Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) fermerləri kənd təsərrüfatında iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparmaq üçün istifadə edə biləcəkləri bir sıra strategiyalar haqqında məlumatlandırmaqda davam edir.
BMTİP, Yaşıl İqlim Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq edərək, iqlim təsirləri və Azərbaycanın kənd təsərrüfatı problemlərini yerli icmalarla müzakirə etmək üçün “Kənd təsərrüfatında iqlim dəyişikliyinə uyğunlaşma” mövzusunda növbəti təlim sessiyası təşkil edib.
Newscenter.az xəbər verir ki. Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdirilən Milli Uyğunlaşma Planı layihəsi Azərbaycanın cənub-şərqində iqlim dəyişikliyinin təsirinə məruz qalan ərazilər hesab edilən Salyan və Neftçala rayonlarında iki günlük təlim keçirib.
“Fermerlərə daha ünvanlı xidmətlər göstərilməlidir. Hər bir rayonun xüsusi ehtiyacları nəzərə alınmalıdır,” – BMT-nin İnkişaf Proqramının Ekoloji layihələr üzrə koordinatoru Çingiz Məmmədov bildirib.
İqlim dəyişikliyi Azərbaycanda kənd təsərrüfatına, xüsusilə, taxıl və meyvələrin becərilməsinə ciddi təsir göstərir. Bununla belə, fermerlərin bu təsirləri azaltmaq üçün ata biləcəyi praktik addımlar mövcuddur. Taxılçılıq üçün sudan istifadəni optimallaşdırmaq üçün müasir suvarma sistemlərindən istifadə etmək, quraqlığa və şoranlığa davamlı olan taxıl sortları yetişdirmək, hava proqnozlarına əsasən əkin sıxlığını tənzimləmək, zərərvericilərə və xəstəliklərə qarşı profilaktik tədbirlərdən istifadə müsbət nəticə verə bilər.
Meyvəçilikdə gözlənilməz hava şəraitinə hazır olmaq vacibdir. Bu, həm şaxta ilə mübarizə kimi ənənəvi üsullardan, həm də çiləyicilər vasitəsilə tozlandırmadan, kölgələmə sistemlərindən istifadə və donmanın qarşısını almaq üçün şəbəkələrdən istifadə kimi innovativ üsullardan istifadəni əhatə edə bilər. Bundan əlavə, zərərvericilərin iqlim dəyişikliklərinə necə reaksiya verdiyini yaxşı dərk etmək zərərvericilərə qarşı effektiv mübarizə tədbirlərinin həyata keçirilməsinə kömək edə bilər.
Bu strategiyaları qəbul etməklə Azərbaycanda kənd təsərrüfatı iqlim dəyişikliyi problemləri qarşısında daha dayanıqlı ola bilər.
Milli Uyğunlaşma Planı layihəsi Azərbaycanın iqlim dəyişikliyinin təsirlərindən ən çox əziyyət çəkən regionlarında silsilə təlimlər keçirir. Analoji təlim iyulun sonunda Quba və Xaçmaz rayonlarında təşkil olunub.
Təlim sessiyalarında kənd təsərrüfatı mütəxəssisləri kənd təsərrüfatının davamlı inkişafına nail olmaq barədə yerli fermerlərlə lazımlı fikirləri bölüşürlər. Onlar quraqlığa və şoranlığa davamlı taxıl sortlarının becərilməsinə, damcı və digər müasir suvarma sistemləri kimi sudan səmərəli istifadə üsullarının mənimsənilməsinə, qeyri-adi hava şəraitinə hazır olmaq üçün meyvə bağlarında qabaqlayıcı tədbirlərin görülməsinə yönəlib. Bundan əlavə, bu təlimlər iştirakçılara su sektorunda gender aspektini araşdırmaq üçün platforma təklif edir.
Bu məqsədlə, yerli məsləhətçi iqlim dəyişikliyinin kişilərə və qadınlara fərqli şəkildə necə təsir etdiyinə diqqət yönəldir və su ehtiyatlarından səmərəli istifadədə hər iki cinsin oynadığı mühüm rolları vurğulayır.
Sona