Aprelin 18-də Milli Məclisdə "Yeni Kaledoniya: tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusuna həsr edilmiş elmi konfrans keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirin moderatoru Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc konfrans iştirakçılarını salamlayaraq, burada aparılacaq müzakirələrin əhəmiyyətindən söz açıb. Son illər ölkəmizin müasir müstəmləkəçilik əleyhinə hərəkatın önündə getdiyini təqdirlə vurğulayan komitə sədri bu gün Azərbaycan Respublikasının Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında əməkdaşlıq haqqında Memorandumun imzalanmasının parlamentlərimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün hüquqi bazanın formalaşdırılması baxımından əhəmiyyətini qeyd edib.
Zahid Oruc 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsindən sonra Fransanın ölkəmizə qarşı aşkar ədalətsiz mövqe tutmasının onun müxtəlif diplomatik-siyasi pərdələrlə örtülən çirkin imperialist siyasətini ifşa etdiyini bildirib. Ölkəmiz əleyhinə kampaniya aparan rəsmi Parisin Cənubi Qafqazda hər bir vəchlə mənzillənmək cəhdləri, Ermənistandan alət kimi faydalanmaq planı onun müstəmləkə siyasətinin mahiyyətindən irəli gəlir. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev neo-imperial siyasətlərə qarşı əzmlə və qətiyyətlə dayanıb. Bu məqsədlə yaradılan Bakı Təşəbbüs Qrupu dövlətimizin siyasi iradəsinin nümayişidir.
Tədbirin moderatoru çıxışında özlərini insan hüquqlarının məbədi sayan bəzi Qərb dairələrinin, xüsusən Fransanın müasir dövrdə də müstəmləkəçiliyi davam etdirməsindən danışıb. Yeni Kaledoniyanın müstəqillik mübarizəsinin canlanmasında Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq Qələbənin təsirini qeyd edən Zahid Oruc diqqətə çatdırıb ki, Fransa nə qədər belə təşəbbüslərin qarşısını almağa çalışsa da, Azərbaycanın anti-kolonializm siyasətinin parlaq nəticələr verəcəyinə şübhə ola bilməz.
Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naisselin hazırda Yeni Kaledoniya adasını öz müstəmləkəsi kimi idarə edən Fransanın yerli kanak xalqına qarşı yürütdüyü imperialist siyasətindən, hüquqlarının pozulmasından söz açıb, onların azadlıq mübarizəsindən və bu mübarizədə üzləşdiyi çətinliklərdən bəhs edib. O, bildirib ki, Fransa Yeni Kaledoniya xalqının öz müqəddəratını özünün təyin etməsi və müstəqil olması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmir, konstitusiyaya, seçki qanunvericiliyinə müdaxilə edərək yerli xalqın hüquqlarını məhdudlaşdırmağa çalışır.
Omayra Naisselin Yeni Kaledoniyanın apardığı azadlıq mübarizəsinə verdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib, tədbirin keçirilməsinə görə Milli Məclisə təşəkkür edib. O, deyib ki, parlamentlərimiz arasında bağlanan əməkdaşlıq memorandumu Yeni Kaledoniyaya bir çox sahələrdə yeni qapılar açacaq.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın Qarabağ zəfərinin müasir dünyaya xalqların rifahının və hüquqlarının təmin edilməsinin daha bir nümunəsini göstərdiyini bildirib. O, vurğulayıb ki, Fransanın Azərbaycana qarşı ədalətsiz mövqeyi, öz imperialist siyasəti ilə Yeni Kaledoniya kimi dövlətləri əsarətdə saxlaması demokratiya prinsiplərinə və insan hüquqlarının aliliyinə ziddir.
Komitə sədri belə bir inam ifadə edib ki, vaxt gələcək, Yeni Kaledoniya xalqı da müstəqillik mübarizəsindən qalib çıxacaq və müstəmləkəçiliyə son qoyacaq.
Tədbirdə çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Azərbaycan Respublikasının beynəlxalq arenada dekolonizasiya prosesini təşviq etməsindən, müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqlı mübarizəsini dəstəkləməsindən danışıb, rəhbərlik etdiyi qurumun fəaliyyəti, kolonializmlə mübarizə istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Konfransda Milli Məclisin deputatları Musa Qasımlı, Tural Gəncəliyev, Anar İsgəndərov, Cavanşir Feyziyev, Hikmət Məmmədov, Elşən Musayev, Şahin İsmayılov, Elman Nəsirov, Yeni Kaledoniya parlament nümayəndə heyətinin üzvləri – senatorlar Ludovik Bula və Moris Vimian, Mare şəhərinin bələdiyyə müşaviri Janin Guaenere, Senat Katibliyinin əməkdaşı Jan İv Poedi, AMEA-nın Tarix və Etnologiya İnstitutunun baş direktoru Kərim Şükürov, həmçinin Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini Eynulla Mədətli, BDU-nun dekanı Rahim Məmmədov çıxış ediblər. Çıxışçılar Fransanın yeni müstəmləkəçilik siyasəti, xalqları əsarətdə saxlaması, onların təbii sərvətlərini talan etməsi və digər məsələlər barədə fikirlərini bildiriblər.
Yeni Kaledoniya parlament nümayəndə heyətinin üzvləri Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi onların ədalət və azadlıq uğrunda apardıqları haqlı mübarizədə göstərdiyi ardıcıl dəstəyə və konfransın ölkəmizdə təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər.
Konfransda Milli Məclisin deputatları – Asim Mollazadə, Pərvin Kərimzadə, Könül Nurullayeva, Sevil Mikayılova, Aqiyə Naxçıvanlı, Əziz Ələkbərov, parlament Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov, Yeni Kaledoniya parlamentinin nümayəndə heyəti, akademik dairələrin, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin təmsilçiləri və digər şəxslər iştirak ediblər.
Süleyman