Bir çox hallarda ailə dağılarkən, yaxud da ailə dağılmadan belə ana və ata valideynlik hüququndan məhrum edilirlər. Müxtəlif səbəblər, ailədaxili meydana çıxan bir çox problemlər buna səbəb ola bilər. Bəs görəsən hüquqi baxımdan necə tənzimləmir? Valideynlik hüququndan məhrumetmə hansı hallarda baş verir?
Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlər valideynlik hüquqlarından bir sıra hallarda məhrum edilə bilərlər. Vəkilin sözlərinə görə, valideynlər öz valideynlik vəzifələrini yerinə yetirmədikdə, alimenti qəsdən ödəmədikdə, heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə valideynlik hüququndan məhrumetmə baş verir.
Vəfa Qədirova deyir ki, həmçinin, valideyn xroniki alkoqol və narkomaniya xəstəsidirsə, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törədilirsə, eləcə də uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət həyata keçirilirsə, o halda alideynlik hüququndan məhrumetmə halı baş verə bilər.
İnqilab Süleymanov