Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib


Oktyabrın 25-də “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Heydər Əliyev-100: Müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasında Ümummilli Liderin rolu” mövzusunda onlayn formatda beynəlxalq konfrans keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirin moderatoru, YAP Gənclər Birliyinin üzvü Anastasiya Lavrina bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün həyata keçirdiyi siyasətin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu konfrans Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursunun uğurlarının, əldə edilən nəticələrin təhlili, həmçinin Ümummilli Liderin siyasi irsinin təşviqi və öyrənilməsi baxımından önəmlidir.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə keçirilən videokonfransın işinə uğurlar arzulayıb və tədbirin Heydər Əliyev irsinin hərtərəfli öyrənilməsinə mühüm töhfə olacağına inamını ifadə edib. Tahir Budaqov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Bu münasibətlə istər respublikamızda, istərsə də bir çox xarici ölkələrdə silsilə tədbirlər keçirilir, Heydər Əliyevin müasir dövlətçilik tariximizdə müstəsna yerinə və roluna nəzər salınır, Onun zəngin siyasi irsinin müxtəlif aspektləri geniş ictimaiyyətin diqqətinə çatdırılır. Bu tarixi şəxsiyyətin adı ilə bağlı olan və hazırda Onun siyasi varisi cənab İlham Əliyevin Sədrliyi ilə uğurla inkişaf edərək Azərbaycana böyük nailiyyətlər qazandıran Yeni Azərbaycan Partiyası da Heydər Əliyev ideyalarının təşviqi və gənc nəslə aşılanması baxımından böyük əhəmiyyətə malik olan müxtəlif tədbirlər reallaşdırmaqdadır.

YAP Sədrinin müavini qeyd edib ki, “Heydər Əliyev-100: Müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasında Ümummilli Liderin rolu” mövzusunda keçirilən bugünkü konfransın da, xüsusilə də dost və tərəfdaş ölkələrdən olan ictimai-siyasi və dövlət xadimlərinin, Ulu Öndərlə müxtəlif səviyyələrdə təmasda olmuş şəxslərin müdrik dövlət xadimi haqqında fikirlərinin Heydər Əliyev irsinin öyrənilməsi baxımından faydalı olacağına, dahi şəxsiyyətlə bağlı xatirələrinin maraq doğuracağına şübhə yoxdur: “Məlumdur ki, Heydər Əliyev bir-birindən iqtisadi və siyasi-ideoloji xüsusiyyətlərinə görə kəskin fərqlənən iki ayrı dövrdə Azərbaycana rəhbərlik etmişdir. Onun respublikamıza siyasi rəhbərliyinin birinci dönəmi SSRİ dövrünə təsadüf edir. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyevin rəhbərliyi ilə atılan addımlar – görülən işlər respublikamızın yüksəlişini təmin etməklə yanaşı, müttəfiq respublikalarla münasibətlərin inkişafına da xidmət göstərmişdir. Mən Prezident İlham Əliyevin bu məsələlər ilə əlaqədar fikirlərini diqqətinizə çatdırmaq istəyirəm: “Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 13 il ərzində Azərbaycan Sovet İttifaqı çərçivəsində ən inkişaf etmiş və qabaqcıl respublikaya çevrilmişdir. Əlbəttə, Azərbaycan müstəqil deyildi və Sovet İttifaqında müəyyən ideoloji çərçivələr də var idi. Ancaq buna baxmayaraq, həm respublikanın sosial-iqtisadi inkişafında, həm milli-mənəvi dəyərlərin təbliğində o illərdə Heydər Əliyev böyük işlər görmüşdür”.

1982-ci ilin dekabrında SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi də məqsədyönlü fəaliyyətini uğurla davam etdirmişdir. Bu, respublikanın 1969-1982-ci illər ərzində yaradılmış güclü sosial-iqtisadi baza əsasında inkişafını daha da sürətləndirmişdir. Bilirsiniz ki, Heydər Əliyev bu vəzifədə işləyərkən SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdir. Xüsusi qeyd etmək istəyirəm ki, bu dövrdə atılan addımlar təkcə Azərbaycan SSR-in deyil, Sovet ittifaqının tərkibində olan digər respublikaların da inkişafına töhfə olmuşdur. Eyni zamanda, Heydər Əliyevin istər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, istərsə də də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyət göstərdiyi dövrlərdə respublikamızda digər xalqların nümayəndələri də qarşılıqlı anlaşma şəraitində yaşamış, onların bütün hüquqları qorunmuş, rifah və firavanlığı yüksək səviyyədə təmin edilmişdir”.

