ABŞ-ın dünyada həyata keçiridyi siyasətin, daha dəqiqi oynadığı siyasi oyunların tək məqsədi hər hansı regionda və ya ölkədə Amerikanın maraqlarını təmin etmək, həmin ərazinin sərvətlərini nəzarətə götürmək və istismar etməkdən ibarətdir. ABŞ-ı nə demokratiya, nə insan hüquqları, nə sülh, nə də sabitlik maraqlandırır. Bu gün Cənubi Amerika, Afrika, Asiyanın böyük bir hissəsi Amerikanın siyasi oyunları üçün poliqona çevrilib.
Görünən odur ki, ABŞ indi də özü üçün Cənubi Qafqazda yeni poliqon yaratmaq niyyətindədir. Məqsəd guya ki, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq olsa da əslində hədəf tamam başqadır. ABŞ yeni gərginlik ocağı yaratmaq Rusiya bəhanəsi ilə region qarışdırmağı hədəfləyir. Bu məqsədlə də “qurbanlıq keçi” qismində ermənilərdən istifadə olunur. Əgər ABŞ-ın məqsədi təkcə Rusianı regiondan kənarlaşdırmaqdan ibarət olsa idi bunu daha rahat şəkildə həyta keçirə bilərdi. ABŞ kifayət qədər yaxşı bilir ki, Rusiyanın neytrallaşdırılmasının rolu Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasından, Qarabağ ermənilərinin Azərbaycan qanunları ilə yaşamağı qəbul etməsindən və separatçı rejimin qalıqlarının ərazilərimizdən çıxarılmasından keçir. Belə ki, bu sülh sazişinin bağlanması artıq Azərbaycan ərazilərində müvəqqəti yerləşmiş Rusiya sülhməramlılarına ehtiyac qalmaması və onların ərazilərimizi tərk etməsi deməkdir. Eyni şəkildə növbəti mərhələdə Ermənistan ərazisindəki hərbi bazanın çıxarılması da ABŞ və müttəfiqlərinin Ermənistan verdikləri dəstək fonunda elə bir çətinlik yaratmayacaqdı.
Amma ABŞ bu asan və dinc yolu tərcih etməkdənsə, əksinə separatçılığa dəstək verməklə, regionda Rusiya - Ermənistan qarşıdurması yaratmaq üçün Ermənistanı bütün platformalarda dəstəkləməklə, onlara xoş gəlmək üçün Azərbaycan əleyhinə bəyanatlar qəbul etməklə yeni müharibə ocağı yaratmaq istəyir. Məqsəd Rusiyaya qarşı ikinci cəbhənin açılmasına nail olmaq və bununla da Cənubi Qafqazı qan gölünə çevirmək bahasına Ukrayna bataqlığında ilişib qalmış Rusiyanı çökdürməkdən ibarətdir.
Azərbaycan olaraq biz uzun illərdir ki, ABŞ-ın geosiyasi oyunlarından əziyyət çəkirik. Xatırlayırsınızsa hələ 1992-ci ildə, yəni Ermənistanın Azərbaycana təcavüzünün ən pik zamanında ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş qəbul edilmişdi. Bu düzəliş ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan ədalətsiz qərar idi. Azərbaycanın “Dağlıq Qarabağı işğal etməsi” və “Ermənistana qarşı blokadasını dayandırmaq” məqsədilə Senator Con Kerrinin və konqresmen Ueyn Ouensin müəlliflik etdiyi bu alçaq düzəlişləri superdövlətin Konqresi qəbul etmişdi. Azərbaycanın 20 faiz ərazisinin 30 il işğalda, Naxçıvan bölgəsinin blokadada qalmasına, Ermənistandan 300 minə yaxın, Azərbaycanın işğal olunmuş ərazilərindən 750 mindən çox dinc vətəndaşların qaşqın-köçkün düşməsinə məhəl qoymayan ABŞ 30 ildən artıq müddət ərzində işğalçıların, terrorçuların, separatçıların yanında dayandı. Təsəvvür edin Xocalıda bir gecənin içində minə yaxın insanı qətlə yetirilir, soyqırım həyata keçirilir, amma ABŞ soyqırım törədənlərə qarşı deyil soyqırıma məruz qalan ölkəyə qarşı sanksiya qərarı qəbul edir.
ATƏT Minsk Qrupunun həmsədri kimi də ABŞ heç bir iş görmədi, həmsədrlər turist səfərləri gerçəkləşdirdilər, növbətçi bəyanatlar verdilər. Bu təşkilat və onun həmsədrlərindən biri olan ABŞ uzun illər münaqişənin dondurulmuş vəziyyətdə qalması üçün əlindən gələn hər şeyi etdi. Qarabağdakı qondarma rejimə hər il mina təmizləmə adı altında milyonlarla dollar yardım verildi. Separatçılar ABŞ-a səfər edərək “Qarabağa yardım” adı altında vəsait topladılar. Məhz ABŞ-da Qarabağdakı cinayətkar rejimin ofisi yaradıldı, rejimin nümayəndələri Amerikaya səfər edərək ayrı-ayrı səviyyələrdə görüşlər keçirdilər. Bütün bunlar Ermənistan-Azərbaycan münaqişəsinin həllinə ABŞ-ın münasibətinin göstəricisidir. Üzdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunsa da, arxada Ermənistan və Qarabağdakı separatçı rejimə dəstək verildi.
