Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qlobal geosiyasətin taleyi ABŞ-la Çin arasındakı münasibətlərdən asılıdır

Qlobal geosiyasətin taleyi ABŞ-la Çin arasındakı münasibətlərdən asılıdır


"ABŞ-ın Çini özü üçün çox ciddi strateji rəqib kimi gördüyü məlumdur. Bu da təsadüfi deyil. Bütün beynəlxaq araşdırma agentliklərinin hesabatlarında Çinin 2032-ci ilə kimi Ümumi Daxili Məhsulun həcminə görə ABŞ-ı da geridə qoyacağı bildirilir. Çin Kommunist Partiyasının sədri Si Tzinpin təqdim etdiyi ölkənin 2049-cu ilə qədər inkişaf modelində 10 prioritet sahə üzrə - bura informasiya texnologiyaları, robot texnikası, aviasiya və kosmos, dəniz ticarəti, farmokologiya və tibbi avadanlıqlar, avtomobillər, dəmir yolu nəqliyyatı, elektroenergetika və s. sahələr aiddir dünya liderliyini ələ keçirməyi hədəfləyir.

Təsadüfi deyil ki, Pentaqonun 2018-ci ildə hazırladığı Milli Müdafiə Strategiyası adlı sənəddə Çinin və Rusiyanın əsas hərbi və siyasi rəqiblər olduğu göstərilir. Sənəddə Pekinin artıq süni intellekt və hipersəsli raketlərin hazırlanmasında ABŞ-ı geridə qoyduğu da həyəcanla vurğulanır".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, bütün bunların fonunda ABŞ-ın öz siyasətində bu istiqamtədə müəyyən addımlar atacağı əslində göslənilən idi:

"Odur ki, Pentaqonun qarşıdan gələn prezident seçkilərini gözləmədən ABŞ-ın Asiya-Sakit okean təhlükəsizlik strategiyasını tamamilə dəyişdirən bəzi qərarlar qəbul etdiyi elə də təəccüblü görünməməlidir.
Əvvəllər ABŞ Hərbi Dəniz Qüvvələrinin Kəşfiyyat İdarəsinin və ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru vəzifəsində çalışmış Skott V. Breyin yeni təyinatı ABŞ-ın hədəflərinin göstəricisi hesab oluna bilər. Skott V.Brey ABŞ-da Çin üzrə kəşfiyyatın ən nüfuzlu ekspertlərindən biri hesab olunur. Əvvəllər onun ABŞ-ın Pekindəki səfirliyində Hərbi Attaşe vəzifəsində çalışdığı da məlumdur. İndi bu şəxsin birdən-birə NATO Birgə Kəşfiyyat və Təhlükəsizlik Bölməsinin direktoru təyin edilməsi həm də o deməkdir ki, ABŞ NATO-nun Ukraynaya əsaslanan kəşfiyyat mərkəzini dəyişəcək. NATO üçün yeni kəşfiyyat hədəfi Çin olacaq.

Deyilənlərə 2021-ci ildə ABŞ, İngiltərə və Avstraliyanın ortaqlığı ilə Çinə qarşı yaradılan ittifaq müqaviləsi olan AUKUS-a yeni bir maddə əlavə ediməsini də əlavə etsək mənzərə tam aydın olar. Məlumdur ki, həmin müqaviləyə 2023-cü ilin dekabrında yeni maddə əlavə olunub və üç ölkənin hərbi texnologiya sahəsindəki şirkətlərinə müqaviləyə investisiya qoymağa icazə verilib. Bu yolla ittifaq Çinə qarşı böyük texnoloji üstünlük əldə etməyi hədəfləyir. Bu məqsədlə ABŞ-ın Kaliforniya ştatında özəl şirkətlərin öz layihələri ilə gələ biləcəyi Müdafiə İnnovasiyaları Bölməsi yaradılıb. Yeni qərarla AUKUS Müdafiə Sahibkarları Şəbəkəsi də yaradılıb və artıq üç ölkədən 300-dən çox şirkət bu şəbəkəyə ümumilikdə 265 milyard dollarlıq texnologiya sərmayəsi qoyub".

Yusif Bağırzadə hesab edir ki, indiki mərhələdə qlobal geosiyasətin taleyi böyük ölçüdə dünyanın iki supergücü olan ABŞ-la Çin arasındakı münasibətlərdən asılıdır:

"Bu məsələ iki aspektdə daha çox önəm kəsb etməyə başlayıb. Onlardan birincisi beynəlxalq münasibətlər sisteminin yeniləşməsində Vaşinqton-Pekin qarşıdurmasının dinamikası ilə bağlıdır. İkincisi isə Koreya yarımadası və Cənubi Çin dənizində getdikcə artan hərbi gərginliyin doğura biləcəyi mümkün nəticələrlə əlaqəlidir. Özlüyündə bu iki cəhət bir-biri ilə sıx bağlıdır. Odur ki, yaxın gələcəkdə Amerika ilə Çin arasında yarış və rəqabəti xatırladan münasibətlərin daha həssas səviyyəyə yüksələcəyi şübhə doğurmur.

Bu mübarizədən kimin qalib kimi ayrılacağını proqnozlaşdırmaq isə qeyri-mümkündür".

Süleyman
Xəbəri paylaş