Vurğulanıb ki, SSRİ-nin dağılması ərəfəsində ittifaq tərkibində olan 15 respublika öz müstəqilliklərini elan etməyə başladılar. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası tarixi isə 1991-ci ilin oktyabrın 18-ə təsadüf etdi. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, torpaqlarımızın ard-arda işğal edilməsi və digər bir sıra problemlər respublikamızın olduqca mürəkkəb şəraitlə üzləşməsinə, hətta müstəqilliyini itirmək təhlükəsi qarşısında qalmasına səbəb oldu. Belə bir ağır vəziyyətdə Heydər Əliyev xalqın israrlı tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıtmaqla xilaskarlıq missiyasını yerinə yetirdi. O, Azərbaycanı iqtisadi böhrandan, siyasi xaosdan qurtardı, Ermənistanın işğalçılıq müharibəsinin qarşısını aldı, səmərəli xarici siyasət həyata keçirməklə ölkəmizin beynəlxalq münasibətlər sisteminə uğurlu inteqrasiyasının əsasını qoydu. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması, ikitərəfli münasibətlərin inkişafı, beynəlxalq təşkilatlarda yüksək fəallığın təmin olunması və digər amillər bu baxımdan xüsusi qeyd edilməlidir. Ümummilli Liderin milli maraqlara əsaslanan siyasi kursu Azərbaycanın dostlarının və müttəfiqlərinin sayının artması, beynəlxalq mövqeyinin möhkəmlənməsi, Qarabağ məsələsində ölkəmizin haqlı və birmənalı yanaşmasının qlobal miqyasda dəstəklənməsi kimi hədəflərə yönəlmişdi. Ulu Öndər bu məqsədlərə nail oldu - Azərbaycan regionun aparıcı dövlətinə çevrildi, etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində layiqli yer tutdu. Bütövlükdə isə, Ümummilli Liderin müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi, sabitlik və inkişaf dönəmi kimi yadda qalan 1993-2003-cü illərdə iqtisadi potensialın artırılması, praqmatik enerji strategiyasının həyata keçirilməsi, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması və münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında inkişaf etdirilməsi kimi amillər Azərbaycanın regionda rolunun artmasını, qlobal siyasi arenada imkanlarının genişlənməsini təmin etdi.

YAP Mərkəzi Aparatının rəhbəri diqqətə çatdırıb ki, 2003-cü ildən etibarən isə Heydər Əliyev siyasətinin davamçısı – Ümummilli Liderin siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycana yeni uğurlar qazandırmışdır: “Son 20 il ərzində Azərbaycanın təşəbbüsləri və liderliyi ilə böyük enerji və nəqliyyat layihələri reallaşdırılmış, regional miqyasda yeni əməkdaşlıq platformaları yaradılmış, ölkəmiz mötəbər beynəlxalq təşkilatlara sədrlik və qlobal xarakterli mühüm tədbirlərə ev sahibliyi etmişdir. 2011-ci ildə 155 dövlətin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi isə ölkəmizə, şəxsən cənab İlham Əliyevə olan böyük inam və etimadın ifadəsi, dövlətimizin yüksək nüfuzunun və geostrateji əhəmiyyətinin göstəricisidir. Azərbaycan 2019-cu ildən BMT-dən sonra dünyanın ikinci böyük beynəlxalq təsisatı olan və sıralarında 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına sədrlik edir. Şərqlə Qərb arasında mənəvi-siyasi və mədəni-intellektual körpü rolunu oynayan Azərbaycan bəşəriyyət üçün böyük önəm və aktuallıq kəsb edən bir çox mühüm təşəbbüslərlə çıxış etmiş, humanizm dəyərlərinə sadiqliyini, milli maraqlara və beynəlxalq hüquq normalarına hörmətini hər zaman nümayiş etdirmişdir”.

Qeyd edilib ki, Azərbaycana misilsiz nailiyyətlər qazandıran Heydər Əliyev siyasətinin zirvə nöqtəsi 30 il ərzində Ermənistanın işğalı altında qalmış torpaqların azad edilməsi, ərazi bütövlüyünün bərpası və suverenliyin bərqərar olunmasıdır: “İstər Ulu Öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin siyasi kursunda Qarabağ məsələsinin həlli başlıca strateji prioritet – bir nömrəli məsələ kimi xüsusi yer tutmuşdur. Təbii ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında milli maraqlara əsaslanan səmərəli xarici siyasətin müstəsna rolu olmuşdur. Beynəlxalq miqyasda etibarlı dostluq və tərəfdaşlıq əlaqələrinin formalaşdırılması, Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəkləndiyi sənədlərin qəbuluna nail olunması, Azərbaycan həqiqətlərinin təbliğinə yönəlik məqsədyönlü kampaniyaların və genişmiqyaslı layihələrin həyata keçirilməsi ölkəmizin mövqeyinin möhkəmlənməsinə şərait yaratmış və təsir imkanlarımız artmışdır. 2020-ci ilin sentyabrın 27-də işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələrinin növbəti təxribatına Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə layiqli cavab verməsi ilə başlanan 44 günlük Vətən müharibəsində ölkəmizin tarixi Qələbəsi isə torpaqlarımızın azad olunması uğrunda çoxillik fəaliyyətin qanunauyğun nəticəsi olmuşdur. Prezident İlham Əliyevin prinsipial mövqeyi nəticəsində bu ilin sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində 24 saatlıq lokal antiterror əməliyyatı isə suverenliyin, ölkəmizin konstitusiya quruluşunun tam bərpasını təmin etmiş, respublika ərazisində separatizmə birdəfəlik son qoyulmuşdur”.

“Əlbəttə, bu Qələbə böyük tarixi və siyasi məzmuna malikdir. Çünki birincisi, Azərbaycan işğal faktına, separatizmə öz milli gücü ilə, hərbi-siyasi resursları vasitəsilə son qoymuş, BMT-nin 1993-cü ildə qəbul edilmiş, amma kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etmişdir. Yəni biz həm tarixi ədalətin, həm də beynəlxalq hüququn bərpasına müvəffəq olmuşuq. İkincisi, bu tarixi Zəfər xalqımızın milli qürurunun və milli ləyaqətinin bərpası, “münaqişənin hərbi həlli yoxdur” deyən, işğalçı ilə işğala məruz qalanı fərqləndirməyən qərəzli dairələrin ikili standartlara əsaslanan siyasətinin iflasa uğradılmasıdır. Nəhayət, Azərbaycan regionda yeni geostrateji reallıqlar yaratmışdır ki, bu da nəinki Cənubi Qafqazda, hətta bütövlükdə postsovet məkanında və daha geniş miqyasda yeni təhlükəsizlik mühitinin və əməkdaşlıq imkanlarının formalaşması deməkdir. Çoxəsrlik dövlətçilik tarixinə malik olan Azərbaycan hər zaman rifah, firavanlıq, sülh, sabitlik və əməkdaşlıq tərəfdarı olmuşdur, bu gün də öz mövqeyinə və prinsiplərinə sadiqdir” ,- deyən Tahir Budaqov əlavə edib ki, bütün bu aşkar reallıqlar – qazanılan möhtəşəm nailiyyətlər Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycan bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev yolu ilə addımlayaraq möhtəşəm uğurlar və yeni qələbələr əldə etmək əzmindədir.

Çıxışının sonunda YAP Sədrinin müavini konfransın işinə uğurlar arzu edib, səmərəli fikir mübadiləsinin aparılacağına ümidvar olduğunu bildirib.

Sonra dünya şöhrətli yazıçı, Qazaxıstanın ictimai-siyasi xadimi Oljas Süleymenovun konfransa ünvanlanmış videomüraciəti nümayiş olunub. Azərbaycan xalqına və dövlətinə ürəkdən bağlı olduğunu diqqətə çatdıran Oljas Süleymenov Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Qazax yazıçısı Ümummilli Liderlə ilk dəfə 1975-ci ildə Azərbaycanda keçirilən sovet ədəbiyyatı günlərində görüşdüyünü deyib: “Keçmiş sovetlər ittifaqının hər yerindən Azərbaycana qonaqlar gəlmişdi. Biz qruplara bölünərək bu qonaqpərvər respublikanın müxtəlif bölgələrinə səyahət etdik. Qonaqlar Bakını tərk etməmişdən əvvəl Heydər Əliyev bizimlə görüşdü. Sənətə, ədəbiyyata böyük önəm və dəyər verən Ümummilli Lider tədbirdə iştirak edən yazıçı və şairlərin çoxunu ilk dəfə görürdü. Onun nitqindən aydın olurdu ki, çıxışa çox gözəl hazırlaşıb. Dünya ədəbiyyatına Oljas Süleymenov kimi yazıçı bəxş etdiyinə görə qazax xalqına təşəkkür edən Heydər Əliyev mənə üzünü tutaraq dedi: “Sən təkcə Qazaxıstan xalqına deyil, bütün Türk dünyasına lazımsan”. Heydər Əliyevin bu sözləri həyatımın və yaradıcılığımın leytmotivi oldu və mənim Türk dünyası ədəbiyyatı sahəsində yaradıcılığımda açar rolunu oynadı. 60 il üzərində çalışdığım türkşünaslıq və şumer ədəbiyyatı ilə bağlı tədqiqat işlərimi, nəhayət ki, bu il yekunlaşdıra bildim. Həmin tədqiqat əsərini Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə hədiyyə edirəm. Düşünürəm ki, əsər Azərbaycanda da geniş populyarlıq qazanacaq və türkşünaslığın inkişafına töhfə verəcək”.

Şumerlərin tarixindən danışan Oljas Süleymenov bildirib ki, qədim mənbələri və yazıları araşdırarkən müəyyən həqiqətləri üzə çıxarıb. Bir daha əmin olub ki, türk xalqı qədim mədəniyyətin bir hissəsi deyil, məhz bu tarixi yaradan xalqdır. “Təxminən 1 aydan sonra bu tədqiqat əsərinin yazılması ilə xatirələr kitabım çapdan çıxacaq. Kitabımda Heydər Əliyevlə bağlı xatirələrim də geniş yer alıb. Azərbaycan və Heydər Əliyev mənim həyat və yaradıcılığımda mühüm yer tutur. Heydər Əliyev cəmi 80 il yaşasa da, özündən sonra yüz illərlə unudulmayacaq zəngin irs və dəyərlər qoyub getdi”, - deyə dünya şöhrətli yazıçı vurğulayıb.

Azərbaycan Respublikasının bugünkü inkişafının hamının gözləri qarşısında baş verdiyini, Azərbaycanın uğurlarına çox sevindiklərini diqqətə çatdıran Oljas Süleymenov deyib: “Qarabağ münaqişəsi artıq öz həllini tapıb, ölkənin ərazi bütövlüyü tam təmin olunub. İnanıram ki, Heydər Əliyevin layiqli varisi Prezident İlham Əliyev Azərbaycanı daha böyük zirvələrə qaldıracaq və qarşıya qoyulmuş hədəflərə nail olacaq. Mən Azərbaycan xalqına və dövlətinə uğurlar arzulayıram”.

Rusiyanın TASS xəbər agentliyinin baş direktorunun birinci müavini, Əməkdar jurnalist Mixail Qusman çıxışında doğulduğu gündən dünyasını dəyişdiyi günə qədər inanılmaz dərəcədə zəngin, möhtəşəm həyat yolu keçmiş dahi lider Heydər Əliyevin istər Sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın inkişafına verdiyi töhfələrdən söhbət açıb. Ulu Öndəri müasir Azərbaycan dövlətinin memarı adlandıran M.Qusman qeyd edib ki, Heydər Əliyevin xidmətləri misilsizdir. Hələ Sovet dönəmində, məhz Onun rəhbərliyi dövründə Azərbaycan elə bir inkişaf etmiş ölkəyə çevrilmişdi ki, bütün digər respublikalar ona oxşamağa çalışırdılar. Çünki Azərbaycan praktiki olaraq digər respublikalardan irəlidə idi: “Təsadüfi deyil ki, mən ovaxtkı sovet lideri Leonid İliç Brejnevin doğma respublikamız haqqında dediyi sözləri tez-tez xatırlayıram. Brejnev Heydər Əliyevin başçılıq etdiyi respublika barədə “Azərbaycan iri addımlarla irəliləyir” demişdi. Təbii ki, o vaxt bu ifadə bütün Sovet İttifaqına yayılmışdı, Azərbaycanın bütün şüarlarında bu sözlər yazılırdı. Lakin fikir verin, Leonid İliç bu frazanı düşünərək demişdi. Bu, sadəcə, gözəl fraza deyildi, bütün digər respublikalarla müqayisədə Azərbaycanın möhtəşəmliyinə hörmət əlaməti idi. Ona görə ki, Brejnev baş katib olmazdan əvvəl Ukraynada, Qazaxıstanda, Moldovada işləmişdi və bütün bu respublikalar çalışırdılar ki, Sovet İttifaqının lideri Azərbaycan haqqında dediklərini onlar haqqında da deyə bilsin”.

Mixail Qusman bildirib ki, o vaxt Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan bütün istiqamətlərdə inanılmaz dərəcədə inkişafa nail olmuşdu. Bu, həm iqtisadiyyata, həm mədəniyyətə, həm ictimai-siyasi həyata, həm elmə, bir sözlə, ölkə həyatının hər sahəsinə aid idi.

Ümummilli Liderin həyatının ən önəmli mərhələlərindən birinin Moskvada işlədiyi dövrlə bağlı olduğunu bildirən M.Qusman qeyd edib ki, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən ümumittifaq miqyaslı böyük yükü öz çiyinləri üzərinə götürmüşdü. O, nəhəng siyasətçi və dövlət xadimi idi.

TASS xəbər agentliyinin baş direktorunun birinci müavini öz çıxışında müəllifi olduğu, Ümummilli Liderin 100 illik yubileyinə həsr edilmiş “Liderin ürəyi” sənədli filmindən də söz açıb, filmdə Heydər Əliyevlə bağlı xatirələrdən, Onun zəngin həyat yolundan, çoxşaxəli siyasi fəaliyyətindən, Azərbaycan naminə göstərdiyi misilsiz xidmətlərdən bəhs edildiyini diqqətə çatdırıb.

