Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laçın şəhərinin həyatında çox mühüm hadisələr baş verməkdədir

Laçın şəhərinin həyatında çox mühüm hadisələr baş verməkdədir


"Məlum olduğu kimi Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-i imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncamdan irəli gələrək, Azərbaycanda hər il 26 avqust Laçın şəhəri günü kimi qeyd ediləcək".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, Vətən müharibəsindən sonra Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı. Lakin Laçın dəhlizi Laçın şəhərindən keçdiyindən şəhər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında idi:

"Alternativ yolun istifadəyə verilməsindən sonra Azərbaycan Ordusu 26 avqust 2022-ci ildə Laçın şəhərinə yerləşib, eyni zamanda Zabux və Sus kəndləri nəzarətə götürülüb, Laçın şəhərində Azərbaycan bayrağı ucaldılıb.

Cənab Prezidentin “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışında da dediyi kimi Laçının işğala məruz qalması həm Laçınlılar, həm də bütün Azərbaycan xalqı üçün böyük faciə idi. Çünki Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir fəlakət idi. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdü. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb".

Yusif Bağırzadə deyib ki, məhz Laçın vasitəsilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradıldığını nəzərə alarq deyə bilərik ki, Laçının işğalı bizim sonrakı itkilərimizin başlanğıcını qoydu:

"İndi isə Laçın artıq azaddır və Laçın şəhərinin həyatında çox mühüm hadisələr baş verməkdədir. Rayon mərkəzinin bərpa edilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi Laçın şəhərinin Zabux və Sus kəndlərinin bərpası ilə bağlı dövlət tərəfindən aparılan işlər, müzəffər Ali Baş Komandan və Birinci vitse-prezidentin dəfələrlə səfərləri və onların açılışlarda, həm də təməlqoyma mərasimlərində iştirakı yaddaqalan hadisələrdir.
Keçən dövr ərzində Laçında artıq 700 bina inşa edilib ki, onlardan da 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli binalardır. Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Bundan savayı Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək".

Politoloq deyib ki, 2021-ci ildə Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb:

"Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq tam yenidən qurulub. Gələn ilin birinci rübündə artıq Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək.

Prezident İlham Əliyevin sərəncamına əsasən rayonun yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir və mövcud yoldan 32 kilometr qısa olacaq. Yeni yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir".

Politoloq diqqətə çatdırıb ki, 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi də planlaşdırılır və artıq bu istiqamətdə işlərə başlanılıb:

"Hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq.
Ən əsası da odur ki, Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.

Keçən bir il ərzində ən yadda qalan hadisə şübhəsiz ki, Laçınlıların öz doğma yurd yuvalarına qayıdışı ilə bağlıdır. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq orada yaşayırlar. Artıq 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşıb ilin sonuna qədər daha 900 ailə üçün evlər hazır olacaq. Bu isə ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakininin Laçına qayıdışı deməkdir.
Ali Baş Komandanın da dediyi kimi biz öz doğma torpağımızda qürurla yaşayırıq. Biz ədalətli müharibə aparmışıq, biz öz torpağımızda vuruşmuşuq, savaşmışıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı da heç kimə verən deyilik. 44 günlük Qarabağ savaşı bunun ən bariz sübutudur.

44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq Qələbəni əldə etmişik və gücümüzü göstərmişik. Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Cari ilin 23 aprel tarixində Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulması da bunun bariz nümanəsidir. Cənab Prezident təntənəli bayram tədbirindəki çıxışında bu məsələyə xüsusi toxunaraq həm Ermənistana, həm də onların havadarlarına konkret mesaj da vermiş oldu. O qeyd etdi ki, bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə".

Anar Əliyev
Xəbəri paylaş