"44 günlük Vətən müharibəsi Zəfərlə sona çatdı. Son iki əsrlik tarixin heç bir dönəmində, dünyanın heç bir ölkəsində görünməyən nadir olan hadisə - işğal edilmiş torpaqların hərb yolu ilə geri qaytarılması baş tutdu. Dövlətçilik tariximizin Müstəqilliyin Bərpası, Dövlət Bayrağı və Milli Dirçəliş günləri kimi şərəf salnamələri sırasına, hər xalqa nəsib olmayan yeni əlamətdar tarixi gün - Zəfər Günü yazıldı."
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. O, vurğulayıb ki, Vətən müharibəsi zamanı Ölkə başçısının qlobal media gündəmini silkələyən, çoxsaylı xarici informasiya agentliklərinə verdiyi müsahibələri onun intellektual və diplomatik qüdrətinin bariz nümunəsi olmaqla yanaşı, informasiya müharibəsi cəbhəsində dünya erməni və anti-Azərbaycan şəbəkəsinin bütün səylərinin üzərindən xətt çəkdi. Dövlətimizin başçısının parlaq şəxsi keyfiyyətləri ilə baş tutan ardıcıl müsahibələr “informasiya bombası” effekti yaratdı, düşməni bu sahədə tərksilah etdi:
"Müsahibələr informasiya cəbhəsində həm məğlubiyyətə uğrayan Ermənistanın, həm də onu himayə etməyə çalışanların saxta xəbərlərini anındaca dəf etdi. Döyüşlərin ilk günlərindən Prezident İlham Əliyevə xarici mənbələrdən edilən fövqəladə və aqressiv xarici mesaj və təzyiqlərin mənasızlığını bütün dünyaya bəyan etdi.
Müharibə müddətində və sonrakı dövrlərdə xarici jurnalistlərə verilən müsahibələrlə Ölkə rəhbəri cənab İlham Əliyev bütün dünyaya: diplomatiya, siyasi liderlik, tarix, natiqlik, ideologiya, informasiya müharibəsi, beynəlxalq hüquq, ədalət dərslərini keçdi.
Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 22 iyul tarixində “Euronews” telekanalına verdiyi növbəti müsahibəsində Azərbaycan–Ermənistan münasibətləri, Cənubi Qafqazın sülh gündəmi, İrəvanın Qarabağ ermənilərinin humanitar durumu ətrafında yaratdığı siyasi şou və sair bu kimi məsələlərlə bağlı fikirlərini bölüşüb, həmçinin ölkəmizin mövqeyinə aydınlıq gətirməklə, prinsipial baxış ortaya qoyub.
Dövlət başçısı “Euronews” televiziyasına müsahibə zamanı Azərbaycan və Ermənistan arasında sülh sazişinin prinsipləri barədə danışaraq qeyd etmişdir: “2020-ci il noyabrın 10-da imzalanmış sənəd Bəyanatdır o, sülh razılaşması deyildi. Əslində, imzalanmış sənəd Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq. Azərbaycan sülh sazişinin prinsiplərini müəyyən etdi. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir”.
Müsahibə zamanı Ölkə Prezidenti Qarabağda yaşayan ermənilərə müraciət edərək demişdir: “Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda yaşayan ermənilərə seçim hüququ veriləcəkdir. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər”.
Şübhəsiz ki, müsahibə bəzi beynəlxalq dairələrin Bakı–İrəvan münasibətləri kontekstində nümayiş etdirdikləri ermənipərəst yanaşmalara da tutarlı cavab baxımından son dərəcə əhəmiyyətli idi"- deputat deyib.(atributinfo.az)