Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Laçın Şəhəri Günü”nə ən böyük töhfəmiz

“Laçın Şəhəri Günü”nə ən böyük töhfəmiz

 
Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Torpaqlarımız işğaldan azad edildi. Tarixi Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə bu ərazilərdə quruculuq işlərinə başlanıldı. Quruculuq işləri tarixi Zəfərin tarixi davamıdır.

Laçın rayonu işğaldan dekabrın 1-də azad edilsə də Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan Ordusnunu nəzarətində deyildi. Azərbaycanın güclü xarici siyasəti, Azərbaycan Ordusunun gücü sayəsində Laçın şəhəri də, bu kəndlər də Ermənistan silahlı birləşmələrinin nəzarətindən çıxarıldı. Laçında da quruculuq işləri uğurla aparılmaqdadır. Laçına da böyük köç başlayıb.
Laçının işğalı Ermənistanın arzuladığı siyasi şəraitə uyğun gəlirdi: Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir fəlakət idi. Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı. Laçın da işğal olunmuşdu, Şuşa da. Vətən müharibəsində tarixi Zəfərlə Şuşa da işğaldan azad edildi, Laçın da.

1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılmışdı və ona şəhər statusu verilmişdi. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardı.  1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizlənməyə məruz qalmışdı. 300-dən artıq hərbi və mülki şəxs həlak olmuşdu, itkin düşmüşdü.

Cari ilin 23 aprel tarixində Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi yaradıldı. 23 aprel Azərbaycanın ərazi bütövlüyünün tam bərpası oldu.

Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Zəfərdən sonra rayonun ərazisində neçə-neçə su-elektrik stansiaysı inşa edilib ki, bu da minlərlə əhalinin elektrik enerjisi ilə təminatında mühüm əhəmiyyətə malik olacaq.

Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək arxitektura tələbləri əsasında və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.

Laçında 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9-u çoxmənzilli binadır ki, bu da 144 mənzil deməkdir.
Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı olub. Avqustun 25-də Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməli qoyulub. Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır.

Laçın rayonunun sənaye zonasında mebel fabriki də inşa edilir.
Azərbaycan Prezidentinin Sərəncamı ilə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının layihələndirilməsi, əsaslı təmiri və bərpasına başlanılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən danışaraq demişdi: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub.

Laçın şəhəri günü hər birimizin günümüzdür, hər birimiz bu günün mahiyyətini aydınlığı ilə duyuruq. Laçın Şəhəri Gününə ən böyük töhfəmiz onun mahiyyətini dərk etməyimizdir...
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Xəbəri paylaş