Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Azərbaycan münasibətlərində yeni səhifə

Rusiya-Azərbaycan münasibətlərində yeni səhifə


Rusiya sülhməramlı kontingentinin ərazilərimizi tərk etməsi ilə bağlı qəbul olunmuş qərarın Rusiya-Azərbaycan münasibətlərində yeni səhifə açdığı şübhəsizdir. Belə ki, indiki vəziyyət Rusiya ilə Azərbaycan arasında Rusiyanın hərbi iştirakçılığı olmadan yeni münasibətlərin qurulması üçün real imkanlar açır.

Bu baxımdan Prezident İlham Əliyevin Rusiyaya son səfəri xüsusi əhəmiyyət daşıyır. Şübhəsiz ki, Azərbaycan və Rusiyanın vaxtilə vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterinin formalaşmasına böyük təsir göstərib. Müstəqillik dövründə ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar isə ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır.

Azərbaycan və Rusiya arasında imzalanmış sənədlər içərisində xüsusilə iki sənəd ikitərəfli mnasibətlərin tamamilə yeni mərhələyə keçidini təmin edib. Bunlardan biri 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”dir. Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış bu sənəd Azərbaycan-Rusiya münasibətlərində hərtərəfli əməkdaşlıq perspektivlərini ehtiva edən bir sənəd idi.

İkinci xüsusi əhəmiyyətli sənəd isə 2022-ci il fevralın 22-də Moskvada cənab İlham Əliyev və Vladimir Putin tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamədir. Bu sənəd iki ölkə arasında dövlətlərarası münasibətləri keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırıb.
Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib.

Xüsusilə 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub.

Prezidentin Rusiyaya son səfərində də nəqliyyat komponenti danışıqların əsas mövzusu oldu. Prezidentin də qeyd etdyi kimi ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir. Məlumdur ki, ölkəmiz Şimal-cənub nəqliyyat dəhlizinin işə düşməsində əsas açar dövlətlərdən biridir. Hal-hazırda Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur. Lakin yükgöndərənlərin tələbatları bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktə edir.

Prezidentin Rusiya səfərində müzakirə olunan vacib məsələlrdən biri də regional təhlükəsizlik məsələləri oldu. Bu mövzu hər zaman actual olub. Ölkə başçısının da dediyi kimi Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkələrdən biridir. Regiona kifayət qədər təsir imkanları olan bir ölkə olaraq Rusiya ilə regional təhlükəsizlik məsələsinin müzakirə olunması olduqca vacib idi.

Regional təhlükəsizliyin təmin olunması baxımından ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına ehtiyac var.

Səfəri əhəmiyyətli edən digər bir məqam da Baykal-Amur magistralının tikintisinin 50 illiyi ilə bağlı toplantının keçirilməsi oldsu. BAM-ın tikintisində Ulu öndər Heydər Əliyevin iştirakının xüsusi vurğulanması olduqca əlamətdar hadisə idi və bu faktın özü də iki dövlət arasında münasibətlərin hazırda inkişaf dövrünü yaşadığının göstəricisi hesab edilə bilər.

Yusif Bağırzadə, politoloq

Newscenter.az üçün
Xəbəri paylaş