Ulu Öndərin müstəqil Azərbaycanın təməlini qoymağa nail olduğunu bildirən M.Qusman qeyd edib ki, bu gün Ümummilli Liderin siyasətini Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir: “Odur ki, biz Azərbaycanın dahi lideri Heydər Əliyevi Azərbaycanın xilaskarı, Prezident İlham Əliyevi isə müasir Azərbaycanın qurucusu adlandırmaqda haqlıyıq”.

Çıxış edən YAP Veteranlar Şurasının üzvü Əli Həsənov bildirib ki, Heydər Əliyev həm SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi zaman müstəsna fəaliyyət göstərib, misilsiz işlər görüb: “Heydər Əliyevdə fitri istedad, bacarıq və cəsarət, Vətəninə, xalqına, torpağına bağlılıq var idi. Yəni idarəçilik üçün nə tələb olunurdusa, hamısı var idi. Ulu Öndər 1969-cu ilin iyul ayında Azərbaycanın rəhbəri seçildikdən sonra qısa müddət ərzində respublikamızı ittifaq miqyasında ön sıralara çıxardı. Həmin dövrdə Azərbaycan hər bir sahədə böyük nailiyyətlərə imza atdı. Heydər Əliyevin 1969-1982-ci illərdəki idarəçilik sistemi o vaxtkı SSRİ-nin bütün rəhbərlərinə nümunə idi. Daha sonra Ulu Öndər Heydər Əliyev SSRİ-də yüksək vəzifəyə irəli çəkildi və Onun nəzarətində olan hər bir sahədə tərəqqi baş verdi. Moskvada işlədiyi zaman Heydər Əliyev ittifaq respublikalarının inkişafında da böyük xidmətlər göstərdi”.

Onun sözlərinə görə, həmin dövrdə Qərb və Avropa Heydər Əliyevi yaxşı tanıyırdı və xarici mətbuat Onu “Kremldə dəmir iradəli müsəlman” adlandırırdı.

YAP Veteranlar Şurasının üzvü qeyd edib ki, 1990-cı illərin əvvəlində respublikada iqtisadi, siyasi xaosun hökm sürdüyü, ölkənin dünya xəritəsindən silinmə təhlükəsinin olduğu dövrdə xalqımızı yalnız Heydər Əliyev kimi şəxsiyyət xilas edə bilərdi: “Təcrübə, bilik, bacarıq, cəsarət, xalqın Ona olan inamı, ölkədəki iqtisadi, siyasi, sosial durumdan xəbərdar olması və xalqının psixologiyasına bələdçiliyi imkan verdi ki, ölkəni xilas etsin. Xalqın tələbi ilə hakimiyyətə yenidən qayıtdıqdan sonra ictimai-siyasi sabitliyi bərpa etdi, milli inkişaf strategiyasını müəyyənləşdirdi, bazar iqtisadiyyatına keçidə başladı, idarəetmənin qanunvericilik bazasını yaratdı, inzibati strukturu yenidən qurdu, vətəndaş həmrəyliyinə nail oldu, çoxpartiyalı siyasi sistemə keçidi təmin etdi. Eyni zamanda, Heydər Əliyev müstəqil Azərbaycanı bütün dünyada tanıtdı, beynəlxalq birliyə inteqrasiya olunmasında vacib addımlar atdı. “Əsrin müqaviləsi” kimi mühüm sənədin imzalanmasında da Heydər Əliyevin beynəlxalq müstəvidəki nüfuzu müstəsna rol oynadı”.

Əli Həsənov deyib ki, Ulu Öndər Heydər Əliyevin güclü iqtisadiyyat və güclü ordu quruculuğu istiqamətində həyata keçirdiyi siyasət Azərbaycanın Ermənistanın işğalı altında olan torpaqlarının azad olunmasına hesablanmışdı və belə də oldu: “Bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasətini ölkənin, xalqın mənafeyi naminə uğurla davam etdirir. Azərbaycan dövlətinin öz torpaqlarını işğaldan azad etməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevin iradəsinin təntənəsidir”.

Siyasi və dovlət xadimi, VII çağırış Belarus Milli Assambleyasıının Nümayəndələr Palatasının deputatı Tengiz Dumbadze çıxışında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. Heydər Əliyevi şəxsən tanıdığı üçün fəxr etdiyini diqqətə çatdıran Tengiz Dumbadze Ulu Öndərin dahi şəxsiyyət kimi tarixdə iz qoyduğunu bildirib, Cənubi Qafqaz xalqlarının inkişafı istiqamətində xidmətlərini qeyd edib. Sovet ittifaqının dağılmasından sonra respublikaların ağır vəziyyətə düşməsindən danışan T.Dumbadze Azərbaycanın öz ayaqları üstündə durması və dövlət müstəqilliyini qoruması istiqamətində Heydər Əliyevin fəaliyyətinin yüksək qiymətə layiq olduğunu söyləyib.

