Laçın işğaldan azad edildikdən sonra erməni separatçıları təxribatları bu və ya digər formada davam etdirirdilər. Bunun qarşısı qətiyyətlə alınmalı idi. Bunun üçün vacib dövlət strukturu yaradılmalı idi. Yaradılan struktur Laçından və digər ərazilərdən Ermənistana gediş-gəlişi nəzarətdə saxlayacaqdı.
2023-cü il aprel ayının 23-də Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində , Həkəri çayı üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi yaradıldı. Təbii ki, belə bir təşəbbüsü, belə bir strukturun yaradılmasını işğala meyilli Ermənistan da, onun himayədarları da narazılıqla qarşılayacaqdı. Bu narazılığı Ermənistan “sərhəddə vəziyyəti gərginləşdirmə, Qarabağ bölgəsində humanitar böhran yaratma cəhdi” kimi ictimailəşdirməyə səy göstərdi. Bu cəhdin gerçək səbəbi həm başqa bir dövlətin daxili işlərinə qarışmaqdı, həm də öz xarici siyasətinin mahiyyətini “pərdələməkdi”. Laçın Azərbaycanın ərazisidir, işğaldan azad edilib. Dövlət öz ərazisində istənilən hüquqi qurum yarada bilər. Bu qurum başqa bir dövləti (dövlətləri) niyə narahat etməlidir? Düzgün, dünyəvi xarici siyasət aparan dövlət belə qurumların yaranmasından qətiyyən narahat olmamalıdır. “Laçın” nəzarət-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılmasında, separatçıların tərksilah olunması prosesində əhəmiyyətli olacaq. Ermənistan da, onun havadarları da məhz bundan narahatdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il mayın 1-də ABŞ-ın dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı qeyd etmişdir: “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib...
Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir... Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”.
“Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının istər Azərbaycan ərazisinə daxil olan ermənilərin, istərsə də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri yoxlaması Azərbaycan üçün, bu baxımdan dünyəvilik üçün son dərəcədə gərəklidir.
“Laçın” sərhəd-buraxılış məntəqəsi İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra regionda yaranmış yeni reallığın tərkib hissəsidir və o, Azərbaycan dövlətinin ən böyük dövlətçilik nailiyyətlərindəndir. Bu məntəqə regionun geosiyasi mənzərəsini də dəyişdirdi, qələbəmizi beynəlxalq müstəvidə bir daha rəsmiləşdirdi. Bu sərhəd-buraxılış məntəqəsi Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının da qarşısını alır.
Dünya ictimaiyyəti, dünyanın iri dövlətləri bu sərhəd-buraxılış məntəqəsinini niyə açıldığını da yaxşı bilir, Ermənistanın buna niyə etiraz etdiyini də. Azərbaycan dövlətinin dürüst, dünyəvi xarici siyasəti belə narazılıqların “saman çöpü üstündə dəyirman qurmaq” cəhdi bilir. Həm də işğala meyilli dövlətin cəhdi...
Laçın sərhəd-buraxılış məntəqəsi Azərbaycan dövlətçiliyi üçün olduqca gərəkli strukturdur...
Səbinə XASAYEVA, Milli Məclisin deputatı