Son illər ərzində ölkəmizdə bir sıra infrastruktur layihələri icra edilmişdir. Bu infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməklə yanaşı, insanların yaşayış səviyyəsini daha da artırmaq, xüsusilə bölgələrdə yaşayan şəxslərin məşğulluğu üçün şərait yaratmaqdır.
Bu gün ölkəmizdə həyata keçirilmiş elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su, suvarma ilə bağlı layihələr artıq öz səmərəsini verir. Görülən işlər sayəsində həm Şimal, həm Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi xeyli artırılmışdır. Taxtakörpü, Şəmkirçay su anbarlarının tikintisi bu sahədə çox böyük infrastruktur layihələri idi.
Bu infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var. Yuxarı Şirvan suvarma kanalı uzun illərdir ki, fəaliyyət göstərir və onun yenilənməyə ehtiyacı var.
Prezident İlham Əliyev bir neçə gün öncə aprelin 16-da yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxışında bildirdi ki, 1958-ci ildə inşa edilən Yuxarı Şirvan kanalı faktiki olaraq yenidən inşa ediləcək və minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələri də iki dəfədən çox artırılacaq. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək. Bunun sayəsində 10 ildən çoxdur ki, tamamilə qurumuş Hacıqabul gölü də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaq. Gələn il isə Qarabağ kanalının inşası başlayacaq və 115 min hektarı əhatə edəcəkdir.
Prezident İlham Əliyev çıxışında ölkəmizdə davamlı inkişafın göstəriciləri olan qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi, yeni elektrik stansiyalarının yaradılması, müasir yolların çəkilməsi, dünyadakı iqlim dəyişikliyi ilə bağlı da fikirlərini bölüşdü.
Ölkə başçısı bildirdi ki, vaxtilə Ermənistan təkcə bizim torpaqlarımızı yox, bizim su resurslarımızı da işğal etmişdi. Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz öz su mənbələrimizə tam sahib olmuşuq. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona artıq su veriləcək.
Bir müddət əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı oldu. Bundan başqa, Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur. Yeni əkin sahələrinin həcmi 100 min hektara yaxın olacaq. Azərbaycanda suvarılan əkin sahələrinin həcminin o qədər də böyük olmadığını nəzərə alsaq, bu layihələrin xüsusi əhəmiyyəti var.
Cənab Prezident çıxışında vurğuladı ki, Azərbaycan dövləti güclü, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir. Biz Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görürük ki, bunun dünyada misli-bərabəri yoxdur. Bundan başqa, hökumətin önəmli təşəbbüsü olan Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi həyata keçiriləndən sonra biz Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə edəcəyik.
Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı da geniş vüsət alıb. Orada kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Bu da ümumilikdə yaxın gələcəkdə ölkəmizin inkişafına öz töhfəsini verəcəkdir.
Jalə Əhmədova, Milli Məclisin deputatı