Ümummilli Liderin ölkəsinin hüdudlarından kənarda tanındığını, yüksək nüfuza malik olduğunu xatırladan belaruslu deputat Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə siyasi komandasına Vətənini sevən, ona dərindən bağlı olan etibarlı adamları cəlb etdiyini bildirib. Heydər Əliyevin qanlı 20 Yanvar hadisələrində xalqının yanında olduğunu bildirən natiq deyib: “Heç bir dövlət adamı həyatını risk altına salaraq Onun atdığı addımı ata bilməzdi. Heydər Əliyev hələ o zaman dünyaya böyük şəxsiyyət olduğunu sübut etdi. O sübut etdi ki, öz xalqının oğlu, Azərbaycanın Lideridir. Heydər Əliyev mübarizliyi ilə yeni Azərbaycanın simvolu olduğunu ortaya qoydu. Ancaq Heydər Əliyev kimi şəxsiyyət Azərbaycanı uçurumdan xilas edə bilərdi. İllər, əsrlər keçəcək, amma bir fakt həmişə qalacaq ki, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsərdir”.

Heydər Əliyevin “Əsrin müqaviləsi” ilə Azərbaycanı inkişaf etməkdə olan ölkələr sırasına çıxardığını qeyd edən T.Dumbadze bildirib ki, Ulu Öndərin siyasi varisi, Prezident İlham Əliyev Onun siyasətini uğurla davam etdirir. Qarabağda dəfələrlə olduğunu diqqətə çatdıran belaruslu deputat deyib: “Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsi ilə illərin, əsrlərin problemini həll etməyi bacarıb, ölkəsinin ərazi bütövlüyünün bərpa edilməsinə nail olub. Prezident İlham Əliyev Zəfərlə adını tarixə qızıl hərflərlə yazdırıb. Heydər Əliyevin ruhu şaddır. Şaddır ki, Onun irsi layiqincə davam etdirilir”.

T.Dumbadze qeyd edib ki, Azərbaycan Prezidenti yaxın silahdaşı, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva ilə birlikdə xalq və dövlət üçün misilsiz işlər görür.

Çıxış edən Tacikistan Respublikasının keçmiş xarici işlər naziri və BMT-dəki daimi nümayəndəsi, Şanxay Əməkdaşlıq Təşkilatının sabiq baş katibi, Tayxe İnstitutunun professoru Rəşid Alimov Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konfransa dəvət olunduğu üçün təşəkkürünü bildirib. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi dünya şöhrətli, nəhəng siyasi və dövlət xadimi kimi xarakterizə edib. Ulu Öndər Heydər Əliyevlə görüşlərini xatırlayan Rəşid Alimov Ümummilli Liderin öz xalqına böyük sevgisinin şahidi olduğunu bildirib: “Mənim üçün ən önəmli olan budur ki, Heydər Əliyevlə şəxsi görüşümdə Onun necə uzaqgörən siyasətçi olduğuna heyran olmuşam. Heydər Əliyev yorulmaz fəaliyyəti, müdrikliyi və mənəvi gücü ilə əsl nümunədir. Məhz bu səbəblərdən Azərbaycan xalqı 30 il əvvəl Ona müstəqil dövləti idarə etmək üçün yüksək etimad göstərmişdi. Biz hamımız xatırlayırıq ki, o zaman Azərbaycanın vəziyyəti fövqəladə dərəcədə ağır idi. Məhz belə bir dövrdə Azərbaycan xalqı Heydər Əliyevə çağırış etdi. Xüsusilə, Azərbaycanın müstəqilliyinin ilk illərində Onun respublikanı ağır vəziyyətdən, xalqı təlatümlü günlərdən necə xilas etdiyini hər birimiz yaxşı xatırlayırıq. Heydər Əliyev bütün daxili problemləri həll edərək Azərbaycanı inkişaf yoluna çıxardı. Həmin vaxtlar O deyirdi ki, hər gün, hər saat, hər dəqiqə xalqımla bir yerdə olacağam. Heydər Əliyev Prezident kimi 10 il ərzində, həqiqətən də, xalqının inam və etimadını yüksək səviyyədə doğrultdu”.

Heydər Əliyevin natiqlik qabiliyyətini xüsusi vurğulayan R.Alimov qeyd edib ki, O, bütün çıxışlarında auditoriyanı cəlb etməyi bacarırdı: “Şərq müdriklərindən biri deyir ki, “söz hətta kosmosu hərəkətə gətirə bilər”. Heydər Əliyev də belə bir gözəl natiq idi. Onun elə bir bacarığı var idi ki, dediyi sözlər insanlarda böyük inam yaradırdı. Bununla yanaşı, O deyirdi ki, söz dəqiq, fəaliyyət isə qətiyyətli olmalıdır. Mən Moskvada çalışarkən Heydər Əliyevin çıxışlarını dinləmişdim. Onun dərinmənalı çıxışlarında yüksək emosiyanı hiss edirdim. Mən vurğulamaq istəyirəm ki, Moskvada işləyərkən Heydər Əliyevin mənim də həyatımda xüsusi rolu olub, karyeramın irəli getməsində Onun dəstəyini hiss etmişəm. Heydər Əliyev həmişə insanlara qayğı ilə yanaşırdı, bacarıqlı gənclərə dəstək verirdi. Mən də onlardan biri idim”.

Rəşid Alimov söyləyib ki, Heydər Əliyevin titanik səyləri nəticəsində Azərbaycanda milli birlik və həmrəylik təmin olundu, keçid dövrünün çətinliklərinin öhdəsindən gəlindi: “Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik edən zaman tənəzzülə uğramış iqtisadiyyatın inkişafı istiqamətində mühüm addımlar atdı. Yadımdadır ki, 1997-2000-ci illərdə Azərbaycanda ÜDM 10 faiz artdı, inflyasiya isə 2 faizə düşmüşdü. Həmin illərdə məhz Heydər Əliyevin düşünülmüş siyasəti və yüksək nüfuzu sayəsində Azərbaycan iqtisadiyyatına 15 milyard dollar xarici investisiya yatırıldı. Əlbəttə, perspektivi olmayan ölkəyə heç bir xarici şirkət, dövlət investisiya yatırmaz. Baxmayaraq ki, Azərbaycan üçün çətin dövr idi, amma 15 milyard dollar xarici investisiyanın yatırılması ölkə iqtisadiyyatı üçün möhtəşəm hadisə idi. Bu məbləğ indiki kursla 150 milyard deməkdir. Bu da Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynadı. Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası, ölkənin çiçəklənməsi və tərəqqisi məhz Heydər Əliyevin siyasətinin, Onun böyük zəhmətinin nəticəsi idi. Heydər Əliyev ölkəsini bütün dünyada etibarlı tərəfdaş kimi tanıtdı. Mən şahidi olmuşam ki, dünya liderləri Heydər Əliyev haqqında necə böyük ehtiramla danışırdılar.

Heydər Əliyev hər zaman dünya ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı maraqlara əsaslanan əlaqələr qurmağı arzu edirdi və belə də oldu. Müasir Azərbaycan bu gün beynəlxalq aləmdə layiqli yerini tutub. 2011-ci ildə Azərbaycan iki il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. 2020-ci ildən isə dünyanın 120 dövlətinin üzv olduğu Qoşulmama Hərəkatına sədrlik edir. Bu ondan xəbər verir ki, Azərbaycanın dünyanın hər yerində etibarlı tərəfdaşları və dostları var. Azərbaycan bu yanaşma ilə öz iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirir. Əlbəttə, müasir Azərbaycan Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində bu nailiyyətlərə imza atır. Bütün dünya bu nəhəng şəxsiyyətin fəaliyyətinə şahidlik edib”.

Heydər Əliyevin ölkəsində çox sevildiyini və 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasından məmnun olduğunu bildirən Gürcüstanın Azərbaycandakı sabiq səfiri Zurab Qumberidze də çıxışında Ulu Öndərlə bağlı xatirələrini bölüşüb. Bildirib ki, 1995-ci ildə Gürcüstan Respublikasının Azərbaycanda diplomatik nümayəndəliyi fəaliyyətə başlayıb və o, 1997-ci ildən 2007-ci ilə qədər ölkəmizdə səfir kimi fəaliyyət göstərib. Həmin müddətdə Ümummilli Liderlə dəfələrlə görüşüb. Ulu Öndər öz dəyərli məsləhətləri ilə gənclərə həmişə dəstək olub.

Z.Qumberidze qeyd edib ki, onun səfir kimi fəaliyyəti dövründə Azərbaycanın siyasətində enerji strategiyası prioritet istiqamətlərdən biri idi. Ümummilli Liderin müəllifi olduğu “Əsrin müqaviləsi” nəinki Azərbaycanın, ümumilikdə Cənubi Qafqazın siyasi-iqtisadi mənzərəsini dəyişdi. Heydər Əliyev vurğulamışdı ki, bu enerji layihəsi olmaqla yanaşı, həm də layihədə iştirak edən ölkələr arasında əlaqələri şərtləndirən böyük siyasətdir.

Ulu Öndərin həmin vaxt Türkiyə Prezidenti olan Süleyman Dəmirəl və Gürcüstanın dövlət başçısı Eduard Şevardnadze ilə dostluqlarını xatırladan diplomat bu reallığın bir-birinin xoş gününə sevinən, acılarına kədərlənən qonşu xalqların mehriban dostluq münasibətlərinə də müsbət təsirindən danışıb: “Bu üç görkəmli dövlət xadiminin hər görüşü gələcəyə baxış idi. Onlar həmin vaxt bugünkü günlərimizi görür və planlaşdırırdılar. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinin təməli də məhz illər əvvəl Heydər Əliyev tərəfindən qoyulub.

Sevindirici haldır ki, tarixən mövcud olmuş və Heydər Əliyevin fəaliyyəti dövründə daha da inkişaf etmiş Gürcüstan-Azərbaycan dostluğu bu gün də ən yüksək səviyyədədir”.

Z.Qumberidze Ulu Öndərin Azərbaycanı bir memar kimi yenidən qurduğunu, Onun siyasətinin böyük amallarının varisi – Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Məhz Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. İndi ölkədə Böyük Qayıdış prosesinə start verilib ki, bu, Azərbaycanın həyatında yeni mərhələdir. Prezident İlham Əliyev Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün də mühüm addımlar atır. Bu siyasi kurs Azərbaycanı parlaq gələcəyə aparmaqla bərabər regionun inkişafını da şərtləndirəcək mühüm amildir.

Zurab Qumberidze Ulu Öndər Heydər Əliyevin qurduğu və Prezident İlham Əliyevin inkişaf etdirdiyi Azərbaycanı çox sevdiyini bildirib.

Çıxış edən YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova qeyd edib ki, müasir Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasının, eləcə də ölkəmizin dünya birliyində mövqelərinin möhkəmləndirilməsinin əsası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı dünyada tanıtmağı, ölkənin milli-mənəvi dəyərlərini, mədəniyyətini təbliğ etməyi, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurmağı əsas vəzifə kimi qarşıya qoymuşdu. Azərbaycan bütün beynəlxalq platformalarda Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətini ifşa edib.

Sədaqət Qəhrəmanovanın sözlərinə görə, Heydər Əliyevin dünya siyasətində ən mühüm uğurlarından biri də bütün maneələrə baxmayaraq, Cənubi Qafqazda qlobal iqtisadi layihələrin təməlinin qoyulmasıdır. Bunun bariz sübutu kimi 20 sentyabr 1994-cü ildə Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində imzalanan “Əsrin müqaviləsi”, bir-birinin ardınca həyata keçirilən neft-qaz layihələri xüsusi qeyd edilməlidir.

“Ulu Öndər uzaqgörənliklə söyləyirdi ki, “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaqdır”. Bəli, Ulu öndərin 30 il öncə dediyi sözlər bu gün reallıqdır. Hazırda ölkəmiz dünyada sivil, demokratik, qanunun hakim olduğu inkişaf etmiş bir dövlət kimi qəbul edilir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan xarici siyasət kursu ölkəmizi dünyanın nüfuzlu dövlətləri sırasına yüksəldib. Azərbaycan dünyanın mötəbər təşkilatlarının tədbirlərinin keçirildiyi məkana çevrilib, beynəlxalq münasibətlərdə əməkdaşlıq əlaqələri yeni mərhələyə qədəm qoyub. Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad edib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan xarici siyasət kursumuz ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldib. Azərbaycan dünya ölkələri ilə dostluq və qarşılıqlı ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirməklə Cənubi Qafqaz regionunda və onun sərhədlərindən kənarda sülh şəraitində birgəyaşayış prinsipini təşviq edir”,-deyə YAP Veteranlar Şurasının sədr müavini vurğulayıb.

Konfransa yekun vuran YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarına təşəkkürünü bildirib. O qeyd edib ki, çıxış edənlərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında xatirələri, Onun barəsində dəyərli fikirləri bütövlükdə xalqımıza və onun görkəmli oğluna – dahi şəxsiyyətə olan ehtiramın parlaq nümunəsidir. T.Budaqov qeyd edib ki, bütün çıxışların məzmun və mənası Heydər Əliyevin dahi şəxsiyyət olduğunu bir daha təsdiq edir. Heydər Əliyev öz həyatı ilə müasir Azərbaycanın tarixini yaratdı və özü də əbədi olaraq tariximizə həkk olundu. Məşhur alman filosofu Şopenhauerin “istedadlı şəxs odur ki, heç kəsin vura bilmədiyi, dahi şəxs isə odur ki, heç kəsin görə bilmədiyi hədəfi vurur” kəlamını xatırladan T.Budaqov Heydər Əliyevin uzaqgörənliyini xüsusi qeyd edərək Onun qəbul etdiyi qərarların, yeritdiyi siyasətin hələ uzun illər bundan sonra da Azərbaycana xidmət edəciyinə əminliyini ifadə edərək konfrans iştirakçılarına Heydər Əliyev irsinin tədqiqi və təbliği, Heydər Əliyev yolunun davam etdirilməsi sahəsində hər kəsin öz imkanları daxilində həyata keçirdiyi fəaliyyətdə uğurlar arzulayıb.

R.Mehdiyeva
Xəbəri paylaş