Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tanınmış Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin məşhur “Qılınc və qələm” tarixi romanı özbək dilində nəşr olunub.
Newscenter.az-a daxil olan məlumata görə, Azərbaycan Mədəniyyət Mərkəzinin tərəfindən özbək dilində nəşrə hazırlanan “Qılınc və qələm” romanının mövzusu böyük Azərbaycan şairi dahi Nizami Gəncəvinin həyatı, yaradıcılığı, yaşadığı dövrü əhatə edir və sözügedən tarixi roman bu baxımdan Azərbaycanda olduğu kimi Özbəkistanda da böyük maraqla qarşılanmaqdadır. “Qılınc və qələm” tarixi romanının Özbək dilinə tərcüməçi alimlər Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilov, redaktoru və nəşrə hazırlayan Özbək alim Abdulla Ulugovdur.
Daşkənd şəhərində fəaliyyət göstərən “Niso nashriyot va matbaa uyi” poliqrafiya mərkəzində çap olunan sözügedən roman orijinaldan fərqli olaraq müasir kitabçılıq ənənələrinə uyğun olaraq bir cilddə iki hissə olmaqla nəfis şəkildə nəşr edilib.
Kitabın ön sözündə qeyd olunur ki, Məmməd Səid Ordubadinin bu əsəri XX əsr Türk xalqlarının ədəbiyyatına özünəməxsus töhfə verib. “Qılınc və qələm” romanında bütün dövrlərdə mürəkkəb insan münasibətlərində daim möhkəm yer tutan sevgi, qısqanclıq, karyera və şöhrət hərisliyi, duyğuları parlaq rənglərə boyanmışdır.
Romanda Nizami Gəncəvi surəti mərkəzi yer tutur. Müəllif Nizaminin həyat və fəaliyyətini müxtəlif dövrlə, xalq həyatı və məişəti ilə sıx əlaqədə təsvir edib, xalq həyatının geniş lövhələrini yarada bilib.
Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2023-cü il 21 dekabr tarixində Azərbaycan, Türkiyə və Özbəkistan alimlərinin iştirakı ilə “Nizami Gəncəvi yaradıcılığında Türkçülük məfkurəsi” adlı beynəlxalq elmi konfrans keçirilib. Nizamişünaslıqla bağlı bir çox mövzuların müzakirə olunduğu sözügedən konfransın yekun nəticəsi olaraq Nizami Gəncəvi irsinin dünyada tanıdılması, tədqiqi və təbliğini daha da səmərəli, effektiv formada həyata keçirmək məqsədi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi yanında Türk dünyası Nizamişünas alimlərindən ibarət “Beynəlxalq Nizami Gəncəvi Elmi Tədqiqatlar Cəmiyyəti” təsis edilmiş və onun gələcək fəaliyyət strategiyası müzakirə edilərək qəbul olunmuşdur.
Beynəlxalq Nizami Gəncəvi Elmi Tədqiqatlar Cəmiyyəti tərəfindən dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvi irsinin tədqiqi və təbliği istiqamətində bir sıra təkliflər irəli sürülüb və bu təkliflərin bir hissəsi Nizami Gəncəvi şəxsiyyətinin, şairin real obrazının canlandırılan Məmməd Səid Ordubadinin "Qılınc və qələm", Oqtay Salamzadənin "Əsrlərin sirri" romanlarının, dünya şöhrətli şərqşünas alim Y.Bertelsin “Nizami”, M.Ə.Rəsulzadənin "Böyük Azərbaycan şairi Nizami" adlı monoqrafiyalarının digər dillərə tərcüməsi, nəşri və yayılması layihələridir.
Azərbaycan Mədəniyyət Mərkəzindən mətbuata bildirilib ki, məhz, Nizami Gəncəvi şəxsiyyəti, onun yaradıcılığının, habelə Azərbaycan yazıçılarının əsərlərinin tədqiqi və təbliği məqsədi ilə Məmməd Səid Ordubadinin dahi şair haqqında qələmə aldığı "Qılınc və qələm" əsəri Özbək dilinə tərcümə və nəşr layihəsi reallaşdırılıb.
Özbək dilində nəşr olunmuş “Qılınc və qələm” romanının yaxın günlərdə Özbəkistanın aparıcı kitabxanalarında, təhsil və elm ocaqlarında təqdimatlarının keçirilməsi də nəzərdə tutulur.
Süleyman İsmayılbəyli