“Fələstin-İsrail müharibəsinin yenidən alovlanması, onun geniş coğrafiyaya yayılması təhlükəsi təəssüf ki, reallaşmaqdadır. Bu maharibədən doğan gərginlik, qarşılıqlı nifrət hissi artıq deyə bilərik ki, Yaxın Şərq regionunu da aşmaqdadır”.
Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu ötən gün Mahaçqalada baş verənləri şərh edərkən səsləndirib. O bildirib ki, dünyanın müxtəlif ölkələrində Fələstin xalqına dəstəklə paralel olaraq antisemitizm də yayılmaqdadır:
“Təəssüflər olsun ki, xüsusən də ABŞ və Fransa Yaxın Şərq coğrafiyasının qan gölünə çevrilməsində maraqlı görünürlər və birtərəfli mövqe sərgiləyirlər. Hər iki tərəf itki verir, mülki əhali və infrastruktur məhv edilir, dağıdılır. Rusiya Federasiyası müsəlmanların sıx yaşadığı dövlətdir və təbii ki bu faktor Fələstin-İsrail müharibəsində gec tez özünü biruzə verməli idi. Moskvanın rəsmi mövqeyi ondan ibarətdir ki, 1967 ci il BMT TŞ qərarına əsasən həmin sənədlər daxilində paytaxtı Şərqi Qüds olan Fələstin dövləti qurulmalıdır. Bu ədalətli mövqe həm də Bakının mövqeyidir. Lakin müharibənin uzun sürməsi yeni humanitar böhrana və qaçqınlar ordusuna gətirib çıxarır. İsrailə köç edib orda daimi məskunlaşan yəhudi emiqratların böyük bir hissəsi Rusiyadan köç edənlərdir. Onların da çoxu Fələstinlə sərhəd bölgələrdə yerləşdiriliblər. Həmin emiqrantlar müharibə səbəbindən təhlükəsizlik məqsədi ilə geri Rusiyaya qayıdırlar”.
Əli Oruclunun sözlərinə görə, maraqlısı ondan ibarətdir ki, nədən radikal islamın olduğu Dağıstana eniş edilir:
“Bilirsiniz ki, Rusiyanın Qafqaz bölgəsində islamın radikal qanadı üstün mövqeyə malikdir. İndiki dönəmdə yəhudi köçmənlərin Şimali Qafqaza gəlmələri həm özləri üçün böyük riskdir, həm də gərginliyi artıran faktordur. Bəlkə də hansısa qüvvələr Rusiyanın Qafqaz subyektlərində bilərəkdən ictimai siyasi gərginliyi artırmağa çalışır. Onsuz da bu region həmişə narahat region olub. Məncə ixtişaşların Dağıstandan başlayaraq geniş yayılmaması üçün buna rəvac verən amillərə, qıcıqlandırıcı və təhrikedici addımlara yol verilməməlidir. Nəzərə alaq ki, rəsmi Moskva HƏMAS-İsrail müharibəsindən beynəlxalq nüfuzunu və mövqeyini artırmaq üçün maksimum yararlanmağa çalışır. HƏMAS liderlərinin və İran xarici işlər nazirinin müavinin Moskvaya səfərləri və burada rusiyalı həmkarı Lavrovla görüşüb müzakirələr aparması dediyimiz fikirlərə əyani misaldır. Bunları nəzərə alaraq Dağıstanda yaşanan son olayları diqqətə almamaq mümkün deyil”.
Anar Əliyev