öz varlığını artırmağa çalışır və bu işdə Kremlin maraqlarını Vaqner timsalında özəl hərbi şirkətlər həyata keçirir.
Türkiyə isə həm hərbi, həmdə hümanitar siyasət izləyərək qitə üzərində öz nüfuzunu artırmağa çalışır. Hərbi istiqamətdə Afrika dövlətlərinin bir çoxununun silahlanmasında Türkiyə istehsalı PUA-ları və zirehli texnikaları görmək mümkündür və Ankaranın maraqları da qitə ölkələrinə daha çox hərbi məhsullar ixrac etmək və hərbi varlığını artırmaqdan yanadır".
Pərviz Mirizadə deyib ki, Rusiya, Çin, Türkiyə qitə üzərində fərqli siyasi kursla hərəkət etsələrdə onların ortaq maraqlarından biridə Afrikada Fransa təsirini sonlandırmaq istəyidir:
"Son yaşanan hadisələrin pərdəarxasında bu üç gücün, xüsusilə Rusiyanın izlərini görmək mümkündür. Nigeriyanın Fransaya qızıl və uran ixracını sonlandırması isə Paris üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Çünki Fransanın enerji sistemi böyük ölçüdə "AES" üzərində qurulub və xammal çatışmazlığı ölkənin enerji sisteminə mənfi təsirsiz ötüşməyəcək. Bunun isə Fransa kimi sənaye ölkəsi üçün nə demək olduğunu təsəvvür etmək elədə çətin deyil".
Anar Əliyev