“BMT Təhlükəsizlik Şurasının iclası təkcə Ermənistan üçün deyil, həm də onların havadarları üçün əsl fiasko oldu”.
Bu sözləri Newscenter.az-a politoloq Yusif Bağırzadə BMT Təhlükəsizlik Şurasında Azərbaycanın Qarabağ bölgəsində vəziyyətə dair müzakiərələr haqqında danışarkən deyib. O bildirib ki, Ermənistanın davamlı dezinformasiyası, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniya növbəti dəfə də nəticəsiz qaldı:
"Bu kampaniya Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniya idi. Bu bir daha onu göstərir ki, Ermənistan beynəlxalq səviyyədə manipulyasiya və çaşqınlıq səylərini davam etdirmək məqsədilə regionda gərginliyi süni şəkildə alovlandırmaq yolundan əl çəkmir".
Politoloq deyib ki, Qarabağ bölgəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və orada yaşayan etnik ermənilər də Azərbaycan sakinləridir:
"Azərbaycan hökuməti bu sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. Bu məqsədlər beynəlxalq hüquqa və beynəlxalq humanitar hüququn prinsiplərinə tam uyğundur ki, bu da Azərbaycanın sözügedən standartlara sadiqliyini nümayiş etdirir.
“Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində, heç bir ekstraterritorial statusu olmayan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, ilk növbədə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib. Azərbaycan Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etdikdən sonra da həmin yol vasitəsilə hərəkət olduğu kimi saxlanılıb. Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq üzrə təməl hüququ çərçivəsində, Ermənistanın bu marşrutdan Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyası, silah, sursat, mina və xarici terrorçuların daşınması, habelə bu ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması və daşınması kimi qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün ardıcıl və açıq-aşkar sui-istifadə etməsinin qarşısını almaq məqsədilə yaradılıb".
Yusif Bağırzadə qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib:
"Əgər Ermənistan Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz edirsə o zaman hansı blokadadan danışmaq olar? Laçından keçən yolun uzunluğu 59 kilometr, Ağdam Xankəndi yolu isə cəmi 18 kilometr olduğu halda bu yoldan imtina etmək hansı ağılın məhsuludur. Demək ki, səbəb hər hansı blokada və ya “humanitar fəlakət” deyil. Məqsəd bayaq da qeyd etdiyim kimi beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq, Azərbaycanı qaralamaqdan ibarətdir.
Ermənilər düşünürdülər ki, bu cür qaralama kampaniyası ilə Azərbaycanı geriyə atdım atmağa, güzəştə getməyə məcbur edə biləcəklər. Amma nəticədə onlar unuda bilməyəckləri bir dərs almış oldular. Azərbaycan bir daha hərb meydanında olduğu kimi diplomatik müstəvidə də erməniləri və onların havadarlarını, xüsusilə də Fransanı fiaskoya uğratmağı bacardı. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev də BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışı ilə bütün Ermənistanı və ermənipərəst Qərb diplomatiyasını fakt qarşısında qoymağı bacardı”.
Anar Əliyev