Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Radikallar sülh müqaviləsi ilə bağlı demaqoğiya yarışına çıxıblar

Radikallar sülh müqaviləsi ilə bağlı demaqoğiya yarışına çıxıblar


Bütün stereotiplərin alt-üst olduğu, dəngələrin dəyişdiyi, dəyərlərin yeniləndiyi, klassik siyasi mədəniyyətlərin deformasiyaya uğradığı, məhəlli və qlobal konfliktlərin baş alıb getdiyi, dünya nizamının nizamsızlıqla, hərcmərcliklə əvəz olunduğu, “güclü olan haqlıdır” anlayışının beynəlxalq hüququ üstələdiyi 21-ci əsrdə qalib xalq, qalib ölkə, qalib lider olmaq asan olmadığı kimi, qalib ölkənin adekvat müxalifəti olmaq da asan deyil.

44 günlük Vətən müharibəsinin böyük Zəfərlə bitməsindən və 23 saatlıq lokal antiterror əməliyyatının Qarabağda erməni separatçı rejiminin diz çökdürülməsi, ağ bayraq qaldırıb təslim olması ilə başa çatmasından sonra Azərbaycanın məlum radikal müxalifət partiyalarının sərgilədiyi xain, antimilli davranışlar isə onu göstərir ki, onlar mövcud olduqları son 30 ildə peşəkar siyasi qüvvəyə çevrilmək və xalqın qarşısında məsuliyyətini dərk edən əsl müxalif partiya kimi formalaşmaq üçün heç bir səy göstərməyiblər.

Qarabağın işğaldan azad edilməsi ölkədə və bütövlükdə Cənubi Qafqazda yeni reallıqlar yaratsa da, lakin bizim radikal müxalifət partiyalarının rəhbərləri və funksionerləri isə yenə də “daş dövrü”nün təfəkkürü ilə, meydan əhval-ruhiyyəsi ilə siyasət “istehsal” etməkdə, “üyütmək”də davam edirlər. Ümumiyyətlə, Qarabağda separatizmin kökünün kəsilməsi və tarixi şəhərimiz olan Xankəndidə Azərbaycanın Dövlət Bayrağının ucaldılmasından sonra radikal müxalifət düşərgəsinin tutduğu mövqe həm dərin təəssüf hissi, həm də heyrət doğurur.

Mən inanmıram ki, Azərbaycandan başqa dünyanın hər hansı başqa bir ölkəsində, ən azından postsovet ölkələrində belə bir müxalifətçilik performansı müşahidə olunsun. Çünki son 30 ildə torpaqlarını işğaldan azad edən, separatçılıqla mübarizəni effektiv surətdə başa vuran, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən yeganə ölkə məhz Azərbaycan olduğuna görə, belə bir qələbə halını yaşamağa hələ fürsət tapmamış digər postsovet ölkələrində müxalifət qüvvələrininin analoji situasiyada necə davranmaqla bağlı heç bir təsəvvürləri, təcrübələri yoxdur. Belə bir müsbət təcrübəni məhz Azərbaycan müxalifəti ortaya qoya bilərdi və qoydu da.

Belə ki, Azərbaycanda fəaliyyət göstərən və konstruktiv müxalifətçilik mövqeyi tutan 23 siyasi partiya bugünlərdə Prezident İlham Əliyevə birgə müraciət ünvanladı və Azərbaycan bayrağını Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə dalğalandırdığına, ölkənin ərazi bütövlüyünü, suverenliyini bərpa etdiyinə görə İlham Əliyevin siyasətini dəstəklədiklərini bildirərək, onu təbrik etdi. Sivil müxalifətçilik bax budur. Və yaxud da ki, müxalifətin dövlətçilik anlayışı məhz bu cür sivil formada təzahür etməlidir. Ümummilli məsələlərdə müxalifət iqtidarla bir araya gəlməyi, vahid mövqedən çıxış etməyi bacarmalıdır. Bu, cəmiyyətin konsolidasiyası üçün də olduqca vacibdir.

