Tarix dünənin siyasəti, siyasət isə bu günün tarixidir. 27 il öncəyə ekskurs etdikdə bu reallıq bir daha öz təsdiqini tapır.
Söhbət 2-3 dekabr 1996-cı il tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində Azərbaycanın mühüm diplomatik nailiyyətindən gedir.
Haqlı olaraq Lissabon sammiti diplomatik qələbələrimizin başlanğıcı kimi dəyərləndirilir.
Bəs Lissabonda keçirilmiş zirvə toplantısı nə ilə yadda qaldı?
- Sammitdə çıxış edən Ümummilli Lider Heydər Əliyev Ermənistanın işğalçılıq siyasətini kəskin pisləmiş, bu ölkənin əzəli Azərbaycan torpağı olan Qarabağı öz əlinə keçirmək məqsədi ilə respublikamıza qarşı təcavüz etdiyini, bunun nəticəsində Azərbaycan ərazisinin iyirmi faizinin işğal olunduğunu qətiyyətlə vurğulamışdı;
- Lissabon sammitinin yekun sənədində münaqişənin həllinin əsasını təşkil etməli olan prinsiplər tövsiyə edilmiş, ATƏT-in 54 üzv dövləti arasında bu təklifin əleyhinə səs verən yeganə dövlət Ermənistan olmuşdu. Yəni Ermənistan konsensus prinsipindən sui-istifadə edərək zirvə toplantısının bəyannaməsində öz əksini tapmış müddəalardan birinə
- münaqişənin həlli prinsiplərini özündə ehtiva edən 20-ci maddəyə veto qoymuşdu. Ulu Öndər Heydər Əliyev isə həmin maddənin bəyanatın mətnindən çıxarılmasına qəti etirazını bildirərək sammitin bütün sənədlərinə veto qoyacağını bəyan etmişdi. Uzun və gərgin müzakirələrdən sonra 20-ci maddədə öz əksini tapmış bütün prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi bəyanatında təsbit olunması barədə konsensus əldə edilmişdi. Bəyanatda deyilirdi: “Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin tərkib hissəsi olacaq 3 prinsipi tövsiyə etmişlər. Bu prinsipləri Minsk qrupunun üzvü olan bütün ölkələr müdafiə edirlər”. Burada münaqişənin həlli məsələsi ilə əlaqədar Azərbaycanın milli mənafelərinə uyğun məsələlər və ölkəmizin ərazi bütövlüyünə qətiyyətli dəstək öz əksini tapmışdı. Ulu Öndər sammitdən sonra bəyanatla çıxış edərək vurğulamışdı ki, sədrin bu bəyanatı Ermənistandan savayı, bütün sammit iştirakçılarının - ATƏT üzvlərinin iradəsinin ifadəsi olmuşdur: “... Biz ondan razıyıq ki, Flavio Kottinin bu bəyanatı, Ermənistan istisna olmaqla, ATƏT-in bütün üzvləri adından verilmişdir”.
- Beləliklə, Heydər Əliyev Azərbaycanın siyasi iradəsini, diplomatik gücünü bütün dünyaya, o cümlədən işğalçı Ermənistana göstərmişdi. Hətta o zaman işğalçı ölkənin prezidenti olan Levon Ter-Petrosyan Lissabon sammitinin nəticələrindən bəhs edərkən bu zirvə görüşünü Azərbaycanın diplomatik nailiyyəti və üstünlüyü kimi xarakterizə etmişdi. O, “diplomatik uğursuzluqlarımızın bünövrəsi məhz Lissabon sammitində qoyuldu”,- deyə vurğulamışdı;
- Həmin L.Ter-Petrosyan bu gün Azərbaycanın tarixi Qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etməsi və yeni reallıqlar yaratması fonunda növbəti gerçəkliyi diqqətə çatdıraraq “Bütün dünya Qarabağı Azərbaycanın hissəsi hesab edir. O, yalnız ərazisini bərpa etdi, heç kim Azərbaycanı ittiham etmədi. Bu dünyanın qanunu belədir. Artıq heç nə bizdən asılı deyil, hər şey bitdi”, -deyə bildirir!
Nəticə etibarilə, Lissabondan başlayan, Valday və Münxenlə davam edən diplomatik qələbələr Azərbaycanın tarixi Zəfərinə dayanıqlı beynəlxalq və siyasi-hüquqi zəmin yaratdı. Bu gün isə Soçidə, Praqada və ya Brüsseldə - hansı məkanda olur-olsun, qurulan diplomatik masalarda postmüharibə reallıqları və sülh gündəliyi ilə əlaqədar Azərbaycan söz və nüfuz sahibi olaraq çıxış edir, şərtləri diktə edən rəsmi Bakının iradəsi və mövqeyi həlledici amil kimi nəzərə alınır.
Nurlan Qələndərli-Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri