Avropa İttifaqı ölkələrinin Ukraynaya ordu göndərəcəyi ilə bağlı səslənən iddiaları ciddi hesab etmirəm. Çünki keçən iki il göstərdi ki, nə NATO ölkələri, nə də Avropa İttifaqının digər ölkələri Rusiya ilə birbaşa qarşıdurmada maraqlı deyillər. İndi Ukraynaya ordu göndərmək isə faktiki olaraq müharibədə birbaşa iştirak demək olar ki, bunun da nəticəsi olduqca ağır ola bilər. Bunu Avropa ölkələri də kifayət qədər yaxşı başa düşür.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, elə Makron da Parisdə Ukrayna məsələsinin müzakirəsi üçün 20-yə yaxın ölkə liderinin toplantısından sonra mətbuata açıqlamasında Ukraynaya ordu göndərməklə bağlı konsensusun olmadığını bildirib:
"Məlumdur ki, Çexiya, Slovakiya, Macarıstan kimi ölkələr Avropa İttifaqının belə bir qərar qəbul etməsinin əleyhinədilər. Əslində elə Fransa, Almaniya kimi ölkələr də bunu istəmir. Amma bunu başqalarının üzrəinə atmaqla bir növ özlərini sığortalayırlar.
Ukraynanın Böyük Britaniya, Fransa və Almaniya ilə imzaladığı təhlükəsizlik zəmanəti ilə bağlı sazişlərə baxmayaraq bu sazişlərin də heç biri özündə Ukraynaya ordu göndərməyi ehtiva etmir. Ukraynanın uzun müddətdir ehtiyacı olduğu və tələb etdiyi hücum silahlarını, uzaqmənzilli silahları və təyyarələri belə Kiyevə göndərməkdə xəsislik edən ölkələrin oraya ordu göndərəcəyi ağlabatan deyil".
Yusif Bağırzadə deyib ki, indiki mərhələdə Rusiyanın da hər hansı Avropa İttifaqı və NATO üzvü olan ölkələrə hücum etməsi mümkün deyil:
"Baltikyanı ölkələrin 2004-cü ildən etibarən NATO üzvü olduğunu nəzərə alsaq onlara qarşı hərbi əməliyyatların keçirilməsi bütün NATO ölkələrini Rusiyaqarşı qaldıra bilər.
Odur ki, indi hər kəs müharibənin uzanmasını deyil, hansısa yolla atəşkəsin əldə edilməsini istəyir. Elə yaxın vaxtlarda İsveçrədə keçiriləcək Slüh forumu da məhz ortaq yolu tapmağa hesablanıb".
Süleyman