Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransanın mənfur müstəmləkəçiliyinə son qoyulması əlcəzairlilərin böyük tarixi nailiyyətidir

Fransanın mənfur müstəmləkəçiliyinə son qoyulması əlcəzairlilərin böyük tarixi nailiyyətidir



Prezident İlham Əliyevin Əlcəzair Prezidenti Abdelmacid Tebbuna əlcəzairlilərin 1 Noyabr – İnqilab Günü bayramı münasibətilə ünvanladığı təbrik məktubunda yer alan çox önəmli bir məqam diqqətimi cəlb etdi. Dövlətimizin başçısı məktubda Azərbaycan ərazilərinin 30 il davam edən işğalı ilə Əlcəzair torpaqlarının müstəmləkəçilik işğalı arasında tarixi paralel aparıb və azərbaycanlıların əlcəzairlilərin hisslərini, əzablarını yaxşı başa düşdüklərini qeyd edib.

Lakin Əlcəzair xalqı da Azərbaycan xalqı kimi işğalın, müstəmləkəçiliyin nəticələri ilə barışmayıb və öz istiqlaliyyəti uğrunda axıra qədər maübarizə aparıb. Azərbaycan Prezidenti də sözügedən təbrik məktubunda bu məqamı xüsusi olaraq vurğulayıb: “Amansız müstəmləkəçilik siyasətinə qarşı xalqınızın azadlıq mübarizəsinə başladığı bu əlamətdar gün Əlcəzairin qəhrəmanlıqlarla zəngin olan tarixinin ən şərəfli səhifələrindən biridir. Yüz ildən artıq dövr ərzində əsarətə və kütləvi zorakılığa məruz qalan, misli görünməmiş qəddarlıq, insanlıq əleyhinə cinayətlərlə üzləşən Əlcəzair xalqı müstəqilliyini bir milyon yarım şəhidin canı bahasına əldə etmiş və bununla da iradəsinin sarsılmazlığını, yenilməzliyini, mətinliyini və azadlıq əzmini bütün dünyaya nümayiş etdirmişdir”.

Qəhrəman Əlcəzair xalqının yorulmaz mübarizəsi nəticəsində imperialist Fransanın mənfur müstəmləkəçiliyinə son qoyulması həqiqətən də əlcəzairlilərin böyük tarixi nailiyyətidir. Lakin çox təəssüflər olsun ki, Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan, həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədən, etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyan Fransa bu gün də öz mənfur əməllərindən əl çəkmir, Makron Fransası kolonializminin utancverici yeni metodlarının tətbiqini bu gün də davam etdirir.

Prezident İlham Əliyev oktyabrın 20-də Bakıda keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində də Fransanın hazırda yürütdüyü yeni müstəmləkəçilik siyasətini ifşa etmişdi. Dünyanın bütün tərəqqipərvər qüvvələri Azərbaycanın bu haqlı mövqeyinə qoşulmalı və Fransanın antibəşəri siyasətini pisləməlidir. Paris ayrı-ayrı ölkələrin təbii sərvətlərinə göz dikmək, öz geosiyasi maraqları naminə beynəlxalq hüququ tapdalamaq, o cümlədən Cənubi Qafqazda sülh prosesinə süni əngəllər yaratmaq taktikasından əl çəkməlidir. Hər kəs Fransanın gerçək simasını tanımalıdır. Fransanın “sivil dövlət”, “demokratiyanın beşiyi” adı altında neokolonialist siyasət yürütməsi ifşa olunmalıdır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri


Xəbəri paylaş