Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Göyçəyə yol Aşağı Şorcadan keçir

Göyçəyə yol Aşağı Şorcadan keçir


"Dünən ilk dəfə olaraq “ASAN Xidmət”də Qərbi Azərbaycandan olan soydaşlarımıza verilən şəxsiyyət vəsiqələrində onların doğulduğu ərazilərin öz tarixi adları ilə qeyd olunması qürurverici hadisə kimi hər birimizdə fərəh doğurdu.
Şəxsiyyət vəsiqəsi bizim milli kimliyimiz, imzamız, doğulduğumuz torpağın toponimini əks etdirən milli nişanəmizdir.
Bu hadisə bizim öz tarixi milli kimliyimizin bərpa olunmasıdır, Qərbi Azərbaycan toponimlərinin bərpasıdır. Ata-baba torpaqlarımıza, coğrafi adlarımıza, milli-mədəni irsimizə sahib çıxmağımızın təntənəsidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki Vaqif Abdullayev səsləndirib. Onun sözlərinə görə, bu, bizim öz dədə-baba torpaqlarımıza, Göyçəyə, doğulub boya-başa çatdığım Aşağı Şorça kəndinə geri dönüşümüzün ilk ayaq səsləridir:

"Cənab Prezident 20 ildir ki, bizim arzularımızı bir-bir yerinə yetirməkdədir. O, Qarabağı, Xankəndini, Xocalını erməni tapdağından azad etməklə bizim ən müqəddəs amalımızı gerçəkləşdirdi. Hazırda Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi torpaqlarına qayıdışı üçün yorulmadan çalışır. Onun hazırladığı Qayıdış konsepsiyası hər gün bizi öz doğma torpaqlarımıza bir addım yaxınlaşdırır".

Vaqif Abdullayev bildirib ki, Müzəffər Baş Komandan İlham Əliyev 2021-ci ildə Kəlbəcər rayonuna səfəri çərçivəsində Basarkeçər-Kəlbəcər yolunda dayanaraq əli ilə qədim Göyçə mahalını, Basarkeçəri, Aşağı Şorçanı göstərərək “Bu ərazilər bizimdir, bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır:

"1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur” deyərək bizi qürurlandırdı, bir anlıq öz evimizə qaytardı. Bizə Göyçənin, Aşağı Şorcanın saf havasını, suyunu daddırdı, şirin Vətən xatirələrini yaşatdı.

Kəlbəcərlə bizim doğma yurdumuzu 500-600 metr məsafə ayırır. Göyçənin qapısı Aşağı Şorçadan keçir. Biz 3 ildir ki, Kəlbəcərdən Şorçanı seyr edirik, yurdumuzun bir addımlığında havasını duyuruq. Şorça, Göyçə mahalı bizə bir nəfəs qədər yaxındır. Səsimiz aydın eşidilir, Dədə Ələsgərin ruhu bizi səsləyir".

Professor Vaqif Abdullayev daha sonra bunları qeyd edib:

"Cənab Prezident çox müdrik və məqsədyönlü şəxsiyyətdir, qarşıya qoyduğu hər bir məqsədə nail olur. O, ən mötəbər tribunalardan keçmiş Sovet imperiyasının Azərbaycandan qoparıb Ermənistana verdiyi torpaqların inzibati ərazisi və coğrafi sərhəd hüdudlarının Azərbaycan məxsus olması barədə bütün gerçəkləri tutarlı faktlarla beynəlxalq ictimaiyyətə çatdırır.

Bütün dünya ictimaiyyəti anlayır ki, vaxtilə Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar sayəsində və bizim ərazilərimiz hesabına Ermənistan adlı qondarma dövlət qurulub.

O, Azərbaycanın 200 illik tarixi irsini, itirilmiş torpaqlarını geri qaytardığı kimi 100 il əvvəl bizdən zorla qoparılmış yurd yerlərimizi də özümüzə qaytaracaq, Zəngəzur, Göyçə, Basarkeçər də tarixi ədaləti bərpa edəcək. Bu məqsəd uğrunda da yorulmadan çalışır. Ötən il Prezidentimiz, Ali Baş Komandanın öz Ad günündə Qərbi Azərbaycan İcmasının inzibati binasına gələrək bir qrup ziyalı ilə görüşü də Onun bu tarixi missiyanı şəfərlə yerinə yetirməsini göstərir.
Bütün Göyçə camaatı vüsalın, həsrətin sevinclə sona çatacağına inanır. Biz Göyçəyə qayıdacağıq! Göyçə Azərbaycanındır!".

Anar Əliyev
Xəbəri paylaş