Azərbaycan dünyada dini və milli tolerantlığım qorunduğu ölkə kimi tanınmasına baxmayaraq, hələ də ölkəmizə qarşı müəyyən beynəlxalq təşkilat və qurumlar tərəfindən qərəzli mövqe sərgilənir, Bakı dini və milli azadlıqları pozmaqda əsassı olaraq ittiham edilir. Bəs, bunun səbəbi nədir və Azərbaycana olan qərəzli münasibəti necə aradan qaldırmaq olar?
Newscenter.az-ın xəbərinə görə, politoloq Azər Qasımov hesab edir ki, Azərbaycan müasir və dünyəvi İslam fəlsəfəsinin əsasını qoymalıdır və dövlət bunu proqram şəklində həyata keçirməlidir. Onun sözlərinə görə, Azərbaycanın dini konfessiyaların sərbəst yaşadığı bir ölkə kimi tolerantlıq və din azadlığı
sahəsindəki uğurlu siyasətini daha da inkişaf etdirməlidir:
"Azərbaycan dini ekstremizmin yayılmasının, dini radikal təriqətlərin yayılmasının qarşısının alınmasında da xüsusi statusu olan ölkə kimi fəaliyyətini artırmalıdır. İslam dünyasında müxtəlif dinlərin sərbəst mövcud olduğu bir məkan kimi Azərbaycan dini radikalizmin yox olduğu bir məkan kimi də ad çıxarmalıdır. Bu, dini radikal təriqət və cəmiyyətlərin fəaliyyətinin qadağan edilməsi və dindar insanların radikallaşmasının qarşısını almaq üçün mülayim və müasir İslam fəlsəfəsini irəli sürməlidir".
Politoloq deyib ki, məscidlərdə, mədrəsələrdə din tarixi, məzhəblər, səhabələrdən söhbətlər, onların dedikləri yox, İslam dininin elmi tərəfləri tədris olunmalı, təbliğ edilməlidir:
"Bunun üçün dinin xurafat hissəsi dindən çıxarılmalıdır. Qurani-Kərimin müasir elmlə əlaqəsi, dinin mahiyyətinin inkişafa yönəlik tərəfləri önə çıxarılmalıdır. Məscidlərdə moizə oxuyan dindarların səviyyələrinin bu statusa uyğunlaşdırılması məsələsinə ciddi əməl edilməlidir. İslam dininin mahiyyətini xurafatdan qurtarmaq lazımdır.
Azərbaycan müasir və dünyəvi İslam fəlsəfəsinin əsasını qoymalıdır. Dövlət bunu proqram şəklində həyata keçirməlidir".
Anar Əliyev