Lakin məlum siyasi qüvvələr – AXCP və Müsavat Partiyası isə həmişə olduğu kimi bu dəfə də “axının əksinə üzmək” prinsipindən çıxış etdi və partiyaların Prezidentə birgə müraciətinə imza atmaqdan imtina etdilər. Bəs onların imtinasının səbəbi nədir? Bu partiyaların sədrlərinin dərdi nədir? 30 ildən sonra Xankəndidə bayrağımızın ucaldılması nə üçün onların gözlərinə tikan kimi batır? Prezident və Ali Baş Komandan İlham Əliyevin bir belə xidmətlərinin üzərindən xətt çəkmək, onun son 200 ildə başımıza gətirilən müsibətlərin, faciərin ağır nəticələrini aradan qaldırmaq üçün son 20 ildə göstərdiyi səylərini, gərgin əməyini qiymətləndirməmək hansı çirkin məqsədlərə xidmət edir? 30 illik separatçılıq erasına 3 ildə son qoyulması və separatizmin əsas yuvasına çevrilmiş Xankəndi şəhərində bayrağımızın ucaldılması, suverenliyimizin tam bərpa edilməsi bu adamları nə üçün narahat edir? Onlar nədən uğurlarımıza sevinə bilmir və niyə məyus olurlar?

AXCP lideri Əli Kərimlinin belə bir davranış sərgiləməsi şəxsən mənim üçün əsla təəccüblü deyil. Bu adamın bu hadisəyə səmimi qəlbdən sevinməsi qeyri-mümkündür. Çünki İlham Əliyev son 3 ildə səbr və təmkinlə atdığı hər bir addımı ilə, suverenliyimizin bərpası istiqamətində əldə etdiyi hər bir irəliləyişi ilə Əli Kərimli kimi əbədi bədbinlərin, pessimistlərin növbəti arqumentlərini əllərindən alır, onları arqumentsiz qoyur, separatçılarla bərabər onları da tərksilah edirdi. Budur, üç ildir ki, “hanı Xankəndi, Xocalı, Xocavənd, Ağdərə?” deyərək sosial şəbəkələr üzərindən, Yutub platformasından car çəkən, ağzı köpüklənə-köpüklənə pafosla danışaraq Azərbaycan xalqının milli-vətənpərvərlik hissləri ilə oynayan, “Xankəndiyə biz girə bilmərik” deyən və xalqı da buna inandırmağa, həssas insanlarımızı utanmadan aldatmağa çalışan AXCP-nin “həşəmətli” lideri oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə üçrəngli bayrağımızın ucaldılmasından sonra növbəti də “tərksilah” olunmuş vəziyyətə düşdü.

Və belə məqamlarda normal siyasi lider ya abrına qısılıb susmalı, yadaki çıxıb xalqdan mərdi-mərdana üzr istəməlidir. Deməlidir və etiraf etməlidir ki, “əziz xalqım, mənim Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə bağlı verdiyim proqnozlar, ritorik suallar, emosional qınaqlar özünü doğrultmadı, zaman mənim yanıldığımı göstərdi və İlham Əliyev bu ərazilərə nəzarətimizi bərpa etməyi bacardı”. Bəli, Əli Kərimli məhz belə bir etirafla xalqın qarşısına çıxaraq bütün siyasi karyerası boyunca heç olmasa birdəfə həqiqi səmimiyyət nümayiş etdirməli və özündə güc taparaq istefa verməlidir. Sosial şəbəkə istifadəçilərindən birinin tövsiyyə etdiyi kimi Əli Kərimli partiya sədirliyindən istefa verib, AXCP-da savadlı və vətənpərvər gənc siyasətçilərə yol açmalıdır. Bəli, bizim xalqın güclü hakimiyyət kimi güclü və dürüst müxalifətə də ehtiyacı var.

Ancaq AXCP-nin və radikal müxalifətin ömürlük lideri isə təbii ki, bu cür faydalı məsləhətlərə, tövsiyyələrə qulaq asan adam deyil. Müsavat Partiyasının başqanı da eyni xəttin davamçısıdır. Bu adamlar uzun illər siyasi mühitdə təmsil olunmalarına baxmayaraq ən elementar siyasi etika normalarını, kurallarını belə hələ də mənimsəyə bilməyiblər. Bəli, siyasi etikaya görə bu partiyaların sədrləri də digər partiyaların rəhbərlərinə qoşularaq Prezident və Ali Baş Komandanı Qələbə münasibətilə, Xankəndidə Dövlət Bayrağımızın ucaldılması münasibətilə təbrik etməliydilər. Bu gerizəkalılar heç olmasa, qardaş Türkiyənin səfiri Cahid Bağçıdan nümunə götürərək bütün Azərbaycan xalqını və dövlət başçısını təbrik etməyin vacib olduğunu dərk etməliydilər. Lakin dərk hara, radikal müxalifət hara? Onlar İlham Əliyevin qazandığı qələbələrin arxasındakı güclü siyasi iradəni, strateji ağlı və uzaqgörən siyasəti gərəyincə qiymətləndirə bilmək potensialına sahib deyillər.

Ötən aylar ərzində israrla ictimaiyyəti inandırmağa çalışaraq, “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsinin əsas məqsədinin guya, məhz onların fəaliyyətinin dayandırılması üçün nəzərdə tutulduğunu iddia edən, lakin sentyabr ayında tam sağlam siyasi münasibətlər şəraitində üzvlərinin reyestri Ədliyyə Nazirliyi tərəfindən heç bir maneəsiz təsdiq edildikdən sonra isə ağızlarına su alan bu radikallar, demokratik siyasi mədəniyyətə sahib partiyalar olduqlarını sübut etmək üçün qərəzli yanaşma və böhtanlara görə xalqdan və iqtidardan üzr istəmək əvəzinə, indi də antiterror əməliyyatının əhəmiyyətini kiçiltməyə, rəsmi İrəvanın Praqa sammitində Azərbaycanın ərazi bütövlüyünü tanımasını sırf Paşinyanın xidməti kimi göstərməyə, Zəngəzur dəhlizinin açılması istiqamətində göstərdiyimiz səyləri isə “Zəngəzur avantürası” kimi təqdim etməyə çalışırlar. Əli Kərimli bu mövzularda radikal erməni milliyətçilərindən daha artıq erməniçilik etdiyinə görə, hətta Vladimir Poqosyan kimi qatı Azərbaycan düşməni də “Noyan Tapan”ın efirində Əli Kərimliyə istinad edir, ondan sitat gətirir. Bu da onu göstərir ki, bizim radikal müxalifət liderləri əslində erməni təbliğatına xidmət edirlər.

Ölkəmizin siyasi münasibətlər sistemində öz mövcudluqlarının mənasını yalnız kor düşmənçilikdə görən, nifrəti, inkarçılığı və cəmiyyətdə total şübhə toxumlarının yayılmasını özlərinin əsas siyasi mübarizə metodlarına çevirən bu xəstə təfəkkür sahibləri hazırda o dərəcədə dərin məyusluq durumuna düşüblər ki, onların hətta Qələbəni belə şübhəyə salmaları heç də təəccüblü deyil. Görünən budur ki, 200 illik erməni terrorçuluğu, təcavüzkarlığı və separatçılığı üzərində tarixi Qələbəmizi belə manipulyasiya predmetinə çevirmiş radikallar üçün müqəddəs hesab olunan heç bir dəyər yoxdur. Bu isə onları ölkəmizin düşmənləri ilə eyni mövqedən çıxış etməyə və tarixi Qələbəni Azərbaycan xalqının əlindən “oğurlamağ”a sürükləyir.

Hər şeydən əlləri üzülən və uğrunda şəhidlər verdiyimiz Qələbənin üzərindən məkrli manipulyasiyalar aparılmaq kimi utancverici siyasi əxlaqsızlığa əl atan radikallar indi də sülh müqaviləsi ilə bağlı demaqoğiya yarışına çıxıblar. Ən pisi də budur ki, ölkəmizə qarşı açıq düşmənçilik mövqeyi tutan və erməni separatizminin əsas körükçüsü rolunda çıxış edən Fransa da nə yazıq ki, artıq bizim radikal müxalifətin “Məkkə”sinə çevrilməkdədir. AXCP lideri utanmadan Fransanın sülh danışıqları prosesində vasitəçilik etməyini təbliğ edir.

Əslində öz siyasi ambisiyalarını milli maraqlardan üstün tutan və yaxud, milli maraqları özgə maraqlarına satan radikal müxalifətçilər Fransanın anti-Azərbaycan siyasətinə qarşı rəsmi Bakının cavab tədbirləri görməsini, ümumiyyətlə, ermənipərəst Fransa ilə konfliktə girməyi, mübahisə aparmağı məqsədəuyğun hesab etməməklə bir tərəfdən Qərbin qrantlarını itirməkdən qorxduqlarını təsdiqləyirlərsə, digər tərəfdən isə milli yox, antimilli siyasi qüvvə olduqlarını nümayiş etdirirlər. Lakin məhz müxalifət olmaq üçün və məhz hakimiyyətə gəlmək üçün bu yolu tutmaq, daha doğrusu, özünü axırıncı yola qoymaq heç də düzgün və uğurlu seçim deyil.

Bəylər, böyük Qələbə sizdə böyük məyusluq doğura bilər. Bu təbiidir. Çünki xislətiniz buna köklənib. Ancaq heç olmasa, xalqımıza qarşı mərdimazarçılıq etməyin. Siyasi bayquşluğunuza birazca da olsa ara verin. İmkan verin bu xalq Xan şəhərimizdə - Xankəndidə üçrəngli bayrağımızın dalğalanmasının doğurduğu sevinci doyunca yaşaya bilsin.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş