30 noyabr tarixində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoriyan arasında sərhədin delimitasiyası üzrə sayca beşinci görüşün keçirilməsi, tərəflərə bir müddətlik fasilədən sonra mühüm bir tendensiyanı davam etdirmək imkanı qazandırır. Bilindiyi kimi rəsmi İrəvan danışıqlar üzrə vasitəçi tərəflər olmadan iştirak etməkdən yan keçir. Bunu ölkənin xarici işlər nazirinin müavini Mnatsakan Safaryanın "elə məsələlər var ki, orada vasitəçi tərəflərin iştirakı mühüm rol oynayır" fikri təsdiq edir.Rəsmi Bakı İrəvan rəhbərliyinin vaxt qazanmaq cəhdlərini yaxşı anlayır və qarşı tərəfi sülhəməcburetmə həmlələrini uğurla icra edir. İndiki halda komissiyaların sərhəddə keçirilən görüşü texniki parametrlərin dəqiqləşdirilməsi istiqamətində müzakirələrin işarəsidir və hər hər hansı bir ciddi irəliləyişin əldə olunması gözlənilmir.
Lakin sərhəd məsələləri ətrafında mübahisəli məsələlərin həlli baxımından önəmli gedişdir. Təbii ki, hər iki ölkənin sülh danışıqlarında baxış bucağı fərqlidir. Ermənistan rəhbərliyi sülh danışıqlarında maraqlar kontekstində onlara daha yaxın Qərbin iştirakını vacib hesab edir və görüşlərində məhz onların çətiri altında həyata keçirilməsi arzusundadır. Paşinyan hakimiyyətinin bu tip siyasi ritorikası Qərbin onlara təyin etmək istədiyi siyasi gündəlikdən kənar çıxmamaq istəyindən irəli gəlir. Qarşı tərəfdən fərqli olaraq Azərbaycan danışıqlar masasında regiondan kənar qüvvələrin iştirakında maraqlı deyil. Buna görə də ölkəmiz alternativ variant kimi Tiblisidə danışıqların keçirilməsini təklif etsədə İrəvan bundan boyun qaçırır. İstənilən halda proseslərin harada davam etməsindən aslı olmayaraq rəsmi Bakının mövqeyi və istəkləri dəyişməz qalır.
1- Qazaxın yeddi kəndi və Naxçıvanın Kərki kəndi ölkəmizə qaytarılmalıdır.
2- Qərbi Azərbaycanlıların öz doğma yurdlarına qayıtması təmin edilməlidir.
3- Zəngəzur dəhlizinin açılması istiqamətində əməli fəaliyyətlər icra olunmalıdır.
Bu sadaladığım məsələlər ölkəmiz aspektindən danışıqların əsas məntiqini təşkil edir və əslində Ermənistan üçündə ən unikal seçim məhz bu ola bilər. Hal hazırda Cənubi Qafqaz regionunda qlobal geosiyasi mənzərə bəllidir və şahmat taxtasında İrəvandır. Yəni Qərbin yalançı vədləri Ermənistanı təhlükəli proseslərin alovuna atır. Ölkə Rusiyadan böyük ölçüdə aslı olsada antirusiya abuhavası artmaqda davam edir. Belə bir sual yaranır.
Əgər Moskva Ermənistanda olan hərbi varlığını işə salıb bu ölkəni istilaya cəhd etsə Qərb müdaxilə edə biləcək? Mənə inandırıcı gəlmir.
Ona görə də, Ermənistan üçün Rusiya təsirindən uzaqlaşmağın ən real çıxış yolu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir.
Pərviz Mirizadə-AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi