Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan regional aktordan qlobal aktora çevrilir

Azərbaycan regional aktordan qlobal aktora çevrilir



Son illərdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində aktivliyi nəzərəçarpacaq dərəcədə artmaqdadır. Xüsusilə, 44 günlük Vətən Müharibəsində əldə edilən tarixi zəfər, eləcə də ondan sonrakı dövrdə Bakının əldə etdiyi diplomatik uğurlar Azərbaycanı regional gücdən qlobal aktora çevirib. Azərbaycanın Misirdə təşkil olunan Sülh Sammitinə dəvət olunmasına da məhz bu aspektdən yanaşmaq lazımdır".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Azərbaycanın 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik etməsi ölkənin beynəlxalq nüfuzunu ciddi şəkildə artırdı:

"Pandemiya dövründə təşkilat daxilində irəli sürdüyü vaksin bərabərliyi təşəbbüsləri, inkişaf etməkdə olan ölkələrə dəstək çağırışları Azərbaycanın qlobal humanitar diplomatiya sahəsində aktiv aktora çevrildiyini nümayiş etdirdi. Bu təcrübə Azərbaycanın sülh və inkişaf məsələlərində prinsipial və konstruktiv mövqe sərgiləməsinə şərait yaratdı ki, bu da Misir kimi nüfuzlu dövlətlərin onu sammitlərə dəvət etməsində mühüm rol oynadı".

Arzuman Muradlı diqqətə çatdırıb ki, Azərbaycan 2020-ci ildən sonra Cənubi Qafqazda sülhə əsaslanan yeni təhlükəsizlik arxitekturası formalaşdırmaq istiqamətində ciddi təşəbbüslərlə çıxış edir:

"Ermənistanla münasibətlərin normallaşdırılması, sülh müqaviləsi istiqamətində aparılan danışıqlar və kommunikasiya xətlərinin açılması kimi təşəbbüslər beynəlxalq aləmdə müsbət qarşılanır. Bu yanaşma Azərbaycanın yalnız hərbi güc deyil, həm də siyasi dialoq və regional əməkdaşlıq tərəfdarı olduğunu nümayiş etdirir. Bütün sadaladığımız amillər Azərbaycanın Misirdə təşkil edilən Sülh Sammitinə dəvətini şərtləndirən başlıca faktorlardır. Azərbaycanın Misirdə keçirilən Sülh Sammitinə dəvət olunması onun beynəlxalq münasibətlərdə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir".

Süleyman
Xəbəri paylaş