"İsrail-Türkiyə münasibətləri digər müsəlman ölkələrindən fərqli olaraq normal məcrada inkişaf edib. Hər iki ölkə bütün sahələrdə geniş əməkdaşlıq edib. Lakin 2010-cu ilin mayında müharibədən əziyyət çəkən fələstinlilərə humanitar yük aparan mülki gəminin İsrail ordusunun hücuma məruz qalması nəticəsində 3 nəfərin öldürülməsindən sonra bu münasibətlər gərginləşdi. Hətta Türkiyə səfirini. Təl Əvubdən geri çağırdı. Türkiyə İsrail arasında soyuqlaşma regionda da öz təsirini göstərdi".
Newscenter-az xəbər verir ki, bu fikirləri səsləndirən AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu deyib ki, hər iki dövlət son dövrlər əlaqələrin bərpası yönündə ciddi addımlar atarkən oktyabrın 7- də HƏMAS-ın qəfil hücumu bu prosesləri durdurdu:
"HƏMAS-la İsrail arasında başlanan həmin müharibəyə Ankara ilk günlər təmkinli və həssas mövqe sərgiləsə də xəstayanaya endirilən raket zərbəsindən sonra kəskin və sərt mövqe ortaya qoydu. Bu isə İsraillə Türkiyə arasında dərin ziddiyyətlərə yol açdı. Sanki hansısa qüvvələr Türkiyə ilə İsrail arasında soyuqluğun və gərginliyin davam etməsində maraqlıdır".
AMİP funksioneri hesab edir ki, Türkiyə başlanan bu son müharibədə neytral və barışdırıcı rol oynamalıdır:
"Rəsmi Ankaranın barışdırıcıləğı və nüfuzu müharibənin dayandırılmasında önəmli faktor olardı. Hələ də aydın deyil kı, bölgədə ərəb dünyası ilə İsrailin, eləcə də İranın əlaqələrinin bərpası və mülayimləşməsi istiqamətində müsbət nəticələrin olduğu indiki vaxtda HƏMAS nədən qəfil İsrailə geniş miqyası böyük itkilərə yol açan hücum həyata keçirdi. Və bu hücumla da region yenidən barıt çəlləyinə çevrildi. Yeri gəlmişkən Azərbaycanın milli maraqları tələb edir ki, maksimum dərəcədə soyuqqanlı və bitərəf mövqe tutaq".
Anar Əliyev