Atmosferin qismən troposfer, əsasən stratosfer qatlarında yerləşən və canlı aləmi müxtəlif təhlükələrdən qoruyan Ozon qatı antropogen və texnogen təsirlər nəticəsində deformasiyaya uğrayır, günü-gündən nazilir və dünya üçün həyəcan təbili çalır. Ozon qatının yaşamın davam etməsində müstəsna rolu var. O, günəşdən gələn, sağlamlıq üçün zərərli ultrabənövşəyi şüaların qarşısını almaqla onun yer səthinə keçməsinə mane olur. Üç oksigen atomunun birləşməsi ilə yaranan ozon xüsusi iyə malikdir və müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Bu maddə müxtəlif kimyəvi elementlərə qarşı həssasdır və onlara ilə reaksiyaya girən zaman parçalanır. Ozonu ən çox dağıdan freon qazlarıdır. Freonlar kimya sahəsində və məişətdə – soyuducularda, kondisionerlərdə, aerozol qablaşdırmalarda geniş tətbiq edilir. Onlar özlüyündə toksiki deyillər, lakin çox davamlıdırlar və tez-gec havanın turbulent hərəkəti nəticəsində stratosferə düşürlər. Orada, ozonun miqdarının maksimum olduğu 20–25 km hündürlükdə freonlar günəşin ultrabənövşəyi şüalanmasının təsirindən parçalanaraq sərbəst xlor əmələ gətirir. Sonuncu isə ozonun təbii dağılması prosesini sürətləndirir. Belə hallarda çox vaxt deyirlər: Bir xlor molekulu 10 min ozon molekulunu məhv etməyə bəs edir. Onların ozon təbəqəsini parçalama aktivliyi molekullarda xlor atomunun olması ilə təyin edilir və CO2-yə nisbətən ozon parçalama potensialı (ODP – Ozon Depletion Potential) və ’’parnik effekti’’ potensialı (GWP – Global Warming Potensial) ilə qiymətləndirilir.
Ozon qatının dağılması ekvator zonasında planktonların məhvi nəticəsində okeanın biogenezinin dağılmasına, flora və faunanın məhvinə, insanlarda göz və xərçəng xəstəliklərinin artmasına, eləcə də insan və heyvanların immun sisteminin zəifləməsi nəticəsində müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Təxminən 1970-ci ildən başlayaraq stratosfer ozonunun miqdarının qlobal azalması müşahidə olunur. Ozonun ümumi miqdarının azalması buzlaqların əriməsinə səbəb olur, digər tərəfdən, son yüz ildə Yer kürəsində orta illik temperaturun 0,6 dərəcəyə qədər artması qlobal istiləşmə problemi yaradır. Yer kürəsinə düşən UB şüalanmanın artması nəticəsində buzlaqların ərimə sürəti artır. Nəticədə son yüz ildə okean sularının səviyyəsi 10–15 sm artıb. Proqnozlar göstərir ki, əgər Yer kürəsində olan buzlaqlar tam ərisə, o zaman okean sularının səviyyəsi 60 metr qalxar, bunun isə nə demək olduğunu təsəvvür etmək o qədər də çətin deyil. Buzlaqlardan ayrılan aysberqlər okeanda üzən gəmilər üçün təhlükə mənbəyinə çevrilirlər. BMT-nin rəsmi məlumatlarına görə, ozon qatının cəmi 1% azalması dünyada 100 min yeni katarakta hadisəsinin və 10 min dəri xərçənginin yaranması ilə nəticələnir. Bundan başqa, ozon qatının dağılması parnik effektinin güclənməsinə, bioresursların, xüsusilə su ekosistemlərinin depressiyasına, torpağın deformasiyasına, ətraf mühitin ümumi çirklənməsinə səbəb olur.
1994-cü ildə BMT-nin Baş Assambleyası 16 sentyabr tarixini "Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü" elan edib. Bu gün ozon təbəqəsini dağıdan maddələrə dair imzalanan Monreal protokoluna uyğun fəaliyyətlərin təbliğatına həsr etmək təklif edilib. "Ozon təbəqəsinin qorunması haqqında" Vyana Konvensiyasında əks olunan və sonradan dağıdıcı xüsusiyyət daşıyan maddələrə dair Monreal protokolunda həyata keçirilən ozon təbəqəsinin qorunması beynəlxalq təşəbbüsdür. Protokolda iştirakçılar tərəfindən öhdəliyə götürülmüş müəyyən hədlər, ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə dayandırılması müəyyən olunmuşdur. Bu gün Vyana Konvensiyasına 173 dövlət qoşulub.
Anar Salehoğlu,
ADPU-nun tarix və coğrafiya fakültəsinin tələbəsi