ABŞ-ın Qarabağdakı separatçılara münasibəti nə Abxaziya, nə Osetiya, nə Dnestryanı, nə Luqansk, nə Donbas, nə də Krım separatçılarına heç vaxt bənzəməyib. Rusiyadan daim Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünə hörmət etməyi, işğala son qoymağı, separatizmə son verməyi tələb edən ABŞ bu illər ərzində bircə dəfə də olsun nəinki Kremlə, heç onun forpostu Ermənistana qarşı da Qarabağla bağlı oxşar tələb irəli sürmədi. On illər boyunca Ermənistanın cinayətkar rəhbərləri ABŞ-da yuxarı başa çıxarıldı, hətta Qarabağdakı separatçı rejimin liderləri ABŞ Konqqresində görüşlər keçirtdilər.
Son bir ildə Blinkenin vasitəçiliyi ilə aparılan danışıqlarda ABŞ 30 illik tarixdə ilk dəfə olaraq rasional yanaşma orta qoymağa cəhdlər edərək Azərbaycanın sülh üçün irəli sürdüyü tezişlərin əksəriyyətini qəbul etdi. Lakin sonrakı proseslər onu göstərdi ki, ABŞ bu niyyətində də səmimi deyilmiş. Əgər səmimi olsaydı ABŞ Dövlət Departamentinin köməkçisi Y. Kimn "Dağlıq Qarabağ xalqının hüquqları" terminindən istifadə etməz, senatdakı dinləmələr zamanı amerikalı siyasətçilər Qarabağdakı erməni rezidentlərinin hüquq və təhlükəsizliyi ilə bağlı Azərbaycan hökumətini az qala soyqırımda günahlandırmazdılar. Senatdakı dinləmələr zamanı Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı ifadəsini bir nəfər belə səsləndirmədi. Əvəzində separatçı quldur dəstəsini müdafiə edən ifadələr yer aldı.
ABŞ-ın anti Azərbaycan mövqeyi təkcə Qarabağ məsələsi ilə də bitmir. İllər ərzində ABŞ ölkəmizin daxili işlərinə qarşaraq hakimiyyət çevrilişinin reallaşdırılmasına da cəhdlər göstərilib. Radikal müxalifətin maliyyələşdirilməsi, təlimatlandırılması, QHT sektorunun, medianın siyasi oyunlara cəlb edilməsi, bir sözlə ölkədə vətəndaş itaətsizliyi mühitinin yaradılması istiqamətində ardıcıl iş aparılıb. Bunun əsas məqsədi də o idi ki, Azərbaycanda ABŞ-ın maraqlarına sözsüz itaət edən hakimiyyət formalaşdırılsın və onun əli ilə Azərbaycan ərazilərinin işğalı legitimləşdirilsin.
Qurduğu bütün planları puç olan və 44 günlük müharibədən sonra Azərbaycanda iqtidar-xalq birliyinin daha da gücləndiyini anlayan ABŞ bu gün taktikasını dəyişərək ələbaxan müxalifətdən yox, milli dəyərlərə böyük təhlükə olan LGBD, əxlaqsızlığı təbliğ edən “feministlər”, Vətən Müharibəsindəki Zəfəri dəyərsizləşdirməyə çalışan “NO WAR”çılardan istifadə etməyə çalışır, qatı ermənipərəst və antitürk, anti-azərbaycan düşüncəli Samanta Pauerin rəhbəri olduğu USAİD xətti ilə bu qruplara maliyyə ayırır.
Azərbaycan bütün təzyiqlərə müqavimət göstərməyi bacardı və öz gücünə torpaqlarını işğaldan azad etdi. Təbii ki, bu gücə və cəsarətə malik Azərbaycanın mövcudluğu ABŞ, Fransa və digər bu kimi ölkələrin maraq və məqsədlərinə uyğun gəlmir. Buna görə bu gün də rəsmi Vaşinqton Ermənistanla Azərbaycan arasında problemin həllinə ciddi səy göstərmir, yalnız görüntü yaradır.
ABŞ Dövlət Departamentinin təmsilçisi Lui Boninu regiona göndərib, amma bu səfər bölgədə problemlərin həllinə heç bir töhfə vermədi və nəticəsiz qaldı. Çünki ABŞ öz niyyətində səmimi deyil – Amerikanı sülh maraqlandırmır. Əks təqdirdə, ABŞ Dövlət Departamentinin nümayəndəsi Yuri Kim Konqresdəki çıxışında mövcud olmayan “Dağlıq Qarabağ xalqının hüquqları”ndan danışmazdı. ABŞ bugünkü reallıqları görməzdən gəlir və ciddi cəhdlə Qarabağdakı hərbi xuntanı leqallaşdırmağa çalışır.
Faktiki olaraq bu gün ABŞ Fransa ilə yanaşı Qarabağ ermənilərinin reinteqrasiya prosesinə imkan verməyən və Ermənistandakı revanşist qüvvələri stimullaşdıran tərəf qismində çıxış edir.
Şübhəsiz ki, ABŞ-ın bugünkü riyakar siyasəti Ermənistana hər hansı xeyir gətirməyəcək. Ermənistan bilərəkən və ya bilməyərkən faktiki olaraq “ikinci Ukrayna”ya çevrilir. Ukraynanı qızışdıraraq Rusiya ilə müharibəyə sövq edən və silah-sursat təchizatı ilə manipulyasiya edərək Kiyevi tamamilə özündən asılı vəziyyətə salan ABŞ bu gün faktiki olaraq Ukraynanı qurban verib. On minlərlə ukraynalının ölümü, şəhər və kəndlərin yer üzündən silinməsi, ölkənin az qala 25 faizinin işğalından sonra ABŞ indi Ukraynanı ərazi işğalı ilə barışmağa məcbur etmək istəyir. Necə ki 30 il Azərbaycanı da torpaqlarının işğalı ilə barışmağa sövq etməyə çalışırdı.
Ukraynanın qurban verildiyi bu müharibədə ABŞ böyük pullar qazanır, mayeləşdirilmiş təbii qaz olan LNG ilə Avropanın qaz bazarını tamamilə nəzarətə götürür. Ekologiya üçün ziyana görə, az qala, qara kömür qədər təhlükəli olan LNG Avropa bazarında üstünlük təşkil etməyə başlayıb, amma indiyədək heç bir ekoloji təşkilat, ekofəallar və s. buna etiraz səsini qaldıra bilmir.
ABŞ-ın Ukraynanı sürüklədiyi vəziyyət 2008-ci ildə Gürcüstandakı müharibəni xatırladır. Onda da M.Saakaşvilini Rusiya ilə müharibəyə təhrik edən ABŞ sonra onun arxasından çəkildi, nəticədə Moskva nəzarət etdiyi Gürcüstan ərazilərinin işğalını, faktiki olaraq, rəsmiləşdirdi.
Unutmamalıyıq ki, ABŞ uzun illərdir ki, hegemon dövlət kimi bütün dünyaya öz iradəsini diqtə etmək üçün beynəlxalq sistemi qorxudacaq düşmən obrazı yaradıb və İslamı “sivil dünyanın” əsas düşməni elan edib. İslamofobiyanın dövlət siyasəti səviyyəsinə yüksəldiyi bu ölkə terrorla mübarizə adı altında təkcə müxtəlif ölkələrin daxili işlərinə müdaxilə etmir, həm də müsəlman ölkələrini hədəfə götürür. “Ərəb baharı” ssenarisinin reallaşdırılması nəticəsində Yaxın Şərq ölkələrində hakimiyyətlər devrildi, vətəndaş qarşıdurmalarına rəvac verildi. Bu ssenarinin mümkün olmadığı İraq, Liviya kimi ölkələr isə təcavüzə məruz qaldılar.
İraqın guya “nüvə silahına” malik olduğu görüntüsü yaradaraq bu ölkəyə təcavüz etdilər, nəticədə bir milyon iraqlı öldü, şəhər və kəndlər dağıdıldı, ölkənin milli sərvətləri nəzarətə götürüldü və hazırda da talan edilir. Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada başlanmış vətəndaş qarşıdurması hələ də səngimək bilmir. Əfqanıstan xaraba qoyan, sonra isə biabırçılıqla qaçaraq terrorçu elan etdiyi, əslində isə özü yaratdığı Talibanı hakimiyyətə qaytaran ABŞ əsl mahiyyətini bu tipli layihələr gerçəkləşdirməklə hər addımda nümayiş etdirir. 20 illik işğal dövründə Amerika Əfqanıstanda bir yol belə çəkmədi, bir məktəb tikmədi.
ABŞ eyni ssenarini Türkiyədə də reallaşdırmağa cəhdlər edib. 2016-cı ildə özünün yaratdığı və maliyyələşdirdiyi FETO təşkilatının əli ilə çevrilişə cəhd göstərən ABŞ hələ də Fətulla Gülən kimi bir terroçu başını və onun tərəfdarlarını Türkiyəyə təhvil verməkdən imtina edir. Yalnız Türkiyə rəhbərliyinin qətiyyəti və xalqın dəstəyi sayəsində Türkiyə bu təhlükədən xilas ola bilib. Amma bu gün də Türkiyəyə qarşı mübarizə aparan terror təşkilatları birbaşa ABŞ-dan təlimat, silah və maliyyə alır.
Bir sözlə dünyada milyonlarla insanın qətli, iqtisadi infrastrukturun dağıdılması, şəhər və kəndlərin xarabazara çevrilməsi və bu problemin hələ uzun illər davam edəcəyi reallığı Amerikanın dünyaya bəxş etmək istədiyi “demokratiyanın” nəticəsidir.
Yusif Bağırzadə